Maqomayevin xatirəsi Moskvada da anılıb

Dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin (1942-2008) xatirəsi Moskvada da anılıb. Oktyabrın 25-də, Müslüm Maqomayevin vəfatının ildönümündə onun ölməz sənətinin pərəstişkarları Rusiya paytaxtında ucaldılmış abidəsi önündə toplaşıblar.

Anım mərasimində Müslüm Maqomayevin xanımı, SSRİ Xalq artisti Tamara Sinyavskaya, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları iştirak ediblər. Abidənin önünə gül dəstələri qoyulub. Dahi müğənninin repertuarından mahnılar səslənib.

Xatırladaq ki, Müslüm Maqomayevin 80 illiyi münasibətlə oktyabrın 25-də Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə Əziz Müslüm adlı yubiley gecəsi keçirilib.

Müslüm Maqomayevin Moskvadakı heykəli 2011-ci ildə ucaldılıb. Abidənin müəllifləri heykəltəraş, Rusiyanın Xalq rəssamı Aleksandr Rukavişnikov və Rusiyanın Əməkdar memarı İqor Voskresenskidir.

Heykəl VoznesenskiYeliseyev döngələrinin kəsişdiyi yerdəki bağda, böyük musiqiçinin yaşadığı evin yaxınlığında qoyulub. Abidə meydançası royal formasında cilalanmış qranitdən hazırlanıb. Royalın önündə Maqomayevin ifa etdiyi məşhur mahnılardan biri olan Sən mənim melodiyamsan mahnısının sözləri və notları həkk edilib. Müğənninin tunc heykəli qranit pyedestalda qoyulub. Hündürlüyü 4,5 metr olan abidə sənətkarın yaxın dostu, Krokus şirkətinin prezidenti, həmvətənimiz Araz Ağalarovun təsis etdiyi Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyi ilə hazırlanıb və Moskvanın o vaxtkı meri Yuri Lujkovun müvafiq sərəncamına əsasən ucaldılıb.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.8.