Əsərləri ilə musiqimizi dünyaya tanıdan bəstəkar

 

 

Xəbər verdiyimiz kimi, noyabrın 22-də dünya şöhrətli bəstəkar, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirovun (1922–1984) anadan olmasının 100-cü ildönümü tamam oldu. Bu münasibətlə bölgələrdəki mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsi (RMİ) F.Əmirov adına 5 nömrəli Uşaq musiqi məktəbinin kollektiviDahi bəstəkar” adlı tədbir keçirib. Tədbir Əməkdar mədəniyyət işçisi Vaqif Süleymanovun rəhbərlik etdiyi Sumqayıt RMİ-nin xalq çalğı alətləri orkestrinin ifası ilə başlayıb. Müəllim və şagirdlərin ifasında dahi bəstəkarın “Gözün aydın” musiqili komediyasından rəqs, H.CavidinŞeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Gülür ellər”, “Mən səni araram”, “Reyhan”, “Qarabağ inciləri” və başqa əsərləri səsləndirilib.

İdarə rəisi Rəşad Əliyev çıxış edərək Fikrət Əmirovun milli musiqi mədəniyyətimizə yeni nəfəs əlavə etdiyini, onun yaradıcılığının hər zaman dövlətin diqqətində olduğunu bildirib.

***

Sabirabad RMİ Hacıqabul şəhər Uşaq musiqi məktəbində də dahi bəstəkarın yubileyi qeyd olunub. Təhsil ocağının müəllim və şagird kollektivinin ifasında konsert proqramı təqdim edilib.

***

Gəncə RMİ Gəncə şəhər MKS-nin 24 saylı kitabxana filialı “XX əsr Azərbaycan musiqisinin aparıcı simalarından” adlı tədbir keçirib. Çıxışlarda qeyd olunub ki, bəstəkarın “Sevil” operası, “Nizami” simfoniyası, “Min bir gecə” və “Nəsimi dastanı” baletləri, “Şur”, “Kürd ovşarı” simfonik muğamları, mahnı və romansları, dram tamaşalarına, kinomuza yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli incilərindəndir.

Gəncə şəhər Fikrət Əmirov adına 1 nömrəli Uşaq musiqi məktəbində keçirilən tədbirdə bəstəkarın müxtəlif janrda olan əsərləri məktəbin müəllim və şagirdləri tərəfindən ifa edilib.

Gəncə şəhər Uşaq incəsənət məktəbində təşkil olunan yubiley tədbirində təhsil ocağının müəllimi Şəhla Əliyeva musiqi xadiminin ömür yolu və yaradıcılığından bəhs edib. Fikrət Əmirovun əsərlərindən parçalar alqışlarla qarşılanıb.

***

Ağcabədi RMİ-nin əhatə etdiyi Laçın şəhər Əli Quliyev adına 1 nömrəli Uşaq musiqi məktəbində keçirilən yubiley tədbirində müəllimlərdən ibarət ansamblın və şagirdlərin ifasında bəstəkarın müxtəlif əsərləri səsləndirilib.

***

Masallı RMİ Masallı onbirillik İncəsənət məktəbində Fikrət Əmirovun 100 illiyinə həsr olunan tədbir təşkil edilib. Masallı RMİ-nin rəisi Bəxtiyar Qılıncovun da iştirak etdiyi tədbirdə məktəbin Nəzəriyyə şöbəsinin müdiri Vəfa Dövlətova bəstəkarın həyat və yaradıcılığı haqqında məlumat verib.

Cəlilabad rayon Uşaq incəsənət məktəbində “Fikrət Əmirov – 100” mövzusunda tədbir keçirilib. Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə bəstəkarın əsərləri ifa olunub.

***

Ağstafa RMİ Ağstafa şəhər Uşaq musiqi məktəbində görkəmli bəstəkarın yubileyi münasibətilə konsert proqramı təşkil olunub. Məktəbin direktoru Arif Əliyev Fikrət Əmirovun həyat və yaradıcılığından, onun Azərbaycan musiqisinə verdiyi misilsiz töhfələrdən söhbət açıb. Sonra müəllim və şagirdlərin ifasında konsert proqramı təqdim olunub. Bəstəkarın əsərləri iştirakçıların alqışları ilə qarşılanıb.

 

Mədəniyyət.- 2022.- 25 noyabr.- S.4.