Anamın kitabını bu dəfə ingiliscə oynadılar

Azərbaycan milli teatr tarixində fərqli vaxtlardaquruluşlarda səhnə həyatı yaşayan, doğma dilə münasibət kimi milli-mədəni dərdimizin ağır təfsiri olan Anamın kitabı bu dəfə ingilis dilində təqdim olundu. Böyük Cəlil Məmmədquluzadənin hər zaman çağdaş fikirləri ilə zəngin əsər bu dəfə Azərbaycan Dövlət Akademik Musiqili Teatrında səhnə yozumunu tapdı. Mədəniyyət Nazirliyinin yeni layihəsi olan tamaşa müxtəlif teatrların artistlərini bir araya gətirib.

Oktyabrın 15-də keçirilən premyeranı Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizmdini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, gənclər və idman naziri Fərid Qayıbov, bir sıra ölkələrin diplomatları, mədəniyyət və incəsənət xadimləri, media mənsubları, sənətsevərlər izlədilər.

Nümayişdən öncə layihə barədə məlumat verən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev ərsəyə gələn ideyanın əsas məqsəd və məramından danışdı: Əminəm ki, bu gün burada fərqli və qeyri-adi tamaşa izləyəcəyik. Mədəniyyət Nazirliyinin layihəsi olan Anamın kitabı tamaşasının hazırlanma prosesi olduqca fərqli olub. Uzun və gərgin proses artıq geridə qaldı və 6 ay əvvəl əksəriyyəti ingilis dilində demək olar ki, bir neçə söz bilən heyət təkmilləşmiş gərgin dil kursu və məşqlərin nəticəsində belə bir nəticəni hasil etdi. Səhnə əsəri Azərbaycan dramaturgiyasının klassik nümunələrindən olan Cəlil Məmmədquluzadənin Anamın kitabı əsəri əsasında hazırlanıb. Yenimüasir rejissor işi nəticəsində ərsəyə gələn tamaşada ölkəmizin müxtəlif teatrlarının aktyorları eyni səhnəni bölüşüblər. Tamaşanın ingilis dilində hazırlanmasında əsas məqsədimiz doğma ana dilimizin, bu vasitə ilə ədəbiyyatımızın, dramaturgiyamızın, milli teatrımızın təbliğatıdır.

Bildiyimiz kimi, müasir dövrümüzün tələblərinə uyğun yeni texnologiyaları, xarici dilləri mənimsəməyin faydaları çoxdur. Lakin hər kəs ilk öncə öz doğma ana dilini, milli dəyərlərini, tarixini, mədəniyyətini, ümumilikdə dəyərlərini məhz öz dilində bilib, öyrənməlidir. Ana dilini bilmək özünüdərk və müqəddəs amaldır.

Elnur Əliyev bu layihənin Mədəniyyət Nazirliyinin teatr sənətinin inkişafı ilə bağlı strategiyasına aid addımlardan biri olduğunu dedi: Bu tamaşa bizim gənclər siyasəti istiqamətində atdığımız addımdır. Bilirsiniz ki, Azərbaycanda artıq kifayət qədər ingilis dilini bilən insanlar var və onların da əsas hissəsi bizim gənclərimizdir. Düşünürük ki, bu tamaşa onların da zövqünün formalaşmasına kömək edəcək. Tamaşanın ingilis dilində olmasına baxmayaraq, Azərbaycanın ağrılarından bəhs edir. Bu mənada bu tamaşa ingilisdilli tamaşaçı auditoriyası üçün də dramaturgiyamıza baxış mənasında yeni pəncərə olacaq. Bizim digər strateji məqsədimiz Azərbaycan mədəniyyətinin, teatrının təbliğidir. Düşünürük ki, bu tamaşa festivallarda iştirak imkanı qazanacaq. Üçüncü istiqamət isə teatr potensialının inkişafıdır. Bu xüsusi proqram aktyorlar üçün yeni təcrübə oldu. Dil bilgiləri, ingilis dilində aktyor emosiyaların ifadəliyi onların şəxsi inkişafına da müsbət təsir edəcək.

