Şuşanın dörd fəsli layihəsi davam edir

Xəbər verdiyimiz kimi, Şuşa İli çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə 4 Seasons of Shusha (Şuşanın dörd fəsli) adlı beynəlxalq fotoqrafiya layihəsi həyata keçirilir.

Layihədə iştirak edən məşhur fotoqraflar Şuşada ayrı-ayrı fəsil üzrə fotoşəkillər çəkirlər. Layihəyə Almaniya, Türkiyə, Finlandiya və İsveçrədən fotoqraflar cəlb olunub. Hüseyn Taşkın (Türkiyə) və Reto Guntli (İsveçrə) Şuşa yaz və yayını fotolarda əks etdiriblər.

Şuşanın payızını Tina Katriina İtkonen (Finlandiya) fotoobyektivin yaddaşına köçürəcək. O, 22-27 oktyabr tarixində Şuşada olacaq.

Oktyabrın 21-də Mədəniyyət Nazirliyi Muzey, qalereya və sərgilər şöbəsinin müdiri Nərgiz Abdullayeva finlandiyalı fotoqrafla görüşüb. Görüşdə 4 Seasons of Shusha layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Şuşanın dörd fəslində sonuncu qış fotolarını isə almaniyalı Hannes Beker çəkəcək.

Qeyd edək ki, xarici fotoqrafların Şuşanı tərənnüm edən, eləcə də şəhərdə aparılan quruculuq işlərini əks etdirən fotolarından ibarət kitab-kataloq nəşr olunacaq. Həmçinin Azərbaycanda, eləcə də fotoqrafların öz vətənlərində və digər ölkələrdə sərgilər təşkil ediləcək.

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.2.