Mərkəzi İncəsənət Məktəbi ölkəmizi XVI Delfi Oyunlarında təmsil edib

MDB ölkələrinin yaradıcı gənclərini bir araya gətirən ənənəvi Delfi Oyunlarına bu il Tacikistanın paytaxtı ev sahibliyi edib. 14-18 oktyabr tarixində Düşənbə şəhərində keçirilən XVI Delfi Oyunlarında MDB ölkələrindən 10-25 yaş arası 500-ə yaxın gənc qatılıb.

Bu il 20 illiyini qeyd edən MDB Delfi Oyunları gənc istedadların peşəkar yüksəlişinə və milli mədəniyyətlərin inkişafına kömək dəstək olmaq, mədəniyyətlərarası dialoqu təşviq etmək və ölkələr arasında əlaqələri gücləndirmək, həmçinin tədbir turizmini və yaradıcı sənayeni dirçəltmək məqsədi daşıyır.

XVI Delfi Oyunlarına Azərbaycandan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin nümayəndə heyəti də qatılıb. Məktəbin direktoru, Əməkdar artist Əziz Qarayusifli Delfi Oyunlarında nəfəs alətləri nominasiyası üzrə münsiflər heyətinin sədri kimi ölkəmizi təmsil edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Xatirə Həsənzadə və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müəllimi Şahnaz Muradova XVI Delfi Oyunları çərçivəsində M.Tursunzoda adına Tacikistan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda təşkil olunmuş elmi konfranslarda iştirak ediblər.

Qeyd edək ki, bu il müsabiqə proqramına 10 nominasiya daxil edilib. Mərkəzi İncəsənət Məktəbinin şagirdləri Ц böyük qrupunda Məryəm Məmmədova və kiçiklər qrupunda Sübhan Tahirov (konsertmeyster Sevinc Kərimova) xalq çalğı alətləri nominasiyasında 2-ci mərhələyə keçərək yarışların diplomantı adını qazanıblar. Tədbir S.Ayni adına Dövlət Akademik OperaBalet Teatrında XVI Delfi Oyunlarının əsas tədbiri Ц qala-konsertlə yekunlaşıb.

Səfər zamanı məktəbin direktoru Əziz Qarayusifli Ziyodullo Şahidi adına xüsusi onbirillik Musiqi məktəbində şagirdlər üçün ustad dərsləri keçərək onlara faydalı məsləhətlər verib.

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.1;2.