Beləcə, Azərbaycan teatr sənətinin də inkişafına töhfə verəcək. Doğrudur, onların dil bilgiləri mükəmməl deyil. Amma replikalarını yaxşı mənimsəyərək, anlaşıqlı ifa etməyə çalışırlar.

Tamaşanın hazırlanmasında əməyi olan hər kəsə öz təşəkkürünü bildirən Elnur Əliyev layihəni Azərbaycan mədəniyyətində yadda qalacaq hadisə adlandırdı.

Sonra birhissəli tamaşa teatrsevərlərin ixtiyarına verildi.

Səhnə əsərinin quruluşçu rejissoru İradə Gözəlova, tərcümə edəni Tərlan Rəsulov, quruluşçu rəssamı Vüsal Rəhim, videomühəndisi Murad Həsənovdur. Döyüş səhnələrinin və rəqslərin quruluşu Xalq artisti Pərviz Məmmədrzayev və rejissor Zaur Əliyevə aiddir.

Xatırladaq ki, Mirzə Cəlilin bu əsərində əsas mövzu üç qardaşın dil, din, düşüncə tərzlərinin fərqliliyi nəticəsində aralarında yaranan sürəkli mübahisələrdir. Günümüzlə səsləşən, bizi narahat edən və düşündürən mövzu əsərin baş qəhrəmanı olan Ananın timsalında təqdim edilir. Ana övladlarını öz milli-mənəvi dəyərlərinə sahib olmağa, ana dilinə yiyələnməyə və birliyə çağırır. Oğullar isə daha çox müasir dünyanın tələblərinə cavab verməyə can atır, nəticə etibarilə innovativ texnologiyalarla zəngin bir mühitin fonunda öz milli dəyərlərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Beləliklə, Ana övladları ilə mübarizəyə başlayır. Onun qəlbini dəlib-deşən dərd yükü isə səngimir, daha da alovlanır, sanki rəvayətlərdəki əcaib-qəraib bir əjdahaya çevrilir. Sonda ana içini yeyən qurda təslim olur və əjdaha ananı udur

Beləcə, bacıları Gülbahara oğlan seçimindən analarını kimin çox istəməsinə qədər bütün məsələlərdə fikirləri bir-birinə zidd olan, çalışdıqları dil kursunda ana dilindən başqa bütün lisanlara sayğı göstərən, ərəb, rus, ingiliscə bilgilərinin sayəsində özlərini üstün sayan oğullar sonda analarının yanğısını anlayırlar. Təbii ki, bu da çox gec olur.

Artıq nə anaları, nə sevimli işləri, nə də rahatlıqları var. Çalışdıqları dil kursunun rəhbəri yola getməyən qardaşların hər üçünü işdən qovur. Bu da qardaşlara dərs olmur. Yenə əlbəyaxa olur, bir-birlərini əzişdirməkdən yorulmurlar. Nəhayət, polis bölməsinə düşür, azadlıqları ilə imtahana çəkilirlər.

Heç bir halda ibrət götürməyən qardaşlar ananın ölümü ilə onun son arzusunu yerinə yetirirlər. Anlayırlar ki, onların ən gözəl bildikləri analarından eşitdikləri laylalar, ən dəyərli nemətləri analarıdır.

Həzin musiqilər və videogörüntülərlə zəngin tamaşada rolları Lalə Süleymanova, Səmədzadə Xasıyev, Hüseyn Əlili, Zaur Əliyev, İranə Kərimova, Əli Kərimov, Şamxal Nəsibbəyli, Nurlan Süleymanlı, Səmayə Qulamzadə və Türkan Şahmarlı ifa edirlər.

Qeyd edək ki, aktyor heyəti Akademik Musiqili, Akademik Milli Dram, Dövlət Gənc Tamaşaçılar, Bakı Uşaq və Gənclər, eləcə də ƏSA teatrlarının truppasından formalaşdırılan tamaşa oktyabrın 16-da da nümayiş olunub.

 

Həmidə Nizamiqızı

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.5.