Sənəti örnək, xatirəsi əziz

 

Bədurə Əfqanlı-110

 

Kino kollektiv əməyin məhsuludur. Ekran əsərlərinin ideya-bədii fikrinin tamamlanmasında, kompozisiya tamlığının təmin olunmasında rəssam (quruluşçu, qrim, geyim) əməyinin də mühüm yeri var. Dövrə aid ekran obrazlarının, ələlxüsus geyimlərinin düzgün hazırlanması aktyor ifasının dolğunluğuna, hadisələrin inandırıcılığına rəvac verir, filmlərin baxımlılığını artırır.

Yüksək sənətkarlıq keyfiyyəti həyata fərqli baxışdan, ətraf mühitə olan böyük diqqətdən, insanlara sevgidən yaranır. Xalq rəssamı Bədurə Əfqanlının gözəllikləri vəsf edən zəngin, çoxşaxəli yaradıcılığı da insanlıq missiyasına xidmət etmək istəyindən irəli gəlib. Milli teatrkino sənətindəki çoxillik fəaliyyəti müxtəlif mövzulu tamaşaların və filmlərin uğurlu alınmasına zəmin yaradıb.

Bədurə Məlik qızı Əfqanlı (Ağamalova) 1912-ci il oktyabrın 25-də Bakıda dünyaya göz açıb. Atası dövrünün geniş dünyagörüşlü ziyalılarından olub, Bakı Dumasında baş mühasib işləyib. Rəsm çəkməyi, mütaliəni sevən Məlik Ağamalov dövrünün boz mühitindən qurtulmağın yeganə yolunun yalnız elmdə, təhsildə, mədəni mühitin təşəkkülündə olacağını yaxşı bildiyindən övladlarına da ədəbiyyatı, incəsənəti sevdirib.

Ailə mədəniyyəti övladlara təsirsiz ötüşməyib, işıqlı təfəkkürlü valideynlərin təlim-tərbiyəsi nəticəsiz qalmayıb. Ailənin böyük qızı Səyyarə heykəltəraşlıqla məşğul olub. Bədurə isə əvvəlcə Bakı Pedaqoji Texnikumuna daxil olsa da (1929), sonradan rəssam olmaq arzusu ilə Bakı Rəssamlıq Məktəbinə qəbul olub (1931), qrafika şöbəsində təhsil alıb.

Görkəmli aktyor Rza Əfqanlı ilə ailə həyatı qurması Bədurə xanımın teatrla əlaqəsini daha da genişləndirib. İki il ərzində Türkmənistanın paytaxtı Aşqabaddakı teatra baş rejissor təyin olunan Rza Əfqanlı orada aktyor kimi də çalışıb, Bədurə xanım isə teatrın quruluşçugeyim rəssamı kimi fəaliyyət göstərib. Sonra 1940-1960-cı illərdə Akademik Milli Dram Teatrında quruluşçu rəssam işləyib. Azərbaycan Dövlət Rus Dram Teatrının tamaşaları, həmçinin opera, rəqs ansamblı və bədii özfəaliyyət kollektivləri üçüngeyim eskizləri çəkib.

Göründüyü kimi, məhsuldar yaradıcılığı Azərbaycan teatrının inkişaf dövrünə təsadüf edən Bədurə xanım müxtəlif teatrlarda peşəkarlıq nümayiş etdirib, sənət sevgisini bənzərsiz yaradıcılıq nümunələri ilə təsdiqləyib. Dövrün mədəni mühitində mühüm rol oynayan rəssamların (Tahir Salahov, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov və b.) tez-tez onlara qonaq gəlməsi, yaradıcılıq müzakirələri Bədurə xanımın sənət eşqini daha da artırıb, sənət istiqamətini dəqiqləşdirib.

Daim yaradıcılıq axtarışında olan rəssam 1960-cı ildən “Azərbaycanfilm” Kinostudiyasında geyim üzrə rəssam kimi fəaliyyət göstərib. Yaddaşlarda iz salan məşhur ekran personajlarının (Qazan xan, Alp Aruz, Cahandar ağa, Qatır Məmməd və b.) libaslarının hazırlanmasında əhəmiyyətli rol oynayıb, maraqlı eskizləri əsasında hər dövrə aid əlbəsələr tikilib.

Kinoda işləyən geyim rəssamı savadlı olmaqla yanaşı, geniş dünyagörüşünə malik olmalıdır. Bədurə xanımın kino fəaliyyətinə nəzər salanda müxtəlif dövrləri əhatə edən hadisələrin personajların fərdi xüsusiyyətlərini bəyan edən geyimlərlə harmoniya təşkil etdiyini görürük. Rəssamın eskizləri əsasında hazırlanan geyimlər öz dövrünün mühitini xarakterizə edir, insanları haqqında təsəvvürümüzü dəqiqləşdirir.

Bədurə xanımın kino fəaliyyəti görkəmli kinorejissor Hüseyn Seyidzadənin “Koroğlu” film-dastanı ilə başlayır. Məşhur xalq dastanının ekran variantında dövrün prototiplərini canlandıran aktyorların libasları həyat mövqelərini, sosial durumlarını, kimliyini xarakterizə edir.

