“Səni mütləq çəkəcəyəm”
deyən rejissorlarla işləməyi
sevirəm”
Füzuli Hüseynov:
“Mənə elə gəlir ki, Spartak roluna kim çəkilsəydi, məşhur
olacaqdı...”
Kino xarici gözəlliyi seçir, istedadı isə sevir, məşhurlaşdırır. Məhz bu mənada kinosevərlərin sevimlisi olmaq hər aktyora nəsib olmur. Maraqlı kino obrazları ilə çoxsaylı tamaşaçı auditoriyasının rəğbətini qazanan Əməkdar artist Füzuli Hüseynovun bu gün 60 yaşı tamam olur. Fürsətdən istifadə edib kino ictimaiyyətinin daim diqqətində olan aktyorumuza təbriklərimizi çatdırdıq, yubilyarın bələdçiliyi ilə kino fəaliyyətini izlədik.
– Yubiley yaşınız düşərli, uğurlu olsun.
– Çox sağ olun.
– Ümumiyyətlə, 60 yaş insana hansı mesajı ötürür?
– Qocalıqdan xəbər verir (gülür). 50 yaşım olanda özümü həmin yaşda hiss etmirdim. Amma 60 yaşa çatanda hiss etdim ki, 50-ni ötmüşəm və artıq qocalıq yaxınlaşır. Hər bir halda taleyimizi, alın yazımızı yaşayırıq, ömür yolumuzu keçirik. Bu da gözəldir.
– Doğum gününüzü kimlərlə qeyd edəcəksiniz, doğmalarla, yoxsa dostlarla?
– 55 yaşımı dostlarımın təkidi ilə daha geniş qeyd etdim. Amma dəvət edə bilmədiyimə görə bir çoxları məndən incidi. Buna görə də bu dəfə doğum günümü dəbdəbəli keçirtməyəcəm. Gedib doğmalarımla, anamla, bacı-qardaşımla görüşəcəm. Sonra da dostlarımla yığışıb yüngülvarı qeyd edəcəyik.
– Yeri gəlmişkən, ailəniz haqqında bir qədər məlumat əldə edək...
– Atam İsmət kişi uzun illər sürücü işləyib. Halal zəhməti ilə ailəmizi dolandırıb. Ailədə 5 uşağıq – 2 bacı, 3 qardaş. Anam Mina xanım evdar qadındır. Şükürlər olsun ki, bu il 89 yaşı tamam oldu. Xoşbəxt insanam ki, 60 yaşımda anamı qucaqlaya, yanında otura bildim. Bundan gözəl nə ola bilər ki, adam özünü uşaq kimi hiss edir (gülür). Atam qarşımıza heç vaxt şərt qoymayıb. Həmişə ali təhsilli olmağımızı istəyib.
– Ailədə sizdən başqa sənətə üz tutan oldumu?
– Kiçik bacım İncəsənət İnstitutunun Mədəni-maarif şöbəsinin Kütləvi tamaşalar rejissorluğu fakültəsini bitirib.
– Atanız peşə seçiminizə mane olmadı ki?
– Yox. Amma bir dəfə fikrini dolayısı ilə bildirdi. “Yad qızı” tamaşasındakı rolumu (Məzhər) izləmişdi və mənə belə gəldi ki, bəyənmişdi. Amma yenə də sözü bu oldu ki, “Sən də özünə fərli bir peşə tapmadın. Ac qalacaqsan, pul qazana bilməyəcəksən”. Kişi düz deyirmiş (gülümsəyir).
– Sənət təcrübəniz və fakturanız kinoya uyğundur. Kinoda az çəkilməyiniz isə təəccüb və təəssüf doğurur...
– 1980-ci ildə instituta qəbul olunduğum vaxtdan etibarən “Azərbaycanfilm” Kinostudiyasında istehsal olunan əksər filmlərə dəvət almışam. Amma nədənsə çəkilməmişəm. Sonralar dərk etdim ki, hər rejissorun öz komandası var və filmlərinə eyni aktyorları dəvət edirlər. Yeni aktyor az götürürdülər. Məsələn, “Ötən ilin son gecəsi” filmində Rüstəm roluna çəkilmək üçün dəvət aldım, amma bu rola Kamil Zöhrabov çəkildi. Bir müddət sonra Gülbəniz Əzimzadədən çəkilməməyimin səbəbini soruşanda o, ailə üzvlərinə oxşarlığım olmadığını bildirdi. Təbii ki, bu cavab məni qane etmədi...
– Bu filmdə alınmasa da, “Müqəddəs oda yanaram” psixoloji dramında Gülbəniz xanımla birlikdə çalışdınız...
