Şuşalı bəstəkarlar

 

IV yazı

 

Şuşa İli” münasibətilə qala-şəhərimizin Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyi sənətkarlar haqqında silsiləmizi davam etdiririk. “Şuşalı bəstəkarlar” rubrikasında bu dəfə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən Xalq artistləri Süleyman Ələsgərov və Vasif Adıgözəlovu yada salacağıq.

Süleyman Ələsgərov zəngin yaradıcılıq yoluna malik bəstəkar-pedaqoqlarımızdandır. Onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifələrindəndir. Mahnılardan tutmuş, operaya kimi rəngarəng yaradıcılıq nümunələrinin müəllifi olan sənətkar həm də aydın vətəndaş mövqeyi olan şəxsiyyətlərdən idi.

Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü ilin 22 fevralında Şuşada anadan olub. Uşaqlıq illərindən musiqiyə böyük maraq göstərən Süleyman Şuşa dağlarının ucalığından, çəmənlərinin ətrindən, bulaqlarının saflığından elə bəhrələnmişdi ki, ömrü boyu ilhamının ünvanı Şuşa idi.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki BMA) bitirən bəstəkar 2 opera (“Bahadır və Sona” və “Solğun çiçəklər”), 12 musiqili komediya, 2 simfoniya (“Gənclik” və “Vətən”),  “Bayatı-Şiraz” simfonik muğamı, violonçel, fortepianosimfonik orkestr üçünİkili konsert”, simfonik orkestr üçün uvertüralar, iki simfonik poema, 6 kantata, bir sıra kamera-instrumental əsərlər, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsert, xor üçün, xalq çalğı alətləri orkestri üçün çoxsaylı əsərlərin müəllifidir. Sənətkarın 200-ə qədər mahnı və romansı bu gün də musiqisevərlərin qəlbini oxşayır.

S.Ələsgərovun geniş tamaşaçı, dinləyici kütləsi arasında tanınması 1940-cı illərin əvvəllərinə təsadüf edir. 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya respublikalarının incəsənət ongünlüyündə gənc bəstəkar da iştirak edirdi. Tədbir çərçivəsində səsləndirilən bir çox mahnılar sırasında onun “Gözlə məni” mahnısı da vardı. O, bu mahnını 1942-ci ildə, 18 yaşında yazmışdı. İlk ifadan sonra mahnı dinləyicilər arasında geniş yayıldı, sevildi və müəllifə şöhrət gətirdi.

Hələ konservatoriyada məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən geniş yaradıcılıq fəaliyyətinə başlamışdı. Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik poema, “Məhəbbət gülümusiqili komediyasını, simli kvartet, skripka, violonçelfortepiano üçünTrio”, “Xatirə” əsərlərini yazır. III kursda oxuyarkən simfonik orkestr üçünBayram uvertürası”nı, violonçel, fortepianosimfonik orkestr üçün ikiliKonsert”, nəhayət, diplom işi kimi “Vətən” simfoniyasını bəstələmişdi. Tələbə bəstəkarın bu əsərlərinin əksəriyyəti elə yazıldığı dövrdə musiqi ictimaiyyəti arasında rəğbətlə qarşılanmışdı və bu gün də konsertlərdə səsləndirilir.

Görkəmli bəstəkar Əşrəf AbbasovBayram uvertürası”nı bəstəkarın ən müvəffəqiyyətli əsərlərindən sayır: “Burada xəlqilik, melodiya zənginliyi, harmoniya əlvanlığı... orkestrin parlaq səslənməsi, musiqi inkişafının qanunauyğunluğuümumi ahəngi uvertüranın bayramsayağı ifasına gətirib çıxarır”.

Bəstəkarın simfonik muğam janrında “Bayatı-Şiraz əsəri bu janrdaŞur”, “Kürd-ovşarı” (F.Əmirov) və “Rastdan (Niyazi) sonra yazılmış gözəl nümunələrdən hesab edilir. Sənətkarın kamera instrumental əsərləri də dəyərlidir. Bu əsərlərin bir çoxu aliorta ixtisas musiqi məktəblərinin tədris proqramına da daxil edilib.

