Yerlərdə mədəni həyat və fəaliyyət günün tələblərinə cavab verirmi?

 

Nazir Anar Kərimov Masallı və Cəlilabadda mədəniyyət müəssisələrinə baxış keçirib

 

Xəbər verildiyi kimi, mədəniyyət naziri Anar Kərimov oktyabrın 20-də Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulundan sonra rayondakı bir sıra mədəniyyət müəssisələrinə və tarixi-mədəni abidələrə baş çəkib.

Müəssisələrin fəaliyyəti, cari vəziyyəti və maddi-texniki imkanları haqqında məlumat alan Anar Kərimov işin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

Nazir öncə Masallı şəhər İncəsənət məktəbinin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, məktəb 1964-cü ildən musiqi, 1989-cu ildən isə incəsənət məktəbi kimi fəaliyyət göstərib. 2016-cı ildə dövlət başçısının iştirakı ilə təhsil ocağı üçün müasirgeniş binanın açılışı olub. Həmin ildən onbirillik tədris həyata keçirilən məktəbdə fortepiano, tar, kamança, qarmon, balaban, xanəndəlik, rəssamlıq və xoreoqrafiya ixtisasları üzrə 304 şagird təhsil alır, 70 müəllim çalışır.

Anar Kərimov Masallı Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Məlumat verilib ki, 1963-cü ildə fəaliyyətə başlayan muzeyin hazırkı üçmərtəbəli binası 2016-cı ildə ölkə başçısının iştirakı ilə açılıb. Nəqqaşlıq, qrafika, heykəltəraşlıq, tətbiqi incəsənət, arxeologiya, numizmatika, etnoqrafiya, fotoşəkillər və sənədlər bölmələrindən ibarət muzeyin fondunda 9047 eksponat mühafizə edilir, onlardan 900-ə yaxını daimi sərgilənir. Nazir 1984-cü ildə yaradılan və hazırda muzeyin binasında yerləşən Masallı Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə də tanış olub.

Masallı rayon MKS-nin Mərkəzi Kitabxanasına gələn Anar Kərimova kitabxananın fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat verilib.

Masallıda XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamam və Cümə məscidinə də baxış keçirilib.

Daha sonra Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzinə gələn Anar Kərimovu mərkəzin qarşısında “Halay” və “Həcər” kollektivləri musiqi sədaları ilə qarşılayıblar. Mədəniyyət ocağı ilə tanışlıq zamanı bildirilib ki, 1956-cı ildən fəaliyyət göstərən binada 2011-2013-cü illərdə əsaslı təmir işləri aparılıb. Nazir mərkəzdə xalq tətbiqi sənəti nümunələrinin hazırlanma prosesini, “Cənub incisi” ansamblının müşayiəti ilə mərkəzin solistlərinin ifasında konsert proqramını izləyib.

***

Mədəniyyət naziri Anar Kərimov oktyabrın 21-də Cəlilabad rayonuna səfər edib. Qeyd edək ki, bölgələrə bu qəbil səfərlər Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, yerlərdəki mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə həyata keçirilir.

Nazir Anar Kərimov və rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov əvvəlcə Cəlilabad şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyublar.

Sonra nazir Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə baş çəkib. 2015-ci ildən fəaliyyət göstərən mərkəzin ekspozisiyasında ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, o cümlədən Cəlilabada səfərlərinin əks olunduğu şəkillər, digər sənədlər nümayiş olunur.

Nazir Cəlilabad Dövlət Rəsm Qalereyasına da baş çəkib. Məlumat verilib ki, 1985-ci ildə yaradılan qalereyada hazırda 218 eksponat mühafizə olunur.

Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə və rayon MKS-nin Mərkəzi Kitabxanasına da baxış keçirilib. 1981-ci ildə yaradılan muzeyin fondunda 4918 eksponat var. Muzeyin yeni binası 2010-cu ildə istifadəyə verilib. Cəlilabad rayon Mərkəzi Kitabxanası isə 1930-cu ildə yaradılıb.

Sonra nazir Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbində olub. Bildirilib ki, tədris müəssisəsi 1969-cu ildə yeddiillik musiqi məktəbi kimi fəaliyyətə başlayıb, 1982-ci ildən incəsənət məktəbi kimi fəaliyyətini davam etdirir. Məktəbdə fortepiano, tar, kamança, xanəndəlik, qarmon və rəssamlıq ixtisasları tədris olunur, 270 şagird təhsil alır, 50 müəllim çalışır.

Anar Kərimov Cəlilabad şəhərində XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidələri olan tarixi hamama və Hasıllı kəndində yerləşən məscidə də baş çəkib.

Daha sonra mədəniyyət naziri Cəlilabadda Şəhidlər xiyabanını və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa olunmuş abidə kompleksini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək qəhrəman oğulların xatirəsinə ehtiramını bildirib.

Rayonun Göytəpə şəhərindəki yerli əhəmiyyətli tarixi abidəni – pravoslav kilsəsini də ziyarət edən Anar Kərimova tikili haqqında məlumat verilib. Bildirilib ki, məxsusi  memarlığı ilə seçilən Göytəpə pravoslav kilsəsi 1878-ci ildə inşa olunub. Tikinti yerli ustalar tərəfindən aparılıb, o cümlədən pəncərələr Azərbaycan milli memarlıq üslubunda hazırlanıb.

Səfər çərçivəsində Cəlilabad rayon Privolnoye kənd Mədəniyyət evinə və həmin binada fəaliyyət göstərən MKS-nin kənd kitabxana filialına da baxış keçirilib. Məlumat verilib ki, 1977-ci ildə istifadəyə verilən müəssisənin binası 400 nəfərlik tamaşa zalı, 100 yerlik iclas zalı olmaqla, ümumilikdə, 17 otaqdan ibarətdir.

Sonra Göytəpə şəhər Musiqi məktəbinə gələn Anar Kərimov təhsil ocağının fəaliyyəti haqqında məlumat alıb. Qeyd olunub ki, 1989-cu ildən fəaliyyət göstərən məktəbdə fortepiano, tarqarmon ixtisasları üzrə 94 şagird təhsil alır, 14 müəllim çalışır.

Nazir mədəniyyət müəssisələrin fəaliyyətin günün tələblərinə uyğun qurulması ilə əlaqədar tapşırıq və tövsiyələrini verib.

 

***

Nazir Anar Kərimov oktyabrın 21-də Cəlilabad rayon Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad və Yardımlı rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri ilə görüş keçirib. Görüşdə nazirliyin məsul əməkdaşları da iştirak ediblər.

Nazir çıxış edərək bildirib ki, müntəzəm olaraq bölgələrə səfərlərinin əsas məqsədi yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində çalışan şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaqdır. Eyni zamanda bu sahədə fəaliyyət göstərən insanların nazirlik tərəfindən aparılan islahatlara cəlb edilməsi, onların mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməsinə nail olmaq əsas vəzifələrdəndir.

 

Görüş zamanı mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Anar Kərimov bildirib ki, bölgələrdə fəaliyyət göstərən mədəniyyət işçiləri dövrün tələbləri ilə ayaqlaşmalıdır. Bunun üçün peşəkarlıq səviyyəsi və təşəbbüskarlığın artırılması zəruridir.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha da səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdən sonra nazir Anar Kərimov mədəniyyət işçiləri ilə birlikdə Cəlilabad rayon Mədəniyyət Mərkəzi nəzdində fəaliyyət göstərən Xalq teatrının tamaşasına baxıb.

 

Mədəniyyət.- 2022.- 26 oktyabr.- S.4.