Bu əsərlərdə dövrün ab-havası və həqiqətləri əksini tapıb

Milli İncəsənət Muzeyində tanınmış rəssam Hafiz Məmmədovun yubiley sərgisi açılıb

 

Oktyabrın 19-da Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi , tanınmış rəssam Hafiz Məmmədovun (1921-1995) 100 illik yubileyinə həsr edilən sərginin açılışı oldu.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov diqqətə çatdırdı ki, rəssamlıq sənətimizin inkişafında böyük xidmətləri olan Hafiz Məmmədovun yubileyi pandemiya dövrünə düşdüyündən sərgi bu il təşkil olunur: Rəssamın Azərbaycan təsviri sənətində qoyduğu iz və sənətinin miqyası onun yaradıcılıq mirasının gənc nəslə təbliğ edilməsi üçün əsas verir. Sərgidə tamaşaçılar təsviri sənətin əksər janrlarında əsərlər yaradan rəssamın irsini daha dərindən tanıyacaqlar. Burada rəssamın Dövlət Rəsm Qalereyası və Milli İncəsənət Muzeyində qorunan əsərləri təqdim edilir. Dövlət Rəsm Qalereyasında qorunan əsərlərin bir qismi bərpa olunaraq sərgiyə çıxarılıb. Bu əsərlərdə sovet dövrünün ab-havası və həqiqətləri əks olunub....

Qeyd olundu ki, Hafiz Məmmədov bir çox xarici ölkələrdə Azərbaycanı təmsil edib. Rəssamın Misirdə ezamiyyətdə olduğu zaman yaratdığı əsərlər xüsusilə diqqəti çəkir: Sevindirici haldır ki, rəssamın mirası qorunur, nəsildən-nəslə ötürülür. Bir müddət əvvəl rəssamın qızı, tanınmış rəssam, UNESCO nəzdində Beynəlxalq İncəsənət Assosiasiyası, Beynəlxalq Plastik Sənətlər Assosiasiyası və Bakırköy Rəssamlar Dərnəyinin (İstanbul) üzvü Lətafət Məmmədovanın Müasir İncəsənət Muzeyində sərgisi təşkil edildi, maraqla qarşılandı.

Nazir həmçinin dövlətimizin hər zaman rəssamlara və ümumilikdə sənət adamlarına diqqət və qayğı ilə yanaşdığını dilə gətirdi. Dedi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyətimizin hamisi kimi onun həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliği istiqamətində çoxsaylı layihələrin reallaşmasına əvəzsiz töhfələr verir.

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Hafiz Məmmədovla bağlı xatirələrini bölüşdü. Dedi ki, Azərbaycan təsviri sənətində öz yeri olan rəssam çox mədəni, xoşniyyətli bir insan idi: Onun həyatı o qədər də asan olmamışdı. Rəssamlıq Məktəbini bitirəndən sonra könüllü olaraq müharibəyə getmişdi. Həlim xasiyyətli Hafiz müəllimin iradəsi güclü idi. Müharibədən qayıtdıqdan sonra V.İ.Surikov adına Moskva Dövlət Akademik Rəssamlıq İnstitutunu bitirmişdi. Bir müddət Rəssamlıq Məktəbinin müdiri işləmişdi. Çoxları onu özünə müəllim hesab edirdi. O, ictimai həyatda da çox fəal iştirak edirdi. Bütün bunlarla bərabər, Hafiz müəllim rəssam kimi əvəzsiz idi. Biz bu gün rəssamın sənət dünyası ilə bir daha görüşüb onunla dialoqa girə biləcəyik. Sərgi münasibətilə bütün qonaqları və ailə üzvlərini təbrik edirəm.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Səlhab Məmmədov, Əməkdar rəssam Eldar Qurbanov Hafiz Məmmədovla bağlı xatirələrini dilə gətirdilər. Rəssamın müəllim kimi xüsusiyyətləri, insani keyfiyyətlərindən danışaraq ehtiramla yad etdilər.

Hafiz Məmmədovun qızı Türkiyədə yaşayan rəssam Lətafət Məmmədova çıxış edərək sərginin təşkilinə görə təşəkkürünü bildirdi. Diqqətə çatdırdı ki, sərgidə ailə arxivindən olan əsərlər də nümayiş olunur. Hafiz Məmmədovun əsas mövzusu həmişə Azərbaycan idi. Bir müddət Misirdə yaşadığı üçün orada yaratdığı əsərlər də sənətində xüsusi bir xətt olaraq keçir. L.Məmmədova qeyd etdi ki, atasının yarımçıq qalan işləri də qorunur. Təsviri sənətə gəlməsində atasının rolunu vurğulayan rəssam bu gün yaratdığı əsərlərdə onun da xəttinin özünü göstərdiyini dedi.

Sonra qonaqlar sərgi ilə tanış oldular.

Qeyd edək ki, 1921-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olan Hafiz Məmməd oğlu Məmmədov 1941-ci ildə Bakı Rəssamlıq Məktəbini bitirib. 1959-1973-cü illər ərzində Misir, Sudan, Livan, İraq, Suriya, Mərakeş, Tunis, Macarıstan Rumıniya və digər ölkələrdə keçirilən sərgilərdə ölkəmizin rəssamlıq sənətini təbliğ edib. O, uzun illər pedaqoq kimi çoxsaylı gənclərin bu sahədə yetişməsində xidmətlər göstərib. Sərgidə rəssamın məişət janrında işlədiyi Yay günləri, Gözləmirdim, Mixaylonun vətəni Novxanı kəndi, Doğma yerlər, görkəmli sənətkarların şair Əliağa Vahid, tarzən Hacı Məmmədov və digərlərinin portretləri nümayiş olunur.

Sərgi noyabrın 3-dək davam edəcək.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.1;3.