Xalq-ordu birliyinin təcəssümü

 

Elmi Bərpa Mərkəzində  27 sentyabr – Anım Gününə həsr olunan tədbir keçirildi

 

 

Müasir hərb tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsinin ikinci ildönümü yaxınlaşır. Ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən, xalqımıza əbədi Zəfər ruhu yaşadan haqq savaşımız mədəni-mənəvi dəyərlər sistemimizdə yeni səhifə açıb, müxtəlif yaradıcılıq sahələrinin əsas mövzusuna çevrilib.

Sentyabrın 9-da Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində  27 sentyabr – Anım Günü ilə əlaqədar “Vətən müharibəsi xatirələrdə” adlı tədbir keçirildi.

Vətən uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunduqdan sonra mərkəzin direktoru Zərifə Məlikova xalqımızın qürur qaynağı olan II Qarabağ müharibəsi haqqında söz açdı, Anım Günü barədə danışdı. Bildirdi ki, 44 günlük şərəfli döyüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycanda “Anım Günükimi qeyd edilir. Anım Günü təkcə 27 sentyabrda deyil, ilin bütün günlərində unudulmamalı, torpaqlarımız uğurunda şəhid və qazi olan oğullarımıza hər birimiz diqqət və qayğımızı əsirgəməməliyik.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində tarixi Qələbəsindən bəhs edən direktor bildirdi ki, bu Zəfərimiz regionda sülhün, sabitliyin və inkişafın təmin olunmasında mühüm əhəmiyyət kəsb edir: “Döyüş meydanında şanlı Ordumuzun əldə etdiyi misilsiz qələbələrlə yanaşı, ölkə rəhbərinin bu həssas və taleyüklü günlərdə apardığı diplomatik mübarizə, dünyanın nüfuzlu nəşrlərinə verdiyi müsahibələr də Azərbaycanın haqq səsini dünyaya çatdırdı. Azərbaycan Qarabağa qovuşdu, tarixi Zəfərə imza atdı, şəhidlərimizin, günahsız insanların qisası döyüş meydanında alındı. Bu Zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuzdur”.

Direktor bu Qələbədə mədəniyyət sahəsində çalışanların da xidmətinin olduğunu əlavə etdi.

Mərkəzin baş fond mühafizi Pakizə Almazova tədbirin proqramı və iştirak edən qazilər haqqında məlumat verdi.

Əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva çıxışında 44 gün davam edən Vətən müharibəsinin xalq-ordu birliyi sayəsində möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını dedi.

Daha sonra tədbirə onlayn qoşulan Vətən müharibəsi qazisi, Tovuz Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Yasin Səməndərov döyüş yolundan bəhs etdi. Vətən uğrunda bir ayağını itirsə belə, bu gün azad olunmuş torpaqlarımızda quruculuq işlərindən fəxr duyduğunu dilə gətirdi.

Qazi Seyidəkbər Xalıqov çıxışı zamanı Tərtər-Ağdərə istiqamətində gedən çətin döyüşlərdən, şəhid olan əsgər dostları və komandirlərinin şücaətindən bəhs etdi. O, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıqçısı, şəhid Əliağa Məmmədovla birgə 4 noyabr tarixinədək vuruşduqlarını dedi, Qələbə xəbərini isə hospitalda aldığını bildirdi.

Şəhid baş leytenant Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur möhtəşəm Zəfərimizdən, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısından danışdı. Oğlunun döyüş yolundan söz açan sənətkar kövrək xatirələrini bölüşdü, şəhid valideynlərinə səbir dilədi.

 

Sonda şəhidlərimizin xatirəsinə həsr olunan videoçarxlar nümayiş etdirildi. Tədbir  Prezident İlham Əliyevin Zəfər çıxışı və “Xarıbülbül” festivalında səslənən “Bayatı-Şiraz” muğamının sədaları ilə başa çatdı.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.3.