Mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlim

 

 

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramının müvafiq bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində təlim təşkil edildi.

Təlim Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun birgə təşkilatçılığı ilə noyabrın 16-da gerçəkləşdi.

Təlimdə Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri iştirak edirdilər.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev qeyd etdi ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi-əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur. Dünyada narkotiklərə qarşı mübarizə iki istiqamətdə aparılır. Birinci istiqamət hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasıdır. İkinci istiqamət isə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı maarifləndirmə yolu ilə mübarizənin aparılmasıdır.

Sektor müdiri bildirdi ki, Dövlət Komissiyasının 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aidiyyəti təşkilatlarla operativ əlaqəsi təmin edilib.

R.Allahverdiyev narkotik vasitələrin zərərləri və ondan qorunmağın yolları ilə bağlı zəruri məlumatları diqqətə çatdırdı, iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparıldı.

Sonda təlim iştirakçılarına Dövlət Komissiyasının sertifikatları təqdim olundu.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.3.