Müasir İncəsənət Muzeyində İkinci nəfəs

Ötən əsrin 60-90-cı illərinə aid rəsm əsərlərinin sərgisi

 

Paytaxtdakı Müasir İncəsənət Muzeyində İkinci nəfəs adlı sərgi təşkil edilib. Oktyabrın 14-də açılışı olan sərgi Mədəniyyət Nazirliyi, Cultural Network House İctimai BirliyiMüasir İncəsənət Muzeyinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək sərgidə nümayiş olunan əsərlərin dövrümüz üçün əhəmiyyətindən bəhs etdi. Bildirdi ki, təqdim olunan əsərlər Azərbaycan Dövlət Rəsm Qalereyasının fonduna məxsusdur.

Anar Kərimov diqqətə çatdırdı ki, Azərbaycan Dövlət Rəsm Qalereyası mədəniyyətimizin hamisi ulu öndər Heydər Əliyevin qayğısı nəticəsində yaradılıb və uzun illərdir təsviri sənətimizin qorunmasına və təbliğinə xidmət edir. Qalereya 1960-cı ildən fəaliyyət göstərən Azərbaycan Dövlət Sərgi Salonunun bazasında 1972-ci ildə ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilib. Qalereyanın fondunda Azərbaycan rəssamlarının yaratdıqları 10 mindən artıq nadir sənət inciləri rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət və müasir incəsənət əsərləri qorunub saxlanılır.

Nazir sərginin təşkilatçılarından olan Cultural Network House İctimai Birliyinin fəaliyyətindən bəhs etdi. Bildirdi ki, yeni yaradılan təşkilat, incəsənətin digər sahələri kimi, rəssamlıq sahəsinə də böyük önəm verir. İctimai birliyin sədri Aynur Süleymanzadənin rəhbərliyi ilə 7 ay ərzində hazırlanan layihə çərçivəsində bu əsərlər bərpa edilib, 1960-90-cı illərə aid rəsm əsərlərinə ikinci nəfəs verilib.

Diqqətə çatdırıldı ki, layihə çərçivəsində 41 rəssamın 72 əsəri seçilərək sərgiyə təqdim olunub. Rəssamlar arasında Səttar Bəhlulzadə, Tahir Salahov, Toğrul Nərimanbəyov, Salam Salamzadə, Baba Əliyev, Xalidə Səfərova, Lətif Feyzullayev, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Oqtay Şıxəliyev, Hafiz Məmmədov, Mikayıl Abdullayev və digər görkəmli sənətkarların əsərləri yer alır.

Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinin, təsviri sənətinin inkişafı ilə bağlı imzaladığı çoxsaylı sərəncam və fərmanlardan danışan nazir bildirdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük diqqət və qayğısı sayəsində bu gün ölkəmizin zəngin mədəni dəyərləri dünyada geniş təbliğ olunur. Hazırda sərginin təşkil olunduğu bu muzey də məhz Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayıb.

Azərbaycan Rəssamlar İttifaqının (ARİ) sədri, Xalq rəssamı Fərhad Xəlilov çıxışında ötən əsrin 60-cı illərini ölkəmizdə təsviri sənət üçün bir intibah dövrü kimi xarakterizə etdi. Həmin dövr rəssamlarının yaradıcılığı barədə danışan ARİ sədri dedi: Onların yaratdığı əsərlər əbədiyaşardır. Bir vaxtlar adi qarşıladığımız, Abşeron məktəbi dediyimiz bu yaradıcılıq nümunələri hazırda dünyanın sərgi salonlarında dəyərli sənət nümunələri kimi qəbul olunur. Buna görə də əsl sənət heç zaman ölmür ifadəsi hazırda izlədiyimiz bu tablolarda bir daha özünü təsdiq edir...

 

Fərhad Xəlilov çıxışının sonunda layihənin təşkilinə görə əlaqədar təşkilatlara minnətdarlığını bildirdi.

Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular.

Müasir İncəsənət Muzeyində İkinci nəfəs sərgisi noyabrın 6-dək davam edəcək.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.1;5.