Rejissor ideyasının, həmçinin dastanın bədii təcəssümünün tamaşaçıya dolğun, inandırıcı çatdırılmasında bilavasitə rol oynayan geyimlər ekran hadisələrinin gerçəkliyini, personajların reallığını diktə edir. Filmin qəhrəmanlarından Koroğlunun, Həsən xanın, əyanların, sarayda yaşayan qadınların, rəqqasələrin, dayənin, kosa Səfərin, dəmirçilərin, döyüşçülərin geyimləri həyat mövqeləri ilə yanaşı mənəvi durumlarını, düşüncə tərzlərini xarakterizə edir, ünsiyyət və münasibət formalarına aydınlıq gətirir. Bədurə xanımın peşə bilgisi ilə sənət sevgisinin vəhdəti rejissor ideyasını tamamlayır, nəticə etibarilə də filmdə bitkin, məzmunlu kadrlar sıralanır.

Rəssamın çalışdığı digər ekran əsərlərində (“Leyli və Məcnun”, “Dəli Kür”, “Böyük dayaq”, “Sevil”, “Dədə Qorqud”, “O qızı tapın”, “Qatır Məmməd”) də geyimlər fərqli dövrlərin ab-havasını çatdırır, hadisələr və obrazlar haqqında dolğun məlumat əldə etməyimizə imkan yaradır. Ekran personajlarının geyimləri məzmunu tamamladığına, obrazların fərdi xüsusiyyətlərini təsdiqlədiyinə görə sözügedən filmlər maraq doğurur, ekran taleyini uğurla yaşayır.

Bədurə xanımın kino fəaliyyətinə Əməkdar mədəniyyət işçisi Akif Rüstəmovun xatirələrində də nəzər salaq: “Bədurə xanımı işinə böyük sevgi ilə yanaşan geyim rəssamı kimi xatırlayıram. Rejissorlar onu həvəslə filmlərinə dəvət edirdilər. Çünki ona inanırdılar. Tarixi gözəl bilirdi və filmlərə aid dövrü mütləq araşdırırdı. Buna görə də eskizləri həmişə dəqiq işləyirdi. OnunlaSevil” (rejissor assistenti) və “Dədə Qorqud” (ikinci rejissor) filmlərində işləmişəm. Məlumdur ki, filmlərin hazırlıq dövründə aktyorlar sınaq çəkilişlərinə dəvət edilir. Aktyorlar seçiləndən sonra dekorgeyim rəssamının eskizləri bədii şuraya təqdim olunur, eskizlər təsdiqləndikdən sonra isə geyimlərin tikilişinə başlanılırdı. Bədurə xanım işinə olduqca məsuliyyətlə yanaşırdı. Eskizləri bir neçə variantda işləyirdi ki, bədii şurada təsdiqlənsin.

Yaxşı yadımdadır, o, bəzən səhərdən axşama qədər çəkilişlərdə olurdu, geyimlərə şəxsən nəzarət edirdi. Bəzən də atelyeyə paltarların tikilişinə nəzarət etmək üçün gedirdi. Hərdən yorğunluğu hiss olunurdu, amma üzündən təbəssüm əskik olmurdu. Parçaları sifariş etmə vaxtı çatanda deyirdi ki, mənsiz tikiş fabrikinə getməyin. Bizimlə ora gedir, libaslara lazım olan parçaları seçirdi. Bəzən də fabrik işçisindən onu parçalar saxlanılan anbara aparmasını xahiş edirdi. Ora üst-üstə yığılmış, işlənməyən parçalarla dolu olurdu. Bədurə xanım bir çox hallarda həmin parçalardan seçirdi, tikiliş üçün sifariş edirdi.

Onda seçim və rəngarənglik çox olurdu, həm də büdcəyə sərf edirdi.

Bədurə Əfqanlını çəkiliş meydançasına gətirmək və yaxud atelyeyə aparmaq lazım gələndə evlərinə gedirdik. Bizi yedizdirməmiş heç yerə buraxmırdı. Çox alicənab, mehriban xanım idi...”.

Bu yerdə filosof Səlahəddin Xəlilovun bir fikri yerinə düşür: “Gözəlliyi görə bilənlərin öz yaratdıqları da gözəl olur”. Yüksək mənəvi keyfiyyətlər insanın fəaliyyətini gözəlləşdirməklə yanaşı, onun haqqında xatirələri də zənginləşdirir.

Bədurə Əfqanlı 2002-ci ildə dünyasını dəyişib. Onun kino fəaliyyəti elə də geniş olmasa da, sənət sevgisinin bariz nümunəsi olan yaradıcılığı haqqında uzun-uzadı danışmaq mümkündür. Məhz bu mənada biliyini, bacarığını yaradıcılığına yansıdan, ekran əsərlərinin tamaşaçı qəlbində iz salmasında mühüm rolu olan Bədurə Əfqanlının sənəti örnək, xatirəsi əzizdir...

 

Şəhla Əmirli

Kinoşünas

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.7.