“Sərhədsiz teatr” layihəsi üzrə görüşlər

 

Azərbaycan Teatr Xadimləri İttifaqı “Sərhədsiz teatr” layihəsinə başlayıb. Layihə bölgə teatrlarında yaradıcılıq prosesini canlandırmaq, gənc sənətçilərdə yeni axtarışlara stimul yaratmaq və yaradıcılıq mübadiləsini sürətləndirmək məqsədi daşıyır. İlk görüşlər Gəncə və Mingəçevir dram teatrlarında olub.

ATX-nın Yaradıcılıq şöbəsinin mütəxəssisləri Dağlar Yusifov (Gənclər sektorunun rəhbəri) və Elvin Rüstəmli hər iki teatrın kollektivi ilə görüşərək əsas problemləri öyrənməyə çalışıblar. Kollektivlərlə görüşdə “Aktyorun rol üzərində işi”, “İfaçının peşə vərdişləri” və “Müasir səhnə meylləri” ətrafında mühazirə-müzakirə aparılıb.

Görüşlər barədə təəssüratını bölüşən D.Yusifov bölgə teatrlarının əsas problemi kimi peşəkar aktyor çatışmazlığını önə çəkdi: “Hər iki teatrda müşahidə etdiyimiz problemlərin ən əsası peşəkar aktyorlarla bağlıdır. Təsəvvür edin ki, bəzi aktyor ştatında olanların nəinki sənət təhsili, heç incəsənət istiqamətləri üzrə orta ixtisas təhsilləri belə yoxdur. Problemlər sırasına paytaxt teatrları ilə əlaqənin zəifliyini də əlavə etmək olar. Hər iki teatrda apardığımız müşahidəyə əsasən deməliyəm ki, ilkin mərhələ kimi uzunmüddətli ixtisas kurslarına, pilot layihə olaraq sənət təhsili üzrə təkmilləşməyə ehtiyac var. Bundan başqa, ittifaq teatrlar üzrə nümayəndələrinin də fəaliyyətinə yenidən nəzər salmalı və teatr xadimlərinin bu qurumla intensiv əlaqəsini təmin edəcək layihələr hazırlamalıyıq”.

İttifaq təmsilçisi layihənin digər teatrları da əhatə edəcəyini bildirdi.

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.4.