Mədəniyyət və incəsənətimizə verdikləri töhfələrə görə

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva sentyabrın 8-də görkəmli sənətşünas, professor, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevil Bədəlova və rəssam, sənətşünaslıq üzrə elmlər namizədi, dosent, Azərbaycan Rəssamlar İttifaqının üzvü Rasim Nəzirovla görüşüb.

Görüşdə uzun illər boyu Azərbaycan mədəniyyəti və incəsənətinə verdikləri töhfələrə, həmçinin zəngin mədəniyyətimizin ölkəmizdə və xaricdə təbliğində xidmətlərinə görə hər iki sənət xadiminə Mədəniyyət Nazirliyinin “Fəxri fərman”ı təqdim olunub.

Sevil Bədəlova Azərbaycan Rəssamlar İttifaqında çalışdığı dövrdə təşkil olunmuş sərgilərin kataloqlarının ön sözlərinin, həmçinin “XX əsr dünya incəsənəti”, “Dekorativ-tətbiqi incəsənət” metodik vəsaitləri və proqramlarının, həmçinin rəssam H.Nəzərov, karikaturaçı R.Qədimov, R.Mehdiyev və Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin 60 illiyinə həsr olunan monoqrafiyaların müəllifidir. Müxtəlif illərdə Bakı şəhərində keçirilmiş moda sərgilərinin təşkilatçısı olub.

Rasim Nəzirov 1979-cu ildən etibarən ölkə miqyaslı və beynəlxalq sərgilərin fəal iştirakçısı olub. Rəssamın əsərləri Gürcüstan, Rusiya, Polşa, Əfqanıstan, Türkiyə və digər ölkələrdə sərgilənib. O, həmçinin “Müasir incəsənətin aktual problemləri”, “Xəttin təsviri sənətdə rolu”, “Şərqin miniatür rəngkarlığında impovizasiyanın rolu” və s. elmi məqalələrin müəllifidir.

Mükafatlandırılan sənət adamları onlara göstərilən xüsusi diqqətə görə Mədəniyyət Nazirliyinə təşəkkürlərini bildiriblər.

 

Mədəniyyət.- 2022.- 9 sentyabr.- S.2.