Yubiley, müşavirə, sərgi, səyyar kitabxana...

 

Gəncə Regional Mədəniyyət İdarəsinin (RMİ) tabeliyində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinin müxtəlif ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan məzunları ilə görüş keçirilib. Görüş zamanı idarə rəisi Vasif Cənnətov məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Gəncə RMİ və Samux Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayonun Qarayeri qəsəbə Uşaq musiqi məktəbində və onun ətrafındakı parkda iməcilik keçirilib. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Gəncə RMİ-nin rəisi Vasif Cənnətovun da iştirak etdiyi iməcilikdən sonra musiqi məktəbinin kollektivi tərəfindən musiqi nömrələri təqdim edilib.

Samux rayon MKS-nin Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Şuşanın dahi şəxsiyyətləri” adlı kitab sərgisi təşkil ediblər.

***

Şəki RMİ-nin rəisi Azər Yusubov Şəki şəhər 2 nömrəli Uşaq musiqi məktəbində aparılan əsaslı təmir işləri ilə tanış olub. Musiqi məktəbinin direktoru Tərlan Məmmədov və icraçısı Adil Bədəlov binada aparılan əsaslı təmir işləri barədə və müəssisə haqqında idarə rəisinə məlumat veriblər.

***

Sumqayıt RMİ Sumqayıtın Tarixi Muzeyində idarə rəisi Rəşad Əliyevin iştirakı ilə tabeli müəssisə rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. Müşavirədə mədəniyyət müəssisələrinin fəaliyyətinin müasir dövrün tələbləri əsasında qurulması, işə davamiyyət, şəffaflıq və səmərəliliyin artırılması, təcrübə mübadiləsinin aparılmasına diqqət yönəltməyin vacibliyi vurğulanıb. İdarə rəisi həmçinin bütün müəssisələrdə mətbuatla işin təkmilləşdirilməsi, sosial şəbəkələrin imkanlarından düzgün istifadə etməklə maarifləndirmə və təbliğat fəaliyyətinin sistemli və əlaqəli şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin “Dostluq” Mədəniyyət evində fəaliyyət göstərən “Ayparakukla teatrı “Cırtdan” tamaşasını təqdim edib. Poeziya evində balacaların görüşünə gələn teatr uşaqlara xoş ovqat bəxş edib.

***

Ağstafa RMİ Tovuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyev adına şəhər istirahət parkında səyyar kitabxana xidməti təşkil edilib. Tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyat və mədəniyyətimizə dair kitablar nümayiş olunub.

***

İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının təbliğat qrupu Heydər Əliyev adına park-bulvardaGender bərabərliyi” mövzusunda tədbir keçirib. Tədbirdə çıxış edən Bərdə RMİ-nin rəisi Vəsilə Möhsümova mövzu ilə bağlı qanunvericilik bazası haqqında söz açıb.

***

Ağdaş RMİ Zərdab rayon MKS-nin Dəkkəoba kənd kitabxana filialına Dəkkəoba kənd körpələr evi-uşaq bağçası fidanlarının ekskursiyası təşkil olunub.

***

Xaçmaz RMİ Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xurşidbanu Natəvanın (1832-1897) 190 illiyi ilə əlaqədar “Poeziyamızın iftixarı” adlı tədbir keçirilib. Tədbirdə “Xurşidbanu Natəvan – 190” adlı sərgi nümayiş olunub.

***

Biləsuvar RMİ-nin əhatə etdiyi Neftçala Dövlət Rəsm Qalereyası isə Xan qızının 190 illik yubileyinə həsr olunmuş sərgi təşkil edib.

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.4.