İki Yulius

 

Latviyalı rəssamların Azərbaycanın xalça eskizləri əsasında əsərlərinin sərgisi

 

 

Oktyabrın 20-də Azərbaycan Milli Xalça Muzeyində “İki Yulius” adlı sərginin açılışı keçirildi.

Sərgi Milli Xalça Muzeyi, Latviyanın Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, bu ölkənin Milli İncəsənət Muzeyi, Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi, Latviyanın Bakıdakı Səfirliyi, Latviya Dövlət Mədəniyyət Kapitalı Fondunun dəstəyi ilə gerçəkləşir.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirdi ki, sərginin adı Latviyanın Gülbene şəhərində anadan olan iki məşhur rəssamın – Yulius Maderniks (1870-1955) və Yulius Straumenin (1874-1970) yaradıcılığına həsr edilən və 2018-ci ildən etibarən hər il bu şəhərdə keçirilən festivalın adından götürülüb. Ötən əsrin birinci yarısında Latviya peşəkar tətbiqi sənətinin və dizaynının əsaslarını qoymuş bu məşhur sənətkarlardan Yulius Straumenin adı Azərbaycan xalçaçılığı ilə də bağlıdır. Qafqaz Kustar Komitəsində Rəssamlıq şöbəsinin müdiri kimi onun tabeliyində bir çox yerdə, o cümlədən Azərbaycan ərazisində emalatxanalar fəaliyyət göstərirdi. O, Qafqazda mütəmadi olaraq etnoqrafik ekspedisiyalar aparır, əksəriyyətini xalça ornamentləri təşkil edən milli əl işi nümunələrinin eskizlərini və fotoşəkillərini toplayırdı. Texniki tapşırıq kimi toxuculara paylamaq üçün eskizlərin qrafik kağız üzərində çəkmək ideyası ona məxsusdur. Onun eskizləri, eləcə də Azərbaycan xalçalarının eskizləri xalçaçılıq tarixini özündə qoruyub saxlayan nadir, qiymətli irsdir.

Şirin Məlikova dedi ki, sərgidə Yulius Straumenin Qafqaz və Şərq incəsənətinin, həmçinin “art-dekoüslubunun, milli romantizmin təsirini özündə əks etdirən eskizlərinin reproduksiyaları nümayiş olunacaq. Eskizlərin orijinalları Köhnə Druvyena Məktəb-Muzeyi, Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyi, Latviya Milli İncəsənət Muzeyi (hər üçü Latviya) və Gürcüstan İncəsənət Muzeyi – Mədəniyyət Tarixi Muzeyində qorunur. Direktor həmçinin qonaqların diqqətinə çatdırdı ki, sərgi çərçivəsində Dekorativ İncəsənət və Dizayn Muzeyinin Latviya toxuculuq kolleksiyasının kuratoru Ruta Rinkanın Latviya tekstilinə dair mühazirəsi keçiriləcək, eyni zamanda Gülbene İncəsənət Məktəbi və Azərbaycan Milli Xalça Muzeyi mütəxəssislərinin xüsusi olaraq bu sərgiyə hazırladığı uşaqlar üçün proqramlar yer alacaq.

Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva sərgi çərçivəsində başlanan beynəlxalq konfransın əhəmiyyətindən danışdı. Diqqətə çatdırdı ki, nazir müavini Sevda Məmmədəliyeva konfransda təqdim olunan məruzələrin bölgə muzeylərində də dinlənilməsini təklif edib.

Latviyanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili Viya Buşa, Gülbene Bələdiyyəsi Tarix və İncəsənət Muzeyinin direktoru Valda Darqais sərginin təşkilinə görə Xalça Muzeyinə təşəkkür etdilər. Diqqətə çatdırıldı ki,  Yulius Straume Azərbaycan xalqının rəğbətini qazanıb. O, ömrünün böyük bir hissəsini Azərbaycan xalçalarının çeşnilərini toplamağa həsr edib.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

Ekspozisiyanın əsas hissəsini StraumeMaderniksin eskizləri əsasında hazırlanmış müasir tekstilçini əsərləri təşkil edir. BunlarSaxsaXalq Tətbiqi Sənəti Studiyasının (Latviya) üzvləri və onun direktoru Biruta Akmentina tərəfindən yaradılmış şərflər, dəsmallar, corab və əlcəklər, rəssam İnes Brantsın (Latviya) naxışlarla bəzədiyi çini qablar, eləcə də Təbriz İslam İncəsənəti Universitetinin professoru Kərim Mirzəyi və onun tələbələri tərəfindən yaradılmış xalça, balış və süfrələrdir.

 

Sərgi 2023-cü il yanvarın 6-dək davam edəcək.

 

L.Azəri

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.3.