Bakıda “Gürcü əfsanəsi”

 

Azərbaycan ilə Gürcüstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə noyabrın 19-da Heydər Əliyev Sarayında konsert keçirildi. Gürcüstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə sarayın səhnəsində bu ölkənin məşhur “Erisioni” Dövlət Akademik Mahnı və Rəqs Ansamblı “Gürcü əfsanəsi” adlı proqramla çıxış etdi.

Konsertdən əvvəl Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze çıxış edərək ölkələrimiz arasındakı diplomatik və mədəni münasibətlərdən söz açdı, iki dövlət arasında uzunəsrlik tarixi əlaqələrin olduğunu dedi. Qarşılıqlı dəstək üzərində qurulan bu əlaqələrin region üçün həlledici amilə çevrildiyini vurğulayan diplomat qeyd etdi ki, strateji tərəfdaşlıq münasibətləri tədricən inkişaf edərək bölgəmizin simasını dəyişib, nəhəng enerji, infrastruktur və digər layihələr reallaşdırılıb. Gürcüstan və Azərbaycan rəhbərlərinin səyləri nəticəsində ölkələrimiz arasında mehriban dostqonşuluq münasibətləri daha da inkişaf edib.

Ölkələrimiz arasında strateji tərəfdaşlığın bundan sonra da uğurla davam edəcəyindən əminliyini bildirən səfir rəqs kollektivi haqqında məlumat verdi. Dedi ki, “Erisioni” ansamblı təkcə Gürcüstanda deyil, onun hüdudlarından kənarda da geniş şöhrət qazanıb.

SonraErisioni” ansamblının rəngarəng çıxışları təqdim olundu . Kollektivin yüksək peşəkarlıqla ifa etdiyi şuxoynaq rəqslər, teatrlaşdırılmış musiqili kompozisiyalar tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

Əsası 1885-ci ildə görkəmli gürcü ədibi, maarifçisi və mütəfəkkiri İlya Çavçavadzenin təşəbbüsü ilə qoyulmuşErisioni” ansamblını “folklor muzeyi” də adlandırırlar. Ansambl mövcud olduğu müddətdə dünyanın bir çox ölkəsində gürcü folklorunu uğurla nümayiş etdirib. Ansamblın heyətində müxtəlif nəsillərdən yüzə yaxın artist çalışır.

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 23 noyabr.- S.3.