Mətbuat və mədəniyyətimizin fədakar salnaməçisi

Qulam Məmmədlinin yubileyi vaxtilə qurulmasında iştirak etdiyi muzeydə qeyd olundu

 

Bu il fədakar tədqiqatçı, mətnşünas, Əməkdar jurnalist, Əməkdar mədəniyyət işçisi, Qızıl qələm mükafatçısı Qulam Məmmədlinin (1897-1994) anadan olmasının 125 illiyidir.

Oktyabrın 26-da Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyində görkəmli salnaməçinin yubileyi qeyd olundu.

Tədbirdə elm və mədəniyyət xadimləri, Bakı şəhəri 150 nömrəli tam orta məktəbin bir qrup şagirdi iştirak edirdi. İştirakçılar Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Muzeyin direktor əvəzi Yeganə Məmmədova çıxış edərək Qulam Məmmədlinin Azərbaycan salnaməçilik məktəbinin bünövrəsini qoymasından danışdı. Diqqətə çatdırdı ki, yorulmaz tədqiqatçı böyük yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin 100 illik yubileyi münasibətilə Molla Nəsrəddin (salnamə) kitabını çap etdirir. Bununla da ölkəmizdə bu ənənənin əsasını qoyur. O daha sonra Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Üzeyir Hacıbəyov, Cavid ömrü boyu, Nəriman Nərimanov və başqa kitab-salnamələri çap etdirir: Görkəmli tədqiqatçı dəfələrlə bu evdə olub. Eksponatların toplanmasında və yerləşdirilməsində məsləhətlərini əsirgəməyib. İndi də elə bil bu evdə onun ayaq səsləri eşidilir, nəfəsi duyulur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev görkəmli tədqiqatçının Azərbaycan elminə, mədəniyyət və ədəbiyyatına töhfələrindən danışdı. Bildirdi ki, onun adı çəkiləndə Azərbaycan ədəbiyyat və mətbuatı ilə bağlı salnamələr yaradan fədakar tədqiqatçı yada düşür. Elmi dərəcə və elmi adı olmayan bu araşdırmaçı yaradıcılıq fəaliyyəti dövründə təkbaşına bir elmi tədqiqat institutunun işini görüb. O, ömrünün böyük hissəsini milli ədəbi irsin, mətbuat tariximizin öyrənilməsinə həsr edib.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı salnaməçi ilə bağlı xatirələrdən söz açdı. Qeyd etdi ki, görkəmli rus yazıçısı Maksim Qorki 1934-cü ildə Bakıda olarkən Qulam müəllim də onunla görüşür. Bu görüş rusiyalı ədibin yaddaşında dərin iz buraxır. M.Qorki Q.Məmmədlini xalq sərvətinin bilicisi, Azərbaycan mətbuatının yanar ürəyi adlandırır.

Diqqətə çatdırıldı ki, Q.Məmmədli mətbu fəaliyyətlə yanaşı, ədəbi mühitdə az tanınan klassik yazıçı və şairlərimizin yaradıcılığı ilə bağlı dərin araşdırmalar aparıb. Mirzə Məhəmməd Naxçıvani ilə dostluq əlaqələri qurub. Onun kitabxanasından istifadə edərək Mirzə Əli MöcüzHeyran xanım haqqında kitablar hazırlayaraq Təbrizdə çap etdirib.

Tədbirdə daha sonra Əməkdar müəllim M.Babakişiyeva, Bakı Dövlət Universitetinin professoru M.Osmanoğlu və başqaları çıxış edərək Q.Məmmədlinin elm və mədəniyyətimiz qarşısında xidmətlərindən danışdılar.

Çıxışlardan sonra muzeyin direktor əvəzi Y.Məmmədova tədbir iştirakçılarına təşəkkürünü bildirdi.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.5.