Kədərin qüdrəti – melanxoliyaya boyanmış incəsənət...

 

Məşhur Norveç rəssamı Edvard Munk 1894-cü ildə düşüncələri arasında itkin düşən, ruhunda əskiklik hissi olan, çökmüş və qəmgin bir insanın portretini çəkir. Rəsmin adını belə qoyur: “Melanxoliya”.

Melanxoliya darıxdığımız zaman, geri dönüşü olmayan keçmişə həsrət qaldığımız anların bizi üstələdiyi duyğulardır. Melanxolik vəziyyətdən çıxmağa ruhən güclü şəxslər nail olurlar. Bu vəziyyətlə barışa bilməyənlər bəzən həyatdan qopmaq həddinə çatırlar. Belə zamanda insanın qoruyucu mələyi bədii yaradıcılıq olur. İncəsənət həqiqi mənada adətən katarsis rolunu oynayır. Viktor Hüqo “Melanxoliya kədərdən doğan xoşbəxtlikdir” deyir.

Qeyd etdiyimiz kimi, bu emosional vəziyyət həmişə yaradıcılıqla əlaqələndirilir. Bu söz yunan dilindən tərcümədə “qara hüzn” mənasını verir. Melanxoliyanı böyük şəxsiyyətlərin, dahilərin xəstəliyi, dərdi kimi qəbul edirlər. Melanxolik əsərlər dedikdə ağıla ilk gələnlərdən biri britaniyalı rəssam Con Everett Millais tərəfindən yaradılmış “Ofeliyanın ölümü” adlı kompozisiyadır. Bu tablo Şekspirin məşhur “Hamlet” əsərinin qəhrəmanı Ofeliyanın suda boğularaq iztirablarına son qoyan faciəsinin təsviri sənətdə təcəssümüdür. Ancaq Qərb dünyasının melanxolik sənətkarı deyiləndə, əlbəttə ki, ilk olaraq dahi Van Qoq yada düşür. Onun qədər şövqünü, kədərini, gərgin hisslərini portretlərində ustalıqla əks etdirən ikinci bir rəssam bəlkə də yoxdur...

Fransız şair və tənqidçi Şarl Bodler melanxoliyasız gözəlliyi çətin təsəvvür edə bildiyini vurğulayırdı. İşıqdan səmərəli istifadə melanxoliyanın mənəvi ölçüsü ilə izləyicilər arasında müəyyən əlaqə yarada bilən ən önəmli vasitədir. Sürrealistmetafizik tədqiqatlar aparan italyan rəssam Giorgio de Chirico mənzərə rəsmlərində işıqdan istifadə ilə əsərlərin melanxoliksirli atmosfer yaratmasına nail olub. Bu rəsmlərdə rəssam günəşin doğmağaya batmağa başladığı anları işıq-kölgə effekti ilə elə təsvir edirdi ki, onlar rəsmin əsas elementlərinə çevrilirdilər.

Tarix boyu duyğuları melanxolik şəkildə daha yaxşı ifadə edə bilmək üçün həzin obrazlardan (xüsusən də qadın fiqurlarından) istifadə olunub. Monoxromya soyuq çalarların hakim olduğu tablolar məhz bu qəbildəndir. Kubist rəsmləri ilə tanınan ispan rəssam Pablo Pikasso “mavi dövr” adlandırılan 1901-1904-cü illər arasında sadə insanları, evsizləri, sərxoşları və küçə qadınlarını məhz bu tərzdə kətana köçürürdü. Gündəlik həyatdan seçdiyi bu fiqurlarda həmişə kədər və həzinlik var idi.

Postimpressionist fransız rəssam Pyer Bonnarın fiqurlu rəsmlərində melanxolik elementlər var. Bonnar 1925-ci ildə modellərindən biri Marta ilə evlənir. Rəsmlərində o, adətən həyat yoldaşını özünü təsvir edirdi. 1942-ci ildə Martanın ölümü ilə rəssam özünü daha çox təsvir etməyə başlayır. O, vanna otağının güzgüsü qarşısında özünün çoxlu kədərli portretlərini çəkir. Bu əsərlər portret melanxoliyanın qarşılıqlı əlaqəsi baxımından olduqca əhəmiyyətlidir.

 

***

Azərbaycan incəsənətində, rəssamlarımızın yaradıcılığında da melanxolik hisslərə, izlərə rast gəlmək mümkündür.

Milli realist rəssamlığın banisi mahir fırça ustası Bəhruz Kəngərlinin yaradıcılığında “Qaçqınlar” silsiləsi mühüm yer tutur. Bu silsiləyə daxil olan hər bir portretin simasında həsrət, qüssə melanxolik hisslər ustalıqla əks olunub.

Orijinal üslubu ilə seçilən, sərt realizmi müasir aspektlərlə birgə icra edən görkəmli rəssam Tahir Salahovun yaradıcılığında tünd rənglər, sərt cizgilər, kontrast hər zaman qabarıq istifadə olunurdu. Lakin rəssamın əsərlərinin arasında bir az romantik, bir az lirik, bir o qədər melanxolik ab-havaya malik kompozisiyaları da var. Belə kompozisiyalardan biri “Xəzər gecəsi” isimli sənət nümunəsidir. Bu əsərlə biz melanxoliyanın mənzərə janrında təzahürünü görməkdəyik. Eyni çalarların tünd açıq rənglərindən məharətlə istifadə olunması, qalın, ifadəli dolğun cizgilərin ritmi bu əsəri melanxolik göstərən əsas xüsusiyyətlərdir.

Vidadi Nərimanbəyov əsərlərində öz duyğularını, fərdi baxışını xüsusən tərzini qabarıq şəkildə vurğulayan istedadlı, usta rəssamlarımızdan biri olub. Daxili aləmində gizlətdiyi həzin duyğulardan qidalanaraq onu bədii yaradıcılığa çevirən fırça ustasının “Yaddaş” əsəri melanxolik ab-hava daşıyır. Yaddaşın, xatirələrin müəmmalı tərəflərini təqdim etməyə çalışan sənətkar mistik kolorit seçiminə malik kompozisiya ilə izləyicilərdə həzin duyğu effekti yaradır.

Rəssam Fikrət İbrahimlinin yaradıcılığı avanqard realizmin bünövrəsində şaxələnərək parlaq kamil bir bədii yol keçib. İfadəli mənzərə nümunələri olan rəssamın isti çalarların üstünlük təşkil etdiyi “Sübh çağı” əsərində melanxolik hissə qapılıb qeybə çəkilməmək mümkün deyil. Bu əsərdə həzinliyin gerçək səbəbi bizə olduqca əlçatmaz görünən, uzaq mənzərənin sonsuz qüdrətidir. Rəssamın cəsarətli isti rəng seçimi “ərköyün” Xəzərin xarakterinə, Bakının sübh çağına çox uyğundur. Gerçəkliklə təxəyyülün sintezindən yaranan kompozisiya girintili, tünd qarışmayan rənglərdəki fakturalar vasitəsilə rəssamın daxili aləmindəki həzin hissləri özündə əks etdirə bilir.

Hafiz Məmmədovun professional nümunəvi səciyyəyə malik yaradıcılıq dünyası kamil kompozisiya quruluşu, obraz yaradıcılığı zövqlü kolorit həlli ilə milli rəngkarlığımızda əhəmiyyətli yer tutur. Sənətkarın kətan üzərinə köçürdüyü “Qırılmış ümidlər” adlı tablosu olduqca həssas melanxolik atmosferə malikdir. Əsərin əsas qəhrəmanı tənha dalğın görünən skripka ifaçısıdır. Melanxolik görünən fiqura küçə musiqiçisi deməkdə tərəddüd edirik. Rəssam boz rəngin qeyri-müəyyən intensivliyindən məharətlə istifadə edib.

Realizmlə çağdaş sənətin vəhdətindən bəhrələnən rəssam Natiq Fərəcullazadə yaradıcılığı melanxolik obrazlara xüsusi diqqətlə yer verən sənətkarlar arasındadır. Onun estetik zövqlü kolorit həlli ilə seçilən əsərləri arasında “İstedad” tablosu xüsusilə fərqlənir. Rəssamın hər zaman istifadə etdiyi stilizə metodu bu əsərdə harmonik bir şəkildə tətbiq olunub. Obrazın simasındakı kədərlə həmin kədərdən qalan boşluq rəssamın qeyri-adi təqdimatında xüsusi xarakterə bürünür. Burada rəssam istedadın, marağın basdırılması ilə daxili dünyalarda yaranan yeri doldurula bilməyən çarəsizliyi təsvir etmək istəyib.

Çoxşaxəli yaradıcılıq fəaliyyətinə malik peşəkar kino rəssamı Elbəy Rzaquliyevin “Axşam” isimli peyzaj əsəri olduqca təsirlidir. İsti tonlardan ibarət palitranın payız sayağı ifadə tərzi tək qalan, qurumağa məhkum olan qocaman ağac... Heyrətamiz rəng müxtəlifliyi rəssamın təxəyyülündəki həssas dünyanı təmsil edən axıcı fırça vuruşları melanxolik baxışın tamamilə fərqli formasını özündə ehtiva edir. Narıncı qəhvəyi tonların üstünlük təşkil etdiyi bu mənzərədə biz olduqca tutqun, emosional ifadə tərzi ilə üz-üzə gəlirik. Bu harmonik rəng düzümü izləyiciləri daha dərin, daha həzin hisslərə dəvət edir.

Rəssam Qafar Sarıvəllinin “Aşıq Ədalətin Kərəm yanğısı” əsərində obrazın melanxolik bir o qədər ehtiraslı simasını görürük. Bu əsəri daha da əhəmiyyətli edən bir məqam melanxolik həzinliyin təkcə bədbəxtlik, acizlik itkidən ibarət olmadığını vurğulamasıdır. Bu təsvirin istinad olunduğu hadisə itkidən, faciədən, kədərdən doğulan yanğı yüklü bir bəstənin ərsəyə gəliş səbəbidir.

Rəngkarlıqla yanaşı, heykəltəraşlıqda da müraciət olunan melanxolik duyğu dəyişiklikləri maraq doğurur. Bu mənada usta sənətkar Fazil Nəcəfovun yığcam, dəqiq və müasir formaya sahib “Əzab” adlı plastika nümunəsinin adını çəkə bilərik. İlk baxışdan, sənətkarın xüsusilə qabartmağa çalışdığı emosiya, dəhşətli melanxoliya özünü büruzə verir. Obrazın gərgin duruşu, axıcı plastik həlli və emosional coşqunluğu təqdirəlayiqdir.

Bir başqa nümunə görkəmli heykəltəraş Cəlal Qaryağdının “Habil Əliyev, kamança ustası” əsəridir. Həzin və melanxolik hissləri baxışlarından süzülən böyük sənətkarın heykəlinə baxdığımız zaman sanki arxa fonda “Segah” təsnifinin könüllərə toxunan əsrarəngiz melodiyası səslənir. Kamançası dil açanda sanki dünya ilə dərdləşən Habil Əliyevin vətən həsrəti hər zaman gözlərindən oxunurdu...

Heykəltəraş Xanlar Əhmədovun “Leyli və Məcnun” adlı əl işi faciəvi eşq macərasının melanxolik duyğularını özündə daşıyan diqqətəlayiq nümunələrdəndir. Bu heykəl bir tərəfdən də ülvi eşqin simvolu kimi qiymətləndirilə bilər.

Son olaraq qeyd edək ki, melanxolik elementlər və simvollar daşıyan sənət nümunələri incəsənətə forma və məzmun baxımından gətirdiyi həssaslıq və individuallıqla hər bir sənətkarı daha yaxından tanımağa, yaradıcılığını daha dəqiq dərk etməyə imkan yaradan önəmli bir anlayışdır.

 

Nigar Hətəmova

Azərbaycan Dövlət Rəsm Qalereyasının kiçik elmi işçisi

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.7.