13 yaşında Üzeyir bəyin “Cəngi”sini müəllif qarşısında ifa etmişdi

 

 

Musiqişünas Solmaz Qasımovanın hazırladığı tədris vəsaitləri bu gün də istifadə olunur

 

Azərbaycan musiqişünaslıq elmində öz sözü, dəst-xətti ilə seçilən alimlərimizdən biri də Əməkdar müəllim, professor Solmaz Qasımova olub. Onun gərgin elmi axtarışlarının bəhrəsi olan əsərləri musiqi sənətinin tədqiqinə dəyərli töhfələr hesab edilir.

Solmaz Qasımova 24 oktyabr 1929-cu ildə Bakı şəhərində riyaziyyatçı alim Cəlal Qasımovun ailəsində dünyaya göz açıb. Solmaz orta məktəblə yanaşı, 2 saylı Musiqi məktəbində də təhsil alır. 13 yaşında Teatr İnstitutunda Üzeyir Hacıbəylinin “Cəngi” əsərini fortepianoda ifa edir. Dahi bəstəkar onun ifasından razı qalır. Bu görüş yeniyetmə musiqiçinin gələcək sənət yoluna işıq tutur. Musiqi Texnikumunun Fortepiano şöbəsində təhsilini davam etdirir. O, təhsil ocağının rektoru, dahi bəstəkar Qara Qarayevin məsləhəti ilə nəzəriyyə-bəstəkarlıq şöbəsinə dəyişilir.

Texnikumu uğurla başa vuran S.Qasımova Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq ixtisasına qəbul olunur. Yorulmadan çalışır, tanınmış sənətkarlardan dərs alır. 1954-cü ildə Bəstəkarlıq fakültəsi tələbələrinin buraxılış konsertində Qara Qarayev ona yaxınlaşır. Yüksək səviyyədə yazdığı buraxılış işinə görə təbrik edir. Bu, gənc bəstəkarın musiqi elminin gələcək inkişafı yollarında ona verdiyi ən böyük mükafat olur.

Təhsil uğurlarına görə konservatoriyada saxlanılan S.Qasımova musiqi tarixi və nəzəriyyəsi kafedrasında əmək fəaliyyətinə başlayır. Pedaqoji fəaliyyəti dövründə  dosent, professor vəzifələrinə kimi yüksəlir. Müxtəlif illərdə Asəf Zeynallı adına Musiqi Məktəbi və Teatr İnstitutunda da dərs deyir.

Professor Elmira Abdullayeva araşdırmasında qeyd edir ki, S.Qasımova konservatoriyada tədris olunan nəzəri fənlər: xarici ölkələrin musiqi tarixi, SSRİ xalqlarının musiqi tarixi, musiqi tənqidinin tarixi və nəzəriyyəsi, sovet musiqisi tarixis. üzrə mühazirə, seminar və məşğələlər aparıb.

Həmin dövrdə konservatoriyada Azərbaycan dilində dərs deyən müəllimlər barmaqla sayılacaq qədər az idi. Solmaz xanım xarici ölkələrin musiqi tarixi fənnini Azərbaycan dilində tədris edən ilk müəllim və bu fənnin ilk dərs vəsaitinin müəllifi olub. 1960-cı illərdə konservatoriyada ilk dəfə tədris olunan Azərbaycan musiqi tarixi fənninin də ilk mühazirəçisi, proqramlarının müəllifi məhz S.Qasımova idi. Onun hazırladığı tədris vəsaitləri bu gün də tələbə və müəllimlərin müraciət etdikləri dəyərli mənbələrdir.

Fədakar müəllim pedaqoji fəaliyyətlə yanaşı, bu sahədə elmi araşdırmalar da aparmaq istəyir. 1965-ci ildə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun aspiranturasına daxil olur. Moskva Konservatoriyasının professoru İ.Y.Rıjkinin rəhbərliyi ilə 1969-cu ildə  “Azərbaycan bəstəkarlarının opera yaradıcılığında müasir mövzu” adlı namizədlik dissertasiyasını (fəlsəfə doktoru) uğurla müdafiə edir. Azərbaycan opera sənəti ilə bağlı problemlər, elmi axtarışlar musiqişünas alimin diqqət mərkəzində olur. Onun “Azərbaycan bəstəkarlarının operalarının musiqi dilində xəlqilik cəhətləri”, “Azərbaycan operaları”, “Fikrət Əmirovun “Sevil” operasının musiqi dilinin xalq mənbələri”, “Azərbaycan bəstəkarlarının opera yaradıcılığı” adlı əsərləri opera janrının Azərbaycanda təşəkkülü və inkişafının tədqiqinə həsr olunub. Bu elmi əsərlərdə hər bir əsərin dramaturgiyası, bədii-intonasiya məzmunu, forma quruluşu, orkestrharmonik dili ətraflı təhlil edilib. Bununla da dünya opera musiqisinin Azərbaycan bəstəkarlarının yaradıcılığında milli mənbə, xalq musiqisinin səciyyəvi cizgilərinin üzvi bağlılığı ilə əlaqədar konkret faktlar əsasında təhlillər aparılıb, mühüm elmi nəticələr əldə edilib. Opera musiqisinin lad-harmonik xüsusiyyətləri də alimin yaradıcılığında əksini tapıb. Bu kitablarda Ü.Hacıbəylinin “Koroğlu”, M.Maqomayevin “Nərgiz”, Q.Qarayev və C.Hacıyevin “Vətən”, F.Əmirovun “Sevil”, C.CahangirovunAzad” operaları ətraflı təhlilə cəlb olunub. Eyni zamanda Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasının ənənələrini davam etdirən, muğam operasına yeni ahəng və yollar tapan bəstəkarların – C.Cahangirovun “Xanəndənin taleyi”, Ş.Axundovanın “Gəlin qayası” operaları, eləcə də son dövrdə yaranmış müasir operaların təhlili verilib.

S.Qasımova eyni zamanda Azərbaycan bəstəkar və ifaçılarının həyat və yaradıcılığına həsr olunan bir sıra monoqrafiyaların da müəllifidir. Cahangir Cahangirov”, “Süleyman Ələsgərov”, “Azər Rzayev”, “Tofiq Quliyev”, “Ramiz Quliyev”, “Fikrət Əmirov” monoqrafiyalarında hər bir sənətkarın yaradıcılıq portreti, əsərlərinin bədii və üslub xüsusiyyətləri, milli incəsənətdə, musiqi mədəniyyətimizdə rolutarixi xidmətləri geniş işıqlandırılıb.

Professor S.Qasımova yeni musiqişünas alimlər nəslinin yetişdirilməsinə də mühüm töhfələr verib, 80-dən artıq diplom işinə və 12 namizədlik dissertasiyasına rəhbərlik edib. Alim dəfələrlə Bakı, Moskva, Tbilisi, Daşkənd şəhərlərində dissertasiya işlərinin müdafiəsində opponent olub.

Dolğun elmipedaqoji fəaliyyəti ilə bir neçə musiqiçi nəsli yetişdirən musiqişünas, Əməkdar müəllim, professor Solmaz Qasımova 2016-cı il dekabrın 20-də Bakıda vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.6.