Bir rejissorun sənət və həyat yadigarları...

 

İldırım Cabbarov teatra sevgi yaratmaq üçün yorulmadan çalışıb

 

 

 

Günlər, aylar öz-özünə gözəl olmur. Zamanı yaxşı məqamlarla zəngin edən, sözsüz ki, insandır. Kaş ki, keçmiş daha çox gözəlliklərlə, yaxşılıqlarla xatırlana...

Mərhum teatr rejissoru İldırım Cabbarov da həm sənəti, həm də gözəl insani keyfiyyətləri ilə qəlblərdə iz qoyan sənətkarlardan olub. Onun haqqında ilk dəfə məlumat almağım insanlığın ömürdən saymadığı dövrə – pandemiya zamanına – təsadüf eləmişdi. Həqiqətən də, bir təsadüf. Bu elə bir zaman idi ki, ictimai nəqliyyata müvəqqəti məhdudiyyət qoyulmuş, işə gedib-gəlmək çətinləşmişdi. Dayanacaqlarda “əlləri yuxarı” vəziyyətdə gözləyib yol maşınlarının sürücülərindən imdad diləyirdik.

O arzuolunmaz günlərdən biri. Qəsəbəmizdə bir minik maşını məhəllədən çıxıb dayanacaqda gözləyən insanlara yaxınlaşır. Təxminən 50-55 yaşlı sürücü başı ilə keçib əyləşməyimizi işarə edir. Cəld irəli çıxıb istiqamətini və neçəyə apardığını xəbər alıram. Mülayim səslə deyir ki, taksi deyiləm, oturun gedək. Sürücünün yanındakı oturacaqda əyləşirəm, arxaya da iki nəfər minir, yola düşürük. Dəqiqələr keçir, heç kim danışmır. Düşünürəm ki, “taclı bəla” ağız-burnumuzu qapayıb, səsimizi ki batırmayıb. Bir qədər getdikdən sonra sürücü maşının maqnitofonuna əlini uzadır. “Görəsən, əminin musiqi zövqü necədir”, deyə düşünürəm. Xalq artisti Rasim Balayevin qulaqlara sığal çəkən səsi gəlir. Sənətkar “Quran”dan surələri dilimizdə səsləndirir...

Metronun “Azadlıq prospekti” stansiyasına yaxınlaşanda çantamdan pulqabını çıxarmağa çalışıram. Sürücü maqnitofonun səsini azaldır və astadan:

– Bayaq dedim ki, taksi deyiləm.

– Bilirəm, taksi işləmirsiniz, ancaq bu çətin məqamda bizi mənzilbaşına çatdırdınız. Götürün, bu bir manat qazanc deyil...

– Yox! Atama rəhmət oxuyarsınız, vəssalam...

İki gün sonra dayanacaqda təkəm. Təsadüfən həmin maşın yenə yaxınlaşıb dayanır. Sürücü əyləşməyimi istəyir. Deyirəm, axı pul... Sözümü kəsir. Otururam, gedirik. Tibbi maskanın burun hissəsini bir qədər sıxıb sözə başlayır:

– Cavansan, hər şey pulla ölçülmür. Rahat ol, onsuz da mən bu yolu gedirəm.

İşimi soruşur. “Mədəniyyət” qəzetində çalışdığımı deyirəm. Siması işıqlanır. Bu arada adını öyrənirəm: Rauf Cabbarov.

Deyir, atam İldırım Cabbarov incəsənət sahəsində çalışıb. Bəlkə də hər işdə qazanc axtarsaydı, yaxşı ad-san qoyub getməzdi.

Sualları bir-birinin ardınca düzürəm. Oğlu atasının həyat və sənət portretini cızmağa çalışır. Düşünürəm ki, atası haqqında bir yazı hazırlayar, beləliklə, bu xeyirxah insanın xəcalətindən çıxaram...

 

***

 

İldırım Bəhram oğlu Cabbarov 10 oktyabr 1935-ci ildə Füzuli rayonunun Yuxarı Əbdürrəhmanlı kəndində doğulub. Xocavəndin Edilli kəndində orta məktəbi bitirib, İncəsənət İnstitutunun aktyorluq ixtisasına qəbul olunub. Burada təhsil aldığı dövrdə paralel olaraq Füzuli rayon Xalq teatrında da fəaliyyət göstərib. Həm də məlahətli səsi olan İldırım Cabbarov muğam və xalq mahnılarımızı gözəl ifa edib. Bir müddət  tanınmış xanəndələr Ağabala Abdullayev və Süleyman Abdullayevlə el məclislərinə də gedib.