S.Ələsgərov yaradıcılığında musiqili səhnə əsərləri də xüsusi yer tutur. O, bütün yaradıcılığı boyu bu kimi əsərlərə müraciət edib. Bəstəkarın musiqili komediya janrına xüsusi münasibəti, marağı olub. “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Milyonçunun dilənçi oğlu”, “Hardasan, ay subaylıq?”, “Sevindik qız axtarır”, “Həmişəxanım” kimi operettaları Musiqili Komediya Teatrının repertuarında uzun müddət yer tutan ən uğurlu tamaşalardan olub. Bu  günbu operettalara maraq azalmayıb.

İstedadlı bəstəkar həm də Azərbaycan xalq musiqisinin toplanmasında, nota köçürülməsində böyük fədakarlıq göstərib. Musiqi fondunda saxlanılan bir sıra muğamlar, rənglər (“Qarabağ şikəstəsi”, “Segah rəngi” və s.), xalq mahnıları S.Ələsgərovun zəhmətinin bəhrəsidir. O, yurdumuzu qarış-qarış gəzərək yaddaşlarda yaşayan, el şənliklərində ifa olunan mahnıları seçərək nota köçürürdü.

S.Ələsgərov həmişə tamaşaçılar tərəfindən sevilən, alqışlarla qarşılanan bəstəkarlardan olub. Həm kinofilmlərə, həm tamaşalara yazdığı musiqilər film və səhnə əsərlərinin təsir gücünü daha da artırıb, mütəxəssislərin diqqətini çəkib. Görkəmli bəstəkar 21 yanvar 2000-ci ildə Bakı şəhərində vəfat edib.

***

Vasif Adıgözəlov 1935-ci il iyulun 28-də Şuşada məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini (piano) Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik Musiqi məktəbində alıb. 1953-cü ildə konservatoriyaya daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın siniflərində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib.

Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi yer tutur. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən, Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İrankeçmiş SSRİ-nin bir sıra respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

Bəstəkarın yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın (“Ölülər”, “Natəvan”), 6 musiqili komediyanın, o cümlədən “Nənəmin şahlıq quşu”, bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı “Hacı Qara”, “Boşanaq, evlənərik”, “Aldın payını, çağır dayını”, həmçinin “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala – 1915”, “Qəm karvanı” oratoriyalarının, 3 simfoniyanın, “Segah” muğam-simfoniyasının, “Mərhələlər”, “Afrika mübarizə edirsimfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərlərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə musiqilərin müəllifidir.

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqilər təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq fortepiano üçün prelüdlərdən tutmuş irihəcmli instrumental əsərlər – pianoorkestr üçün 3 konsert, skripkaorkestr üçün, violonçelorkestr üçün konsert yazıb.

V.Adıgözəlovun yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala – 1915” oratoriyaları xalqımızın, həmçinin Türkiyə türklərinin tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış diqqətəlayiq əsərlərdir.

İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın qəlbinə yol tapıb. Onun dillər əzbəri olan “Qərənfil”, “Bakı”, “Xoşum gəlir”, “Naz-naz”, “Şuşa laylası”, “Anakimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi tanıyır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.

Muğamlarımızın mahir bilicisi, görkəmli xanəndə Zülfü Adıgözəlovun ailəsində doğulub boya-başa çatmış Vasif Adıgözəlovun xalq musiqisi mühitində tərbiyə olunması onun yaradıcılığının milli zəmində formalaşmasına bilavasitə təsir göstərib. Müasir bəstəkarlıq texnikasının incəliklərini mənimsəməklə pianoçuluq məharətinə yiyələnməklə yanaşı, xalq musiqi qaynaqlarından bəhrələnərək öz zəngin təxəyyülünün məhsulu olan orijinal əsərlər yaradıb.

Görkəmli bəstəkarın 80 illik yubileyi 2015-ci ildə ölkəmizdə dövlət səviyyəsində geniş qeyd olunub.

Vasif Adıgözəlov 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 7 sentyabr.- S.6.