Musiqi Mədəniyyəti Dövlət Muzeyində uşaqlar üçün ekskursiya proqramları təşkil edilir

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi fəaliyyətində uşaq və yeniyetmələrin mədəni irsimizə marağını təşviq etmək, estetik tərbiyə və dünyagörüşünü inkişaf etdirmək, onlara mədəni bacarıqlar aşılamaq kimi məsələlərə də önəm verir. Xüsusilə uşaqların asudə vaxtlarını səmərəli etmək üçün onları mütəmadi olaraq mədəniyyət ocaqlarına, o cümlədən muzeylərə cəlb etmək lazımdır. Təbii ki, bu yaş xüsusiyyətlərinə uyğun olaraq aparılmalıdır. Ona görə də muzeydə müxtəlif yaş qrupuna aid olan uşaqlara fərqli yanaşma tətbiq olunur.

Muzeydən bildirilib ki, məktəbəqədər və ibtidai sinif şagirdləri üçün ekskursiyalar təşkil edilir, bu zaman onlar canlı və diskə yazılmış musiqi dinləyə, bəzi alətlərə toxuna bilirlər. Həmçinin muzeyi ziyarət edəcək balacalar Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin nəvəsinə yazdığı məktublarda illüstrasiya etdirdiyi rəsmlərin, muzeyin kolleksiyasından müxtəlif rəssamların opera və baletlər üçün çəkdikləri eskizlərin xüsusi hazırlanmış surətlərini rəngləyə bilərlər.

Bir qədər böyük uşaqlar üçün isə Sehrli sandıq və Melodiyanı tap oyunları keçirilir, Azərbaycan xalq musiqi alətləri mövzusunda Azərbaycan və rus dillərində sadə krossvordlar təqdim olunur. Onlar Günay uşaq teatrının artistləri kimi özlərini gənc bələdçi rolunda da sınaya bilərlər.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.7.