Mədəniyyət naziri Masallıda vətəndaşlarla görüşüb

 

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Hər ay müxtəlif rayonlarda keçirilən qəbullarda sakinlərin müraciət və problemləri dinlənilir, həlli ilə əlaqədar müvafiq addımlar atılır.

2022-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov oktyabrın 20-də Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Sonra naziricra başçısı Masallı şəhərində Qəhrəmanlar parkını ziyarət edib, Vətən uğrunda canından keçən igid oğulların xatirəsinə ehtiramlarını bildiriblər.

Masallı rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub, 2013-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və müxtəlif eksponatlara baxış keçirib.

Daha sonra rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin  müraciətləri, əsasən, işlə təmin olunma, yerinin dəyişdirilməsi, əmək müqaviləsinin uzadılması, müəssisələrin təmiri, tarixi abidənin bərpası, müəssisəyə ad verilməsi və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.2.