– Ssenari müəllifi Hafiz Fətullayev olan film sponsor
hesabına çəkilirdi.
Bilgəhdə çəkiliş prosesi Gülbəniz xanımın iştirakı
ilə başladı.
Amma bizimlə daha çox Hafiz müəllim
işləyirdi. O, Zəhra
roluna əvvəlcə
türkiyəli aktrisa
Aydan Şeneri dəvət etmək istəyirdi, amma nədənsə alınmadı.
Tərəf-müqabilimi Həmidə Ömərova
canlandırdı. Çəkilişlər zamanı “Təhminə” filminə dəvət aldım. Emin Sabitoğlu nə
üçünsə çəkiliş
meydançasına gəlmişdi.
Fasilə zamanı çay
içirdik. Məndən soruşdu ki, razısansa Rasim Ocaqova deyim. Mən də razılığımı bildirdim...
– İrihəcmli ekran
obrazlarınız varkən
daha çox Spartak roluna görə tanınmağınız
sizi qıcıqlandırmır
ki?
– “Təhminə” filmində
baş rola dəvət almışdım.
Müəyyən səbəblərdən alınmadı. Rasim müəllim
sonra belə qərara gəlib ki, məni Spartak
roluna sınaq olmadan çəksin.
Onunla işləmək çox
maraqlı idi. Çünki işinin ustası
idi və fikirlərini dəqiq çatdırır, sözünü
birbaşa deyirdi.
Mənə belə gəlir ki, Spartak roluna kim çəkilsəydi,
belə məşhur olacaqdı. Çünki Spartak bir neçə epizodda görünsə də, öz dövrünün seçilən, istədiyi
hər şeyi əldə edən insandır. Buna görə də gənclər onu daha çox yadda saxladı. Təbii ki, kiçik həcmli rolla yadda qalmaq istəməzdim.
Amma yenə də incimirəm, çünki
hər aktyorun bir-iki məşhur rolu olur və
izləyicilər də
həmin rollara görə onu tanıyırlar, sevirlər.
– Teatr aktyoru kamera
qarşısına keçəndə
özünü necə
hiss edir?
– İmtahan qarşısında
olan tələbə kimi (gülür). Çox az
hallarda kino aktyorunun rolu səhnədə uğurlu
alınır. Teatr aktyorlarının
isə kinoda uğuru çox olur. Həm də kino kollektiv əməyin məhsuludur. Rolun uğuru
tək aktyordan asılı olmur. Burada rejissorun, operatorun və digərlərinin də böyük əməyi var. Həmçinin
rolun uğurlu alınmasında müxtəlif
planlı çəkilişlərin
və montajın da rolu böyükdür.
– Hansı rejissorla işləmək sizə stimul verirdi?
– Görkəmli kinorejissor Tofiq Tağızadə maraqlı insan idi. Özünəməxsus izahetmə metodu
vardı. “O dünyadan
salam” filmində
Cəlil Məmmədquluzadə
obrazı yox idi. Tofiq müəllim məni
Kefli İsgəndər
roluna çəkmək
istəyirdi. Kollektiv də
istəyirdi ki, o rolu mən oynayım.
Amma elə oldu ki,
Yılmaz Duru həmin rola təsdiqləndi. Belə olan
halda Tofiq müəllim Mirzə Cəlilin öz qəhrəmanları ilə
görüşməsi timsalında
Cəlil Məmmədquluzdə
obrazını ssenariyə
əlavə etdi və məni çəkdi.
Ramiz Həsənoğlu
məni hansı rola dəvət edibsə, hamısına getmişəm. Çünki o, tələbə ikən tamaşalarımızın
məşqlərinə baxan,
məni ilk dəfə
televiziyaya dəvət
edən, maraqlanan ilk rejissordur. 1984-cü ildə “Müfəttiş”
diplom tamaşamızda
Xlestakovu oynayırdım.
Ramiz müəllim gəlib tamaşaya baxdı və məni “Qapalı orbit” tamaşasına
dəvət etdi.
Bu, mənim televiziyada
ilk böyük işim
oldu. Həmin teletamaşadan sonra
insanlar məni artıq tanıyırdılar,
şəhərə çıxanda
yaxınlaşırdılar. Bunlar əvvəlcə mənə
qəribə gəlirdi.
Sonra yavaş-yavaş anladım
ki, özündən razılıq insanı bitirir. Buna görə
də bu kimi xüsusiyyətləri
özümdən uzaqlaşdırdım.
Ramiz müəllimlə belə
başladıq. Quruluş
verdiyi “Cavid ömrü” tarixi-bioqrafik filmində Səyavuş rolu da mənim
üçün maraqlı
iş oldu.
– Lütfi Məmmədbəyovun
quruluş verdiyi televiziya tamaşaları da sizi çox
məşhurlaşdırdı...
– Lütfi müəllim klassik teatr məktəbinə
məxsus sənətkarlarımızdan
idi. O, mənim müəllimim olmayıb,
rəhbərlik etdiyi dərnəyə də getməmişəm. Sənətin bütün incəliklərinə
bələd idi.
Hamımız ona müəllim
deyirdik. 1994-cü ildə teatrdan ayrılmışdım. Həmin vaxtlarda
o, bir neçə tamaşa çəkmişdi.
Biz görüşəndə dedi ki, səni
nə qədər axtardım, heyf, tapa bilmədim. Xətrimi çox istəyirdi.
Arada zarafatlarımız da olurdu. İzləyicilər “Yad qızı”
tamaşasını çox
sevmişdi. Hətta
Şəkidə bir nəfər mənə yaxınlaşıb dedi ki, “100 qram arağa
görə adam
heylə bir arvadı boşayar?” (gülür).
– Elxandan başqa kino rollarınızın hamısını özünüz
səsləndirmisiniz...
– “Bəyin oğurlanması”
filmini Tofiq İsmayılov çəkirdi. Ssenari müğənni
Sərxan Sərxan üçün yazılmışdı.
Həmin
vaxt kinostudiyanın rəhbərliyi dəyişildi,
film Tofiq müəllimdən
alınıb gənc kinematoqrafçılara verildi.
Ssenari gecə yazılırdı,
səhər çəkilirdi.
Elxan roluna məni Ceyhun Mirzəyev dəvət etdi. Dedim məni sınaq çəkilişlərinə
çox çağırıblar,
amma çəkməyiblər.
Dedi sınaq çəkilişlərinə get, şəkillərini özüm
götürəcəm, səni
mütləq çəkəcəm.
İki gündən sonra onunla görüşdüm.
Dedi ki, sən çəkiləcəksən.
Mən də sevindim. Dedim, şükürlər
olsun, nəhayət, kimsə sözünün
üstündə durdu.
Bu, əslində, baş rol olmalı
idi, amma ssenari hər gün dəyişirdi.
Yenə də sevinirəm ki, ölkənin tanınmış aktyorları
ilə birlikdə bu filmdə çəkildim. Orduya çağırıldığım
üçün rolumu
Rasim Balayev səsləndirdi. Bu da mənim üçün
fəxrdir.
– Dublyajla məşğul olmusunuzmu?
– Dublyajla ilk vaxtlar maraqlandım və bu sənəti Həsən Əblucdan öyrəndim. Onunla çox doğma münasibətimiz vardı. Kinostudiyanın nəzdində fəaliyyət göstərən dublyaj studiyasının aktyorları səs sənətinə olduqca dəqiqliklə yanaşır, incəlikləri dərindən bilirdilər. Nə sualım olurdusa Həsən Əbluca müraciət edirdim. O da köməyini əsirgəmirdi. Kinostudiyada Dublyaj şöbəsinin fəaliyyəti dayandırıldıqdan sonra “Lider” televiziyasına dəvət aldım və orada bir neçə filmi dublyaj etdim. Kinostudiyanın dublyaj studiyasındakı effekti vermədiyinə görə televiziyadan ayrıldım.
– Füzuli Hüseynov kinoya nə verib?
– Kinoya nəsə vermək üçün gərək sənin üçün ssenari yazılsın. Ümumiyyətlə, “səni mütləq çəkəcəm” deyən rejissorlarla işləməyi çox sevirəm. Çünki o, çəkəcəyi aktyordan nə alacağını bilir və potensialını üzə çıxartmağa hazır olur.
– “Kino ciddi peşədir, onunla zarafat etmək olmaz” fikrinə münasibətiniz necədir?
– Kino da, teatr da
ciddi peşədir. Zərgər
dəqiqliyi tələb
edir. Mənə işin ciddiliyini
öyrədən ustad
pedaqoq Nəsir Sadıqzadə olub. İnstitutda o, bizə iki il sənət dərsi keçib. Bu gün
də sənət müəllimimdən öyrəndiyim
vacib detalları unutmuram.
– İnsan həm
də arzularla yaşayır. Planlarınızı bilmək istəyərdik.
– Həyatımda və sənətimdə heç
vaxt plan qurmuram. Hər dəqiqənin bir hökmü var. Amma maraqlı təklif gəlsə, işgüzar,
peşəkar insanlarla
işləməyə hazıram.
Şəhla Əmirli
kinoşünas
Mədəniyyət.- 2022.- 9
sentyabr.- S.7.