Tarix-memarlıq abidələrinin görünüşünə müdaxilələr aradan qaldırılır

 

Dövlət Xidməti monitorinqlər keçirir

 

 

 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Bakı şəhərinin mərkəzi küçə və prospektlərində yerləşən tarix-memarlıq abidələrinə edilən qanunsuz müdaxilələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə monitorinqlər keçirilir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən sentyabrın 7-də paytaxtın Azadlıq prospekti 22 ünvanında növbəti monitorinq gerçəkləşdi.

Qurumun mətbuat katibi Fariz Hüseynli bildirdi ki, monitorinqlər ilkin olaraq Bakı şəhərində dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix-memarlıq abidələrini əhatə edir. Həyata keçirilən tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb. Xəbərdarlıqlara əməl etməyən obyekt sahibələrinə protokollar tərtib edilib. Həmçinin Dövlət Xidməti ilə abidə (bina) mülkiyyətçiləri və icarədarları arasında ümumi mühafizə öhdəliklərini ehtiva edən, həm də mülkiyyətçinin abidə ilə bağlı hüquqlarının əks olunduğu mühafizə müqaviləsinin bağlanmasının zəruriliyi diqqətə çatdırılıb.

Dövlət Xidmətinin nümayəndəsi qeyd etdi ki, monitorinqin məqsədi sahibkarları cərimələmək deyil, tarix-mədəniyyət abidələrinin qorunması ilə bağlı qanunvericiliyin həyata keçirilməsi, eyni zamanda bu abidələrin bədii-estetik görkəminin korlanmasının qarşısını almaqdır: “Edilmiş müdaxilələri könüllü şəkildə aradan qaldıran şəxslərə protokollar tərtib olunmayacaq. Bu səbəbdən də istifadəsində və ya mülkiyyətində tarixi abidələr olan vətəndaşlarımızı abidələrimizin, eləcə də şəhərimizin estetik görünüşünün qorunmasına və gələcək nəsillərə tam şəkildə çatdırılmasına həssas yanaşmağa çağırırıq”.

Daha sonra Azadlıq prospekti 22 ünvanında yerləşən Bakı Dəmiryolu Vağzalının köhnə binası üzərindəki reklam lövhələri, əşya və digər avadanlıqlar sökülərək tarixi abidənin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırıldı.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən sentyabrın 1-dən başlayaraq 20-dən çox tarix-memarlıq abidəsində monitorinq keçirilib. Monitorinqlər həm paytaxtda, həm də bölgələrdə yerləşən tarixi abidələri əhatə edəcək.

 

Nurəddin

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.3.