İstiqlal Muzeyində “Anda sədaqət” sərgisi

 

Azərbaycan İstiqlal Muzeyində “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” layihəsi çərçivəsində sərgi-tədbirlər davam edir. Noyabrın 17-də muzeydə “Anda sədaqət” adlı sərgi keçirilib.

Sərgidə şəxsi əşyaları nümayiş olunan şəhidlərin ailə üzvləri çıxış edərək Vətən, torpaq uğrunda qanı-canı ilə tarix yazan cəsur oğullardan bəhs ediblər. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılan Zəfər dövlətçilik tariximizin ən parlaq səhifəsidir. Otuz ilə yaxın düşmən işğalında olan torpaqların azad olunmasında canından keçən qəhrəmanlar heç vaxt unudulmayacaq.

Həmçinin qeyd olunub ki, xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 NoyabrMilli Dirçəliş Günü ölkəmizin ərazi bütövlüyü təmin olunandan sonra xüsusi anlam kəsb edir. Vətən müharibəsində qazanılan şanlı Zəfərdən sonra bütün işğaldan azad olunmuş ərazilər dirçəlir, tarixi torpaqlara həyat qayıdır.

Sonda tədbir iştirakçıları Vətən müharibəsi şəhidləri – mayor Elşad Həsənov, baş leytenant Hikmət Səfərov, əsgərlər Nicat Əhmədov, Nicat Tarıverdiyev, Sərxan Əliyevə məxsus 80-ə yaxın şəxsi əşyanın nümayiş olunduğu sərgi ilə tanış olublar.

Sərgi noyabrın 24-ə qədər davam edəcək.

 

Mədəniyyət.- 2022.- 18 noyabr.- S.2.