Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 10 yaşı tamam olub

 

 

Prezident İlham Əliyev Mərkəzin İdarə Heyətinin üzvləri ilə görüşüb

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldini və İdarə Heyətinin üzvlərini qəbul edib.

İsmail Serageldin son dövrlərdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzunun dünyada daha da artdığını vurğulayıb, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələrinin yaradıldığını deyib. O, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinə verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

İsmail Serageldin Mərkəzin təsis olunmasının 10 illik yubileyi münasibətilə xatirə hədiyyələrini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yubileyi münasibətilə təbriklərini çatdırıb və yubileyin Bakıda qeyd edilməsinin rəmzi xarakter daşıdığını bildirib. Dövlətimizin başçısı Mərkəzin beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolununnüfuzunun artmasından məmnunluğunu ifadə edib.

Görüşdə vurğulanıb ki, Azərbaycan Prezidentinin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən hər il keçirilən Qlobal Bakı Forumu artıq bütün dünyada aktual məsələlərin müzakirə olunduğu və onların həlli istiqamətində yeni yanaşmaların təklif edildiyi beynəlxalq platforma kimi qəbul olunur.

İsmail Serageldin bildirib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu il ərzində Çində və Polşada həmin ölkələrin prezidentlərinin himayəsi altında keçirilən beynəlxalq konfranslarda, BMT Baş Assambleyası çərçivəsində ABŞ-da, Cenevrədə Dünya Səhiyyə Təşkilatı və BMT-nin Cenevrə Ofisi və Berlində Dünya Səhiyyə Təşkilatı ilə birgə təşkil olunan tədbirlərdə, həmçinin Yaponiyada baş tutan Texnologiya Sammitində və Latviyanın paytaxtında – “Riqa Konfransı – 2022”də tərəfdaş kimi çıxış edib.

Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixində Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib.

 

Mədəniyyət.- 2022.- 28 oktyabr.- S.2.