“Vətən şairi

 

 

Səməd Vurğunun evində Eldar Baxışın xatirəsi anılıb

 

Bu il XX əsr Azərbaycan poeziyasının tanınmış simalarından biri, dünyadan vaxtsız köçmüş şair Eldar Baxışın (1947–1996) anadan olmasının 75 illiyidir.

Oktyabrın 15-də Səməd Vurğunun Ev-Muzeyində mərhum şairin yubileyi  qeyd edilib. Tədbir çərçivəsində yazıçı Azad Qaradərəlinin Eldar Baxışa həsr etdiyi “Vətən şairi” kitabının təqdimatı olub.

Tədbirdə Xalq şairi Ramiz Rövşən, tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğlu, riyaziyyatçı İmanqulu Ağaquluyev və digər çıxış edənlər Eldar Baxışın yaradıcılığından söz açıb, xatirələrini bölüşüblər. Şairin məşhur şeirlərindən parçalar səsləndirilib. ADA Universitetinin professoru Nəriman Qasımoğlu, şair Asif Talıboğlu Eldar Baxışa həsr etdikləri şeirləri söyləyiblər.

Azad Qaradərəli yeni çapdan çıxmış “Vətən şairi” kitabının yazılma tarixindən danışıb. Qeyd olunub ki, kitabın elmi redaktoru İstanbul Aydın Universitetinin professoru Kamil Vəli Nərimanoğludur. Kitaba Azad Qaradərəlinin öz dostu haqqında yazdığı esselər, xatirə yazıları, habelə “Qarsiya LorkaEldar Baxış”, “Sabir Əhmədli və Eldar Baxış”, “Vətən şairi” məqalələri daxil edilib.

Müəllif öz imzası ilə kitabı tədbir iştirakçılarına hədiyyə edib.

Tədbirin sonunda şairin oğlurejissor, aktyor Tural Baxış xatirə gecəsində iştirak edənlərə və tədbirin təşkilinə görə Səməd Vurğunun Ev-Muzeyinin direktoru Nüşabə Babayeva-Vəkilovaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Eldar Baxış (Eldar Baxış oğlu Ağayev) 1947-ci il iyunun 22-də Qubadlı rayonunun Diləli Müskanlı kəndində doğulub. Şair pyeslər (“Uzun Həsən”, “Məlikməmməd”) yazıb, rus dilindən bədii tərcümələr də edib. 1996-cı il mayın 22-də dünyasını dəyişib.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.5.