Dövlət Xidmətinin rəisi bir sıra abidə və tarixi tikililərə baxış keçirib

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Bakının Qaradağ rayonunda bir sıra abidə və tarixi tikililərə baxış keçirib.

Dövlət Xidmətinin rəisi öncə rayonun Ələt qəsəbəsində sənaye qülləsinin yerləşdiyi ərazidə olub.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Ələt azad iqtisadi zonası üzrə layihələndirmə işlərini aparan şirkətin əməkdaşları ilə birgə keçirilən baxış zamanı ətrafında tikinti nəzərdə tutulan, abidə kimi reyestrə daxil olmayan sənaye qülləsinin mühafizəsi istiqamətində fikir mübadiləsi aparılıb.

Mühəndis tikililəri tipinə daxil olan belə qüllələr inşa texnikasına, dayanıqlı konstruksiyasına və maraqlı kompozisiyasına görə diqqəti cəlb edir. Bu kimi tikililər ölkəmizin sənaye tarixinin mühüm elementlərindəndir.

Daha sonra Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən karvansaraovdanlara baxış keçirilib.

Xidmət rəisi həmin abidələrin mühafizəsinin gücləndirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verib.

 

Mədəniyyət.- 2022.- 25 noyabr.- S.4.