7-ci Türk Dünyası Sənədli Film Festivalının mükafatları təqdim edilib

Rejissor Oqtay Mir Qasım festivalın Şərəf mükafatı ilə təltif olunub

 

 

Türk Dünyası Jurnalistlər Federasiyası və Türk Dünyası Mədəniyyət, İncəsənət və Kino Fondunun birgə layihəsi olan və Fikirdə birlik şüarı ilə keçirilən 7-ci Türk Dünyası Sənədli Film Festivalına yekun vurulub. Türkiyə Mədəniyyət və Turizm NazirliyiTürk Dünyası Bələdiyyələr Birliyinin də dəstək verdiyi ənənəvi festivalın qala-gecəsi oktyabrın 13-də İstanbulda Haliç Universitetinin konfrans salonunda gerçəkləşib.

Bu il Türk mədəniyyəti və dünyaya türk baxışı mövzusu ilə düzənlənən festivala 23 ölkədən 260 film qatılıb. İlkin qiymətləndirmədən sonra Tələbə və Peşəkar kateqoriyalarında seçimlər aparılıb. Finala ümumilikdə 16 sənədli film vəsiqə qazanıb. Yekunda münsiflər heyətinin müəyyən etdiyi sıralamaya əsasən mükafatlar sahiblərinə təqdim edilib.

Festivalın qalibləri ilə yanaşı, Türk dünyasında mədəniyyət və incəsənətə xidmətlərinə görə bir sıra yaradıcı insanlar xüsusi mükafatlara layiq görülüb. Onlar arasında Azərbaycanın tanınmış kinorejissoru, Xalq artisti Oqtay Mir Qasım da var. Kinorejissora Türk dünyası ömür boyu Şərəf mükafatı təqdim edilib.

Tələbə kateqoriyası üzrə Qırğızıstandan rejissor Sayır Bakıtbekovanın Körpü sənədli filmi birinci yerə layiq görülüb. Eyni kateqoriyada türkiyəli rejissor Semih Saqmanın Əfqanıstanda bir dağ kəndində çəkdiyi Gülab gül filmi ikinci, müsabiqəyə BosniyaHerseqovinadan qatılan rejissor Kadir Can Arabaçının Üç ordu sənədli filmi üçüncü yerə layiq görülüb.

Peşəkar kateqoriyada türkiyəli rejissor Volkan Ücenin Hər şey daxil sənədli filmi birinci yeri tutub. Eyni kateqoriyada yakutiyalı rejissor Sardaana Barabanovanın Müharibə uşaqları filmi ikinci, Türkiyədən rejissor Neslihan Semerçinin Musiqili bir köç nağılı filmi üçüncü mükafatı qazanıb.

Türk Dünyası Jurnalistlər Federasiyasının sədri, festivalın Təşkilat Komitəsinin rəhbəri Menderes Demir bildirib ki, artıq yeddinci dəfə gerçəkləşən layihənin məqsədi Türk dünyasına və mədəniyyətinə xidmətdir: Müsabiqəyə də bu tipli filmləri qəbul edirik. Məqsədimiz türk mədəniyyətini geniş kütlələrin diqqətinə çatdırmaqdır. Festivalımıza Krım, Şərqi Türküstan və Kərkükdəki türk qardaşlarımızın problemləri, çətinlikləri, mədəniyyəti haqqında filmləri də qəbul edirik.

Qeyd olunub ki, festivalda iştirak edən və mükafat qazanan filmlər noyabrın sonuna qədər Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Makedoniya, BosniyaHerseqovina, Macarıstan və Şimali Kiprdə keçiriləcək müxtəlif tədbirlərdə nümayiş etdiriləcək.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.8.