Şuşada təbiətin ecazkarlığı ilə qonaqpərvərlik vəhdət təşkil edirdi...”

 

 

Beynəlxalq Muğam Mərkəzində sentyabrın 4-də “Youth ArtCamp Shusha and Baku” (“Şuşa və Bakı gənclərin incəsənət düşərgəsi”) beynəlxalq layihəsinin bağlanış mərasimində layihə çərçivəsində Ağdam, Füzuli, Cəbrayıl və Şuşa şəhərlərini ziyarət edən ölkəmizdən və xaricdən 16 gənc rəssamın çəkdikləri rəsmlərin sərgisi nümayiş olundu. Düşüncə və yanaşma fərqlilikləri ilə seçilən əsərlər qonaqlar tərəfindən maraqla qarşılandı.

Sərgi ilə tanışlıq zamanı Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov əsərləri tariximizə əcnəbi gənclərin gözü ilə baxış olaraq yüksək qiymətləndirdi: “Bu əsərlərin hər birində biz bu gün sənətkarlıq tərəflərini deyil, məsələyə yanaşmanı qiymətləndirməliyik. Hər bir rəssam gördüyünü azad və sərbəst, öz üslub və janrında kətana köçürüb”.

Türkiyəli rəssam Alper Bakıcı Türkiyə-Azərbaycan qardaşlığının əbədiliyindən söz açdı: “Tablo üzərində Azərbaycanla Türkiyənin ortaq mirası olan Dədə Qorqudun fəlsəfi ruhunu ötürməyə çalışdım. Şuşa qalası üzərində Dədə Qorqudun rəsmini çəkdim, Azərbaycan tarını Türk dünyasının qopuzu ilə əlaqələndirdim. Dədə Qorqud həm də sazımızın simvolu olduğu üçün onun ruhunu Şuşa qalasının mərkəzi qapısında birləşdirməyə çalışdım. İşlədiyim rəsmdə göy, qırmızı və yaşıl rəngləri əsas götürmüşəm. Bununla mən Azərbaycan-Türkiyə qardaşlığına bir töhfə vermək niyyətimi reallaşdırdım”.

Əməkdar rəssam Əsmər Nərimanbəyova layihənin Azərbaycanda təşkilinə görə əlaqədar qurumlara minnətdarlığını bildirdi: “Şuşanın hər bir qarışı bizim üçün doğmadır. Təəssüf ki, biz bu binaları fotolarda görmüşük. Biz səfərdə olduğumuz zaman Şuşanın tanınmaz hala salındığına şahid olduq. Ancaq xəyalən köhnə Şuşanın küçələri ilə dolaşır, onun istisini duya bildik. Bu gün sərgilənən əsərlərimdə yağlı boya ilə Şuşanı futurizm elementləri ilə kubizmdaha çox impressionizm üslubunda təsvir etdim. Şuşanı gəzdikcə, Şuşa qalasını, görkəmli şəxsiyyətlərin dağıdılmış evlərini gördükcə, Cıdır düzündən dağları seyr etdikcə mövzular sel kimi axıb özü ilə yeni fikirlər gətirir. Çəkdiyim rəsmlərdə çalışmışam Şuşanın tarixi abidələrini və füsunkar təbiətini əks etdirim. Bundan başqa, ağacların kölgəsində gizlənən evləri, kol-kos basmış həyətləri də göstərim”.

Pakistanlı Cazib Ceykob sərginin sonunda sertifikat təqdim olunan zaman ona ünvanlanan sürəkli alqışlardan fəxr duyduğunu, bu alqışı həm də Pakistan-Azərbaycan dostluğuna həsr edildiyini dedi. O həm də Şuşada çəkdiyi ilk rəsmi Pakistan-Azərbaycan dostluğuna ərməğan edib: “Şuşaya səfərim zamanı böyük bir mədəniyyət ocağını kəşf etdim. Ancaq Şuşanın mərkəzi meydanında güllələnmiş heykəlləri görəndə çox mütəəssir oldum. Dahilərin heykəlləri vandalizmə məruz qalmışdı. Bu məni çox kədərləndirdi. Qərara gəldim ki, rəsmdə Pakistanda çox məşhur olan bəstəkar və şair Jameel Siraj ilə Üzeyir Hacıbəylinin portretini yaradım. Mən onları Şuşa qalasının önündə təsvir etmişəm. Musiqi insanları bir araya gətirdiyi üçün düşünürəm ki, yaratdığım əsər Pakistanla dost Azərbaycan arasında mədəni körpü rolunu oynayacaq”.

İspaniyalı rəssam Alisia Lunyo: “Şuşanın küçələri ilə gəzərkən qarşıma çıxan beşmərtəbəli bina diqqətimi çəkdi və mən onu kiçik rəsmdə əks etdirmək istədim. Həmin bina tamamilə dağıdılsa da, mən onu rəsmdə olduqca əlvan rənglərlə işləmişəm. Rəsmdə həmçinin həmin binanı bərpa edən, şəhəri abadlaşdıran, ümumilikdə Şuşanın əvvəlki görkəmini özünə qaytarmaq üçün gecə-gündüz çalışan fəhlələrin əksini də görmək olar. Bu, həmin işçilərə mənim tərəfimdən olan bir ehtiramdır. Rəsmdə əlvan rənglərdən istifadə etmişəm. Çəhrayı və sarı rəngləri qabardıb, göyün müxtəlif çalarları ilə uyğunlaşdırmışam”.

Qətərli rəssam Abdulla əl-Mutava Azərbaycandan xoş və zəngin təəssüratlarla ayrılacağını bildirdi: “Qətərin Mədəniyyət Nazirliyi bu mötəbər tədbirdə iştirak etmək üçün mənim namizədliyimi irəli sürüb. Azərbaycanın zəngin mədəni irsi və Şuşanın füsunkar təbiətini öz əsərlərimdə əks etdirməklə yanaşı, Qətərin də mədəniyyəti, tarixiidman sahəsində uğurlarını tanıtmaq istəyirəm. Türkiyə, İran, Meksika, Pakistanİordaniyadan da rəssamların iştirak etdiyi bu sənət forumunda ölkəmi təmsil etməkdən xoşbəxtəm. Bu müddət ərzində iştirakçılar üçün hər cür şərait yaradılmışdı. Biz rəssamlar tablolarında iki əsas mövzunu – ətraf mühitsülh ideyalarını təbliğ etdik. Mən başqa ölkələrdə də analoji tədbirlərdə iştirak etmişəm, amma Şuşada tamamilə başqa ab-hava var. Bu, təbiətin ecazkar gözəlliyi ilə vəhdət təşkil edən qonaqpərvərlik idi”.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.5.