Mədəniyyət mövzusunda yeni nəşr

 

Tanınmış ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru, publisist, tərcüməçi Rasim Nəbioğlunun “Mədəniyyət. İncəsənət. Ədəbiyyat” adlı kitabının ikinci cildi (birinci cild 2017-ci ildə çapdan çıxıb) işıq üzü görüb.

Kitabda müəllifin müxtəlif illərdə yazdığı ədəbi-tənqidi, nəzəri-estetik, publisistik məzmunlu yazıları toplanıb. Kitabın “Ölüm sevinməsin qoy...” bölməsində isə Azərbaycanın mədəniyyət, elm, ədəbiyyat, incəsənət sahəsində şöhrət qazanmış mərhum şəxsiyyətləri haqqında xatirə yazıları yer alır. Yazıların əksəriyyəti vaxtilə dövri mətbuatda, elmi nəşrlərdə işıq üzü görüb, bir qismi isə ilk dəfə çap olunur.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi Rasim Nəbioğlu (Rasim Nəbi oğlu Qurbanov) Hüseyn Cavid irsinin araşdırıcılarındandır. “Hüseyn Cavidin estetik idealı” mövzusunda dissertasiya müdafiə edib.

2007-2015-ci illərdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində elmi katib, şöbə müdiri, “Müasir mədəniyyətşünaslıq” jurnalının elmi redaktoru işləyib. 20-yə yaxın ədəbi, elmi, publisistik, tərcümə kitabının müəllifi və tərtibçisidir.

 

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.7.