Torpağı Vətən edənlər unudulmur

 

Bərdə RMİ Yevlax şəhər Yaradıcılıq evində Vətən müharibəsi şəhidi Faiq Adıgözəlova həsr olunmuş teatrlaşdırılmış ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdirilib. İdarə rəisi Vəsilə Möhsümovanın da iştirak etdiyi tədbirdə şəhidin qısa ömür yolu, məktəb illəri, Azərbaycan Ordusunda xidmət dövrü və 44 günlük Vətən müharibəsində iştirakını əks etdirən səhnələr nümayiş olunub, vətənpərvərlik ruhunda şeirlər və musiqi nömrələri səsləndirilib.

***

Şəki RMİ-nin rəisi Azər Yusubov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Rəhman Məmmədov və mədəniyyət işçiləri tərəfindən Vətən müharibəsi şəhidi Vasif Həmidovun məzarı və ailəsi ziyarət edilib.

***

Xaçmaz RMİ-nin əhatə etdiyi Quba rayon MKS-nin Mərkəzi Kitabxanası Uşaq şöbəsinin təşkilatçılığı ilə Milli Qəhrəman Yunis Nəcəfovun (1967-1992) 55 illiyi ilə əlaqədar tədbir keçirilib.

***

Xızı rayonunun Sitalçay kəndində torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə bulaq kompleksi istifadəyə verilib. Bulaq kompleksində Vətən müharibəsi şəhidləri Elnur Ağaəhmədov, Rafiq Məcidov və Birinci Qarabağ döyüşlərində şəhid olan Mirzə İbrahimov, Nicat Allahverdiyev və Əlabbas Ələkbərovun xatirələri əbədiləşdirilib.

***

Kürdəmir RMİ Beyləqan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Mahir Dadaşzadənin doğum günü münasibətilə “Şəhidlik zirvəsinin 29 yaşlı fatehi” adlı tədbir keçirilib. Beyləqan Rayon İcra Hakimiyyəti və Kürdəmir RMİ Beyləqan rayon nümayəndəliyinin tabeliyində fəaliyyət göstərən müəssisələrin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə şəhidin həyatından və döyüş yolundan bəhs edən film nümayiş olunub.

Kürdəmirin Qarasu kəndində Vətən müharibəsi şəhidi Elnur Abışovun adına tikilən xatirə bulağının açılışı olub. Elnur Abışov Vətən müharibəsində Suqovuşan qəsəbəsi istiqamətində şəhid olub, doğulduğu kənddə torpağa tapşırılıb. Ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

***

İmişli rayonunda şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində daha bir addım atılıb. Gənc fəal Ziya Rzayevin təşəbbüsü ilə İmişli şəhərinin Xiyabani küçəsində şəhidlərin xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılış tədbirində çıxış edənlər qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolundan danışaraq şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.4.