Qalibiyyət dastanı rəsm əsərlərində

 

“Zəfər – 44” yaradıcılıq turniri başa çatıb

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi 44 günlük Zəfər dastanı tarixin səhifələrində əbədiyyən yaşayacaq. Bu Qələbə Azərbaycanın güc və qüdrətinin, mübarizə əzminin parlaq nümayişi oldu. Bu güc gələcəyə mirasdır. Gələcəyimiz olan uşaqlarımıza bu qələbə ruhunu aşılamağın ən gözəl yollarından biri də onların sənət təxəyyülünü, bacarıqlarını təşviq etməkdir.

Belə layihələrdən biri – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC, Rəssamlar İttifaqı və Xətai Rayon İcra Hakimiyyətinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Zəfər – 44” adlı uşaq yaradıcılıq turniri başa çatıb.

Sentyabrın 1-də elan olunan turnirdə 10-21 yaş arası uşaq, yeniyetmə və gənclər iştirak ediblər. Qeydiyyatdan keçən hər iştirakçı 2 saat ərzində nəzarətçi rəssamların müşayiəti ilə sərbəst mövzuda rəsm əsərini ərsəyə gətirib. 28 sentyabrda başlanan plener məşğələlər 21 oktyabra kimi davam edib. Hər plenerin sonunda yekun sərgi üçün ilkin seçimlər aparılıb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sərgi və qalereyalar sektorunun müdiri Aqşin Mirfeyzullazadə, Azərbaycan Dövlət Rəsm Qalereyası Elmi-bərpa metodikiekspozisiya şöbəsinin müdiri Elçin Hüseynov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti Sübhan Məmmədov, bərpaçı-rəssam Cəlal Ağayev, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəllimi Gündüz Həbibov və başqalarından ibarət heyət tərəfindən 500-dən çox iştirakçının ərsəyə gətirdiyi əl işlərindən 44-ü sərgilənmək üçün seçilib.

Turnirin yekun sərgisi Xətai Sənət Mərkəzində keçiriləcək. Sərgidə əsərləri nümayiş olunan müəlliflərə sertifikat və hədiyyələr təqdim olunacaq.

Bu sənət yarışmasına ilham qaynağı olan şanlı Zəfəri bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik. Ruhları şad olsun.

 

Sevinc Quliyeva

Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.5.