Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfələri UNESCO-da təsdiq edilib

 

Xəbər verdiyimiz kimi, 5-19 oktyabr tarixində Parisdə UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası keçirilib. Sessiyanın son günü Azərbaycanın təqdim etdiyi Bakı Prosesi: Dayanıqlı Sülhİnkişaf naminə Mədəniyyətlərarası DialoqunSosial İnklüzivliyin Təşviqi adlı qətnamə yekdilliklə qəbul edilib.

Bununla mədəniyyətlərarası dialoqun beynəlxalq miqyasda təşviqi istiqamətində ölkəmiz tərəfindən görülən davamlı işlər nəticəsində növbəti uğura imza atılıb. Qətnamədə Bakı Prosesinin UNESCO-nun mədəniyyətlərarası dialoq sahəsində əsas proqramlarının məqsədlərinə verdiyi töhfə tanınır, 2008-ci ildən etibarən Bakı Prosesi çərçivəsində irəli sürülmüş təşəbbüs və əldə edilmiş nailiyyətlərə istinad edilir, habelə dözümlülük, mədəni müxtəliflik və mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə Bakı Prosesini dəstəkləməklə bağlı UNESCO Katibliyi, təşkilatın üzv ölkələri və əlaqədar tərəfdaşlara müraciət olunur.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş Bakı Prosesi çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun ən fəal təbliğatçılarından birinə çevrilib.

2010-cu ildən etibarən Bakı Prosesi regional təşəbbüsdən qlobal platformaya çevrilməyə başlayıb. 2011-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, ICESCO, eləcə də digər beynəlxalq təsisatlarla sıx tərəfdaşlıqda iki ildən bir keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu (DMDF) mədəniyyətlərarası və dinlərarası dialoqun, multikulturalizmin möhkəmləndirilməsi, ölkələr və regionlar arasında dinc birgə yaşayışın təşviq edilməsi, irqi ayrı-seçkiliyə və dözümsüzlüyə qarşı mübarizə kimi mühüm mövzular üzrə önəmli qlobal platforma statusu qazanıb. 2011, 2013, 2015, 2017 və 2019-cu illərdə Bakı beş dəfə Foruma ev sahibliyi edib.

Xatırladaq ki, BMT Baş katibi tərəfindən 2015, 2017 və 2019-cu illərdə qurumun Baş Assambleyasına təqdim edilmiş məruzələrdə Bakı Prosesi xüsusi qeyd olunub və Azərbaycanda keçirilən DMDF mədəniyyətlərarası və dinlərarası dialoq sahəsində BMT-nin əsas qlobal platforması elan edilib.

UNESCO İcraiyyə Şurasının qəbul etdiyi qətnamə ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olmaqla, sülh, dözümlülük, dialoq və dayanıqlı inkişaf kimi ümumbəşəri ideyaların təbliğində öncül rolunu yenidən vurğulayır və Azərbaycanın bu vacib təşəbbüsünün qlobal əhəmiyyətinin bir daha tanıdılması baxımından əlamətdardır.

 

Mədəniyyət.- 2022.- 21 oktyabr.- S.1;2.