“Mərmər soyuğufilmi Estoniyada mükafata layiq görülüb

 

Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi Estoniyada 11-27 noyabr tarixlərində keçirilən “PÖFF Tallinn Black Nights” (“Qara gecələr”) festivalında mükafata layiq görülüb.

Bu barədə ekran əsərinin prodüseri Fariz Əhmədov məlumat verib. Bildirilib ki, filmdə çəkilən Xalq artisti Qurban İsmayılov “Ən yaxşı aktyor” nominasiyasında qalib elan edilib.

“PÖFF Tallinn Black Nights” festivalının müsabiqə proqramında ümumilikdə 23 ekran əsəri yer alıb.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai TV, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətinin birgə istehsalı olan “Mərmər soyuğufilmi uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edir. Məhbəsdən evə qayıdan ata ən radikal yollarla oğlunun həyatına müdaxilə etməyə çalışır...

Filmin ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo (Hollandiya), quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissorları Oktay NamazovAdil Abbasov, quruluşçu rəssamı Rafiq Nəsirov, geyim rəssamı Şahin Həsənli, qrim rəssamı Elbrus Vahidov, prodüseri Fariz Əhmədov, yaradıcı prodüseri İradə Bağırzadədir. Əsas rolları Elşən Əsgərov, Natəvan Abbaslı və Xalq artisti Qurban İsmayılov ifa ediblər.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 30 noyabr.- S.8.