“Əkinçi”dən “Çapara

 

Zərdabinin yubileyinə həsr edilən tədbirdə yeni nəşrlər təqdim olundu

 

Bu il milli mətbuatımızın banisi, görkəmli təbiətşünas alim, maarif və mədəniyyət xadimi Həsən bəy Zərdabinin (1842-1907) anadan olmasının 180 illik yubileyidir. Sentyabrın 11-də “Gənclik Mallda yerləşən “CinemaPlus” mərkəzində əlamətdar yubileyə həsr olunan “Əkinçi”dən “Çapara” adlı tədbir keçirildi.

Tədbir “Çapar Yayınları”nın təşkilatçılığı, “Fil Agency” və “Cambridge International Academy”nın dəstəyi ilə gerçəkləşdi.

Əvvəlcə tədbir iştirakçıları “Çapar Yayınları” tərəfindən nəşr edilmiş yeni kitablarla tanış oldular. Sonra Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Tarixçi, publisist, professor Ədalət Tahirzadə çıxışında bildirdi ki, “Çapar” nəşriyyatı bu gün Həsən bəy Zərdabi maarifçilik ənənələrini layiqincə davam etdirir.

Tanınmış jurnalist, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli qeyd etdi ki, “Əkinçi” qəzeti millətin sözü deyilmədiyi bir vaxtda meydana gəldi. Ona görə də Həsən bəyin “Əkinçi”ni nəşr etdirməsi fenomenal bir hadisədir.

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid milli mətbuatımızın keçdiyi tarixi yoldan bəhs etdi. Söylədi ki, insan hissləri içərisində onu ən çox kövrəldən minnətdarlıq duyğusu, vəfa və etibardır: “Bugünkü tədbirin bütün ruhundan bu vəfa və minnətdarlıq duyğusu yağır. Bu gün Həsən bəy Zərdabidən başlayaraq Azərbaycan xalqının həyatında böyük rol oynamış insanların adlarını çəkirik....

Daha sonraÇapar Yayınları”nın təsisçisi Yusif İlhamoğlu, baş redaktoru Dilqəm Əhməd və digərləri çıxış edərək tədbirdə təqdim olunan yeni kitablar haqqında məlumat verdilər.

Bildirildi ki, Hafiz Əhmədovun “Varislərlə müsahibələr – 1” kitabında müəllifin XIX-XX əsrlərdə Azərbaycanın ictimai, siyasisosial həyatında önəmli rol oynamış ziyalılarının müxtəlif ölkələrdə yaşayan varisləri ilə müsahibələri toplanıb. Oxucuların ilk dəfə tanıyacağı bu varislər ailə fotoşəkillərini və ailə sirlərini ilk dəfə Hafiz Əhmədova açıqlayıblar.

“Azərbaycan Cümhuriyyəti (1918-1920)” (müəlliflər – Ədalət Tahirzadə, Dilqəm Əhməd) kitabında Azərbaycan Cümhuriyyətinin qurulması və 23 ay müddətində gördüyü işlər təsvir olunub. Kitab bu günə kimi ikisi təkrar olmaqla 5 dildə nəşr olunub.

“Azərbaycan türk mətbuatı” (müəllif – Mirzəbala Məhəmmədzadə) kitabında müəllifin XIX-XX əsrlərdə Azərbaycanda fəaliyyət göstərən qəzet və jurnallar haqqında biblioqrafiyası və mühacirət dövründə Azərbaycan mətbuatı haqqında məqalələri toplanıb.

Qurtuluş savaşının azərbaycanlı zabitləri” (müəlliflər – Ədalət Tahirzadə, Orxan Cəbrayıl) kitabı müəlliflərin Türkiyə Cümhuriyyətinin qurulmasında əsas mərhələ sayılan Qurtuluş savaşının azərbaycanlı zabitləri haqqında araşdırma yazılarından ibarətdir.

“Rəsulzadə xatirələri” (“Memuar ədəbiyyatı” seriyasından 2-ci kitab) kitabında Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin yazdığı və onun haqqında yazılan xatirələr toplanıb. Həmçinin ilk kitabda Rəsulzadənin indiyədək geniş kütləyə məlum olmayan yeni fotosu verilib. Hər üç kitabın redaktoru Dilqəm Əhməddir.

Tədbirdə həmçinin Əkbər N.Nəcəfin “Moğol şahmatı - Hülakü xan”, Altay Məmmədovun “Kəngərlər: qədim dünyanın gizli fatehləri”, Dimes Hak AlerlininŞah Xətai: şiə, səfəvi, yoxsa qızılbaş?!”, Dilqəm Əhmədin “Milliyyəti türk” və Ədalət Tahirzadənin “Həsən bəy Ağayev” və yazıçı Kənan Hacının “Fəna fasiləsi” (roman) kitablarının da təqdimatı oldu.

Sonda Cümhuriyyət tariximizə aid nadir arxiv materialları nümayiş etdirildi.

 

N.Məmmədli

 

Mