Bir əsr əvvəlki tarixə baxış

 

Oktyabrın 18-də Azərbaycan İstiqlal Muzeyində 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə “Təlatümlü illər” kitabının təqdimatı keçirilib.

Tədbirdə muzeyin direktoru Sədi Mirseyibli, kitabın tərtibçisi, tarix elmləri doktoru Tufan Axundov, professorlar Solmaz Tohidi, Mehman Süleymanov, filologiya elmləri doktoru Rəhim Əliyev, tarix üzrə fəlsəfə doktorları Kamran İsmayılov, Bəhmən Kərimov, Vəfa Mahmudova çıxış edərək XX əsrin sonlarında bərpa etdiyimiz dövlət  müstəqilliyinin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs ediblər.

Təqdimatı keçirilən kitabın müəllifi 1917-1921-ci illərdə Azərbaycanın Lənkəran və Muğan bölgələrində (Lənkəran qəzası) milli azadlıq hərəkatının iştirakçısı və rəhbərlərindən biri olmuş, sonralar İrana mühacirət etmiş Soltan Məhəmməd bəy Qulubəylidir.

Tarixçilər, etnoqraflar və Azərbaycan tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Təlatümlü illər” kitabında Rusiya imperiyasının 1917-ci ildə süqutundan sonra bolşeviklərin təhriki ilə Azərbaycanın cənub zonasında müsəlman və ruslar (molokanların) arasında başlanan münaqişə, həmin dövrdə törədilən qırğınlar, bolşeviklərin bölgəyə müdaxiləsi və yerli müsəlman əhalisinin göstərdiyi birlik və qəhrəmanlıqlar əks olunub.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.2.