Əsas odur bəxti yardır...

 

“Əs-səlamü əleyküm”, “Çox sağ olasan”, “Ay həmişə sən gələsən”, “Nə olar, nə olar, təki canın sağ olsun”... deyə-deyə, özünəməxsus şivə və ədası ilə çoxdan tanıdıqlarını da, özünü təzəcə ona tanıdanları da salamlayır, bağrına basır, mehribanlığını bildirir. Beləcə, bu bəstəboy, saç-saqqalı ağarmış dərvişsayağı kişi üzündəki səmimi təbəssümü hamı ilə səxavətlə bolüşür. Əslində, çoxdanışan olmadığından, sözündən əvvəl hərəkəti “dilləndiyindən” ondan çox elə canfəşanlıq gözləyən də yoxdur. Əksəriyyəti sənət dostları, tələbə yoldaşlarıdır deyə bir-birlərini bir baxışdan anlayırlar. Qonaqlarını nəzərləri ilə yerbəyer edir. Özünü hələ də müəllimi qarşısında imtahan verirmiş kimi hiss edən artıq saç ağartmış tələbələri də (keçmişindiki aktyorları) hərbçi nizamı ilə düzülürlər...

Bu məqamda sonra deyəcəyimi də indi deyim, canımı qurtarım. O mərasimdə, məhz o an mənə elə gəldi ki, teatrlar onları yaradanlarla yaşayır, yalnız onların ömürlüyünə bağlı qalırlar. Məhz bu ağır gerçəyi, cansıxıcı həqiqəti təngnəfəs halda qəbul etdiyimdən ön sıradakı yerinə yenicə oturan sənətkara uzun, çox uzun ömür arzulayıram. Üstəlik içimdəki bu kədər yükünü qovmaq üçün nəzərlərimi “Bəxtiyar Xanızadə – 65” lövhəsinə dikirəm...

Məncə, oktyabrın 20-də C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Tarixi Muzeyinə – Xalq artisti, görkəmli səhnə xadimi, Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcısı, bədii rəhbəri və baş rejissoru Bəxtiyar Xanızadənin 65 illik yubiley tədbirinə toplaşan hər kəsin qəlbinin dərinliyində bu nigarançılıq vardı.

Muzeyin munis ekspozisiya zalına toplaşanlar özlüyündə mizansız, şəkilsiz, pərdəsiz bir tamaşa hasil etmişdilər. Azərbaycan kino, teatr, mədəniyyət sahəsinin cavanından yaşlısına – seçkin insanları yığılmışdı Xanızadənin başına. Aralarında özünə ustad saydıqları vardı, ustadı olduqları...

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova ənənəvi tədbirdən fərqli bir yubiley ovqatı üçün Bəxtiyar Xanızadənin kövrək qəlbinə, zərif duyğularına toxuna biləcək dostlar “çələngi”ni bir araya gətirmək istədiklərini dedi.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova milli teatr tarixində özünəməxsus yeri olan Bəxtiyar Xanızadənin yaradıcısı olduğu  Pantomima teatrının müxtəlif beynəlxalq festivallarda səhnə sənətimizi daim layiqincə təmsil etdiyini vurğuladı, bu işdə ustadın böyük əməyinə diqqət çəkdi.

Sənətkarın ömür yolunun müxtəlif məqamlarının toplandığı qısa videoçarx göstərildi. Bu sayədə biz 50-ci illər Bakısında, Şağan kəndində doğulan, saf uşaqlıqdan böyük səhnəyə, kinoekrana, televiziyaya adlayan, sənətin ağır-yüngül sınaqlarından sükutla çıxan və şöhrətə misqal-misqal çatan 65 illik yolu anlara sığdıra bildik.

Xalq artisti Oqtay Mir Qasım kinomuz üçün fərqli sima, obraz, ifa manerası olan aktyor kimi kəşf etdiyi səbəbkardan – “Ofsunçu”dakı Rəsuldan, “Günaydın, mələyim!”dəki Qonaqdan danışdı. Onunla işləməyin zövqünü, rejissor-aktyor mübadiləsinə özünəməxsusluğunu önə çəkdi.

Xalq artisti Ramiz Həsənoğlunun təbrikində daha çox teatr, üslub yaradan adama sevgi hakim idi. “Bəxtiyar Xanızadə kimi nadir istedadlar çox az yetişir” deyən rejissor onun “Qərib cinlər diyarında”, “Ovsunçu”, “Cavid ömrü”, “Sübhün səfiri” kimi bədii filmlərdəki rollarından bəhs etdi.

Teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə pedaqoq, teatr yaradıcısı Bəxtiyarın sənətkarlıq məziyyətlərindən danışdı. Onun formalaşdırdığı səhnə ənənəsinə toxundu. Sonra ayrı-ayrı filmlərdəki rollarını yada saldı, aktyor kimi koloritli oyunundan müqayisələr apardı.

Yubilyarın tələbə yoldaşı,  Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı qonaqları keçmişə səslədi. Qayğısız tələbəlik illəri ilə bağlı xatirələrini bölüşdü.

Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə isə dostunun ləyaqəti, şəxsiyyəti və xarakteri sayəsində nəinki yetirmələri, ümumən sənət sahəsi üçün nümunə olacaq keyfiyyətlərini sadaladı.

Ssenarist, yazıçı-dramaturq İlqar Fəhmi isə sənəti müqəddəs məqama ucaldıb, orada sevən və sevdirən böyük gücə malik Bəxtiyar Xanızadənin yaratmaq səadətindən ağızdolusu danışdı.

Sənətdə də, həyatda da yaxşı dost, sirdaş və ən əsası da başqasının uğuruna ürəkdən sevinə bilən Bəxtiyar Xanızadənin insani yönlərini də Xalq artisti, Yuğ Dövlət Teatrının aktyoru Məmməd Səfa saydı.

Keçmiş mimçi Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Nicat Kazımov müəllimini əsl tələbə həyəcanı ilə təbrik etdi. Ondan öyrəndikləri ilə çıxdığı yoldan bütün çətinliklərə rəğmən heç vaxt dönmədiyini xatırlatdı.

Növbə yubilyarın ayrı-ayrı vaxtlarda quruluş verdiyi, müxtəlif səbəblərdən artıq repertuarda olmayanbu sayədə səhnədən deyil, soyuq ekrandan baxmaqla ovunduğumuz bənzərsiz pantomima tamaşalardan parçalara çatdı. “Nağaraçılar”, “Pantomima buketi”, “Gəldim ki, olam ğəmin hərifi”, “Uçuş”, “Manqurt”, “Dulusçu”, “Zibillik pərvanələri”, “Samurayın ölümü”, “Eşq”, “Maska”, “KesaMoritodan seçilən parçalar bir anlıq hamını zaman üzərindən səyahətə apardı.

Zaman-zaman yolu Xanızadə ilə kəsişən kukla rejissoru Elşad Rəhimzadə isə təbrikini səhnəciklə etdi.

Son sözü, sözsüz ki, yenə o dedi. Bəxtindən az-az yarıdığını etiraf edən, 60-dan sonra özü qarışıq hamıdan tez-tez küsən, yaşı ötdükcə kövrəkləşən, uşaq kimi dəymədüşər, qoca kimi deyingən bəzi səhnədaşlarından fərqli olaraq daha nikbin, xeyli məmnun danışdı.

Çıxışçıları diqqətlə dinlədiyini, hər sözdən söz tutduğunu, bu yaşdan sonra heç hər şeylə hesablaşmadığını əyan-bəyan edəndən sonra ənənəsinə sadiq qalıb ilk tələbələrini yanına yığdı. Arabir zamanında geniş olan həlqədən qopanların da adlarına “toxundu”. Beləcə, danışmaqdan usanmışların ocağından od aparanlardan hələ də o atəşdə yananlara qədər hamısını sadaladı.

Yubileyin musiqili qonaqları da var idi.  Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının solistlərinin rəngarəng ifaları alqışlarla qarşılandı.

Beləcə, xoş sözlərin, saf gülüşlərin, təmənnasız sevgilərin əhatəsində daha da bəxtiyar göründü sənətinin bəxti yar olan...

Əslində, bu bəxt, tale məsələsi bir az mübahisəlidir. Amma söz səhnədən, sənətdən gedirsə, bunun düsturu sadədir: sənətini sevirsənsə sevginin qarşılığı olan səadətə çatırsansa, xoş halına. Bu mənada Bəxtiyar Xanızadə bəxti özünə yar sənətkardır. Çünki bu ömrü, özünün dediyi kimi, ötən zamanın hər saniyəsinə mismar çalıb, iz qoymaqla yaşayıb...

 

Həmidə

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.5.