Ali təhsilini başa vurduqdan sonra təyinatla Naxçıvan teatrına göndərilir. 1961-1962 və 1965-1966-cı illərdə Naxçıvan teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir. Naxçıvan səhnəsində çalışdığı vaxt rejissorluq üzrə əlavə təhsil almaq qərarına gəlir və Moskvada ali rejissorluq kursunu bitirir. Muxtar respublikaya qayıdan teatr xadimi burada ondan çox əsərə quruluş verir, bir sıra tamaşalarda özü də müxtəlif obrazları canlandırır.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov “Naxçıvan teatrında rejissor sənəti” monoqrafiyasında İldırım Cabbarovun da fəaliyyətinə geniş yer verib. Kitabda qeyd olunur ki, rejissor Naxçıvan səhnəsində M.Əlizadə və A.Məşədibəyovun “Toy kimindir?”, İ.Coşqunun “Komsomol poeması” (Səməd Vurğunun eyniadlı poeması əsasında), G.Fiqeyredonun “Ezop”, H.Fətullayevin “Vüqarlı gözəl”, M.İbrahimovun “Yaxşı adam”, M.Şamxalovun “Qayınana”, S.Rüstəmin “Durna”, C.Cabbarlının “Almaz”, K.Qoldoninin “İki ağanın bir nökəri” və s. əsərlərə maraqlı quruluşlar verib, tamaşalar anşlaqla keçib.

Rejissor “Toy kimindir?” musiqili komediyasını 1961-ci ildə tamaşaya qoyub, özü də Mehman obrazında çıxış edib. Həmin tamaşa haqqında resenziya çap etdirən Əliyar Yusifli yazır: “Əsəri geniş tamaşaçı kütləsinin qarşısına çıxarmaq üçün teatrın yaradıcı kollektivi çox zəhmət çəkmişdir. Bunu birinci növbədə quruluşçu rejissor İldırım Cabbarovun işində görürük...”.

İ.Cabbarov Naxçıvan səhnəsində rejissorluqla yanaşı, aktyor kimi də özünü təsdiq edib. H.Cavidin “Səyavuş”unda Əfrasiyab, İ.Coşqunun “Komsomol poeması”nda Cəlal, H.Razinin “Odlu diyar”ında Xəlil bəy, Ə.Qəmbərovun “İlan yuvasında fırtına” əsərində Con, K.Ağayevanın “Məhsəti”sində İlyas, S.Ələsgərovun “Özümüz bilərik” musiqili komediyasında Zəfər obrazları xüsusilə yaddaqalan olub.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Nizami Gəncəvi obrazı Naxçıvan səhnəsində” məqaləsində İ.Cabbarovun dahi Azərbaycan şairinin obrazını məharətlə canlandırmasından bəhs edir: “Nizami Gəncəvi obrazı ikinci dəfə C.Məmmədquluzadənin adını daşıyan Naxçıvan Dövlət Musiqili Dram Teatrının bugünkü möhtəşəm binasında pərdələrin ilk dəfə açıldığı gün – 1964-cü il oktyabr ayının 24-də səhnədə göründü. Bu, unudulmaz şair və dramaturqumuz Kəmalənin “Məhsəti” mənzum faciəsindəki gənc İlyas – Nizami obrazı idi... Bu obraz teatrın aktyoru və rejissoru İldırım Cabbarovun ifasında istər Naxçıvanda, istərsə də teatrın Bakı, Tbilisi və digər regionlara səfərində tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı.

Həmin günlərdə “Məhsəti” tamaşası haqqında mərkəzi mətbuat səhifələrində bir neçə resenziya dərc olunmuşdu. Onlardan birinə – şair-dramaturq, teatrşünas Adil Babayevin resenziyasında məhz İlyas obrazı barədəki fikrinə diqqət etmək yerinə düşər: “İlyas surətilə müəllif gənc Nizamini göstərmək istəmişdir. Artist İldırım Cabbarov ustadına (Məhsətiyə) sonsuz hörmət bəsləyən, onun fəlakətlərinə can yandıran, taleyi uğrunda mübarizə edən gənc şairin surətini tamaşaçılara sevdirə bilir”.

 

Həsən Fətullayevin “Vüqarlı gözəl” əsəri 1966-cı ildə İ.Cabbarovun quruluşunda tamaşaya qoyulub və quruluşçu rejissor özü həmin tamaşada çox mürəkkəb xarakterə malik Xanbala Cavadov rolunu məharətlə yaradıb. Səhnə əsəri haqqında bir resenziyada deyilir: “Tamaşaçılar İldırım Cabbarovun ifasında Xanbala Cavadovu qəddar, vicdansız, rüşvətxor, insan ləyaqətini tapdalayan, vəzifəsindən sui-istifadə edən bir müəssisə başçısı kimi görür və nifrət edirdilər...”.

İ.Cabbarov 1968-ci ildə yaradılan Mingəçevir Dövlət Dram Teatrında baş rejissor kimi fəaliyyətə başlayır. Bir il sonra teatr onun quruluşunda C.Cabbarlının “Almaz” tamaşası ilə qapılarını mingəçevirli sənətsevərlərin üzünə açır. Sonra rol aldığı və özünün quruluş verdiyi neçə-neçə səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır.

Yeri gəlmişkən, qeyd edək ki, sadə və səmimi insan olan İ.Cabbarov sənətə prinsipial yanaşıb, onun meyarlarını həmişə ciddiyə alıb. Səhnənin tələblərinə uyğun gəlməyən əsərlərin teatra yol açmasına imkan verməyib. Həmin dövrdə yararsız bir əsərin repertuara salınması üçün Mingəçevir şəhər rəhbərliyindən göstəriş gəlir. Əsərlə tanış olan rejissor buna qarşı çıxır. Nəticədə ciddi konflikt yaranır və İ.Cabbarov təxminən 10 il teatrdan uzaqlaşmalı olur, müxtəlif işlərdə çalışır. Nəhayət, “qara bulud” çəkilir, o, 1990-cı ildə yenidən Mingəçevir teatrına qayıdır...

Mingəçevir teatrı yaranandan orada fəaliyyət göstərən, İ.Cabbarovla çiyin-çiyinə çalışan və bir sıra tamaşalarda onunla tərəf-müqabil olan Xalq artisti Ella Yaqubova mərhum sənətkarı xoş duyğularla, minnətdarlıqla yada salır. Deyir ki, İ.Cabbarov teatra gəldiyi ilk günlərdən sənətlə bağlı tələblərlə paralel olaraq kollektivin birliyinə, mehribanlığına xüsusi diqqət yetirirdi: “Gənc artistlərə qayğı ilə yanaşır, onların püxtələşməsi üçün əlindən gələni əsirgəmirdi. Həm də gənc əməkdaşlardan yaşlı sənətkarlara ehtiram göstərmələrini istəyirdi. Yəni kollektivi bir ailə kimi görürdü. Elə bir səmimiyyət yaratmışdı ki, biz sirrimizi, problemlərimizi onunla bölüşür, məsləhət alırdıq. Məqamı gələndə iş yoldaşlarını müdafiə edir, çətinlikləri aşmağımızda bizə dəstək olurdu. Ana yurdunun işğal altında olması onun üçün böyük dərd idi. Yurd həsrətini ifadə edən səhnə əsərlərini izləyəndə hönkürtü ilə ağlamağına şahid olmuşam. Təəssüf ki, torpaqlarımızın işğaldan azad olunmasını görə bilmədi”.

Ella xanım onu da bildirir ki, İldırım müəllim teatra sevgi yaratmaq, bu sənətin üfüqlərini daha da genişləndirmək üçün yorulmadan çalışırdı: “Nümunəvi ailəsi vardı. Onlar da tez-tez tamaşalara gələrdilər. Demək olar ki, kollektivə qaynayıb-qarışmışdılar. İldırım müəllim mingəçevirlilərin dərin hörmətini qazanmışdı. Buna görə də dünyasını dəyişəndə böyük izdiham onu sevgiylə, hörmətlə son mənzilə yola saldı. Biz sənət dostları bu əziz insanı heç vaxt unutmayacağıq. Mən hər gün teatrın binasına daxil olanda mütləq onun da şəkli qarşısında dayanır, ruhuna rəhmət oxuyuram”.

Sənətkar Mingəçevir səhnəsində neçə-neçə əsərə uğurlu səhnə həlli verib. Həmçinin İ.Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” əsərində Avşar Hüseyn, “Tənha iydə ağacı”nda Kərim bəy, C.Cabbarlının “Almaz”ında Hacı Əhməd, “Solğun çiçəklər”də Bəhram, C.Məmmədquluzadənin “Danabaş kəndinin məktəbi”ndə Naçalnik, S.Vurğunun “Vaqif”ində İbrahim xan kimi aparıcı obrazları məharətlə yaradıb. O, teatrsevərlərin gözünün axtardığı, arzulanan sənətkar kimi şöhrət qazanıb.

İ.Cabbarov Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanları ilə təltif edilib. 2005-ci ildə anadan olmasının 70, səhnə fəaliyyətinin 50 illiyi münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanına layiq görülüb. Tanınmış teatr xadimi 2014-cü il yanvarın 23-də Mingəçevirdə dünyasını dəyişib, şəhər qəbiristanlığında dəfn olunub.

 

***

 

Bəli, İldırım Cabbarov haqqında oxucuları, az da olsa, məlumatlandırmağa çalışdım. Ancaq, çox təəssüf ki, xəyalını qurduğum kimi, qəzetimizin bu yazının dərc olunan sayını rejissorun oğlu Rauf bəyə verib sürpriz edə bilməyəcəm. Demək, fələk sürpriz sarıdan məndən qoçaq tərpənibmiş. Özü də acı sürpriz...

Bir müddət bu xeyirxah insan gözə dəymədi. Məhəllədə, yolda axtarırmağa başladım. Bir gün avtobus dayanacağımıza yaxın mağazanın sahibindən onu xəbər aldım. Dedi Rauf dünyasını dəyişib. Yerimdə donub qaldım. Elə o an özünün vaxtilə söylədiyi “Atam hər işdə qazanc axtarsaydı, yaxşı ad-san qoyub getməzdi” sözləri beynimdə dolaşdı...

Həyat da səhnə kimidir; “oynadığın” obrazların yaxşısı, yamanı var. Gərək özün yaman olmayasan... Təsəllim odur ki, dünyanı yaşamalı edən yaxşılardan – bu ata-oğuldan – söz aça bildim. Ruhları şad olsun.

 

Fariz Yunisli

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.6.