Müstəqilliyimizin möhkəmləndirilməsində mədəniyyətin də böyük rolu var

Bir qrup mədəniyyət və incəsənət xadiminə dövlət təltifləri təqdim olundu

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup incəsənət nümayəndəsi fəxri ad, ordenmedallara layiq görülüb.

Oktyabrın 17-də Azərbaycan Milli İncəsənət Muzeyində dövlət təltiflərinin sahiblərinə təqdimetmə mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov tədbirin 18 Oktyabr Müstəqilliyin Bərpası Günü ərəfəsində keçirilməsinin ikiqat bayram ovqatı yaratdığını dedi, bu münasibətlə təbriklərini çatdırdı.

Nazir bildirdi ki, ölkəmizə rəhbərliyinin hər iki dövründə bu sahəyə məxsusi diqqət göstərən, incəsənət xadimlərinin əməyini qiymətləndirən ulu öndər Heydər Əliyevin siyasəti ölkə başçısı İlham Əliyev tərəfindən davam etdirilir: Bu gün ölkəmizin mədəniyyət həyatında böyük yeniliklər baş verir, bu sahənin inkişafı üçün mühüm işlər görülür. İncəsənət sahəsində fəaliyyət göstərən insanlar da öz üzərinə düşən işi daha məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə diqqət deməkdir. Mədəniyyətimiz bu gün dünyada tanınır, təbliğ edilir, beynəlxalq qurumlar səviyyəsində qəbul olunur. Bu sahədə yeni istedadlı nəsil yetişir....

2020-ci ilin Vətən müharibəsində Azərbaycanın tarixi ədaləti bərpa etdiyini vurğulayan Anar Kərimov dedi ki, bu savaş və Qələbəmiz bir vacib məqamı da nümayiş etdirdi: Göstərdi ki, yaradıcı mədəniyyət dağıdıcı qüvvəyə qalib gəldi. Hazırda işğaldan azad olunmuş torpaqlarımızda genişmiqyaslı quruculuq işləri görülür, bir sıra mədəniyyət abidələri bərpa olunur. Biz uzun illərdən sonra mədəniyyətin Qarabağa qayıdışının şahidi oluruq. Müstəqilliyimizin möhkəmləndirilməsində mədəniyyətin böyük rolu var.

Nazir diqqətə çatdırdı ki, mədəniyyət üçün xidmət edən, onun inkişafı yolunda zəhmət çəkən hər kəs həm də bu sahənin əsgərləridir: Ordumuz sərhədlərimizi qoruduğu kimi, mədəni təhlükəsizliyimizi də məhz mədəniyyət sahəsində xidmət edən şəxslər qoruyur. Ermənilərin Azərbaycan mədəniyyətini özününküləşdirmə, mənimsəmə səyləri nəticəsiz qalacaq. Azərbaycan əsrlər boyu zəngin mədəniyyəti ilə məşhur olan bir ölkədir. Bu gerçəklikləri nəzərə alan mədəniyyət işçiləri bundan sonra da əzmlə çalışacaqlar. Bu yolda hər birinizə uğurlar arzulayıram.

Daha sonra mükafatlar sahiblərinə təqdim edildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Şöhrət ordeni, Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu, Dövlət qulluğunda fərqlənməyə görə və Tərəqqi medalları, Əməkdar rəssam, Əməkdar mədəniyyət işçisi fəxri adları ilə mükafatlandırılanlara təltiflərin nişan və vəsiqələri təqdim olundu.

Təltif olunanlardan Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə (Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu), Xalq artisti, bəstəkar Eldar Mansurov (Şöhrət ordeni), Əməkdar rəssam Rəşad Ələkbərov, Əməkdar mədəniyyət işçisi, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi yaradıcılıqlarına göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə qayğısı və dünyada təbliği yolunda göstərdikləri xidmətlər əvəzsizdir. Yaradıcı insanlar bəstəkarlar, yazıçılar, rəssamlar bundan sonra da vətənpərvərlik ruhlu əsərlərin meydana gəlməsi, bu hisslərin gənc nəslə aşılanması yolunda istedad və bacarıqlarını əsirgəməyəcəklər.

Sonda xatirə şəkilləri çəkdirildi.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 19 oktyabr.- S.2.