Yubiley, konfrans, seminar, ekskursiya...

 

Şəki RMİ Oğuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə “Oğuz multikultural dəyərlər və tolerantlıq nümunəsidir” mövzusunda rayon Həbib Babayev adına 1 saylı tam orta məktəbin VIII sinif şagirdləri üçün rayondakı qədim yəhudi sinaqoqlarına ekskursiya və azsaylı xalqlara həsr olunmuş tarix dərsi təşkil edilib.

***

Biləsuvar RMİ Salyan rayon Mədəniyyət Mərkəzi və “Murad” Əlillər İctimai Birliyinin “Sənətinlə tanın” adlı birgə layihəsi davam edir. Layihə çərçivəsində reallaşan satış-sərginin növbəti ünvanları 1 və 2 saylı şəhər klubları olub. Salyan şəhərinin mərkəzi küçəsində təşkil edilən sərgidə fiziki imkanları məhdud olan uşaq və gənclərin əl işləri nümayiş etdirilib.

***

Ağdaş RMİ Ağdaş rayon Mərkəzi Kitabxanasının oxu zalında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tənqidçi, ədəbiyyatşünas, Xalq şairi Xəlil Rza Ulutürkün (1932-1994) 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. MKS-nin direktoru vəzifəsini müvəqqəti icra edən Sevgili İbrahimova bildirib ki, Xəlil Rzanın bütün yaradıcılığı rəşadətlə, mübarizə ilə, zülmə qarşı üsyanla səciyyələnir.

Kitabxanada həmçinin mütəfəkkir şairdramaturq Hüseyn Cavidin (1882-1941) 140 illik yubileyinə həsr olunmuş “Mənim tanrım gözəllikdir, sevgidir” adlı tədbir təşkil edilib. Cavidin yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, şairin əsərlərindən ibarət “Hüseyn Cavid – 140” adlı sərgiyə baxış keçirilib.

***

Şəmkir RMİ Daşkəsən rayon Heydər Əliyev Mərkəzi, rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, rayon üzrə Təhsil sektorunun dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Radikalekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.

***

Bərdə RMİ, Azərbaycan Kənd Qadınları Assosiasiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin “Özəl sektorun inkişafı” layihəsinin dəstəyi ilə Bərdədə 15 oktyabr – Beynəlxalq Kənd Qadınları Gününə həsr olunan regional konfrans keçirilib. İdarə rəisi Vəsilə Möhsümovanın da iştirak etdiyi tədbir çərçivəsində qadınların istehsal etdiyi kənd təsərrüfatı məhsulları, eləcə də Bərdə rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən dərnək üzvlərinin əl işləri Bərdə Dövlət Rəsm Qalereyasında təşkil olunan sərgi-yarmarkada nümayiş etdirilib.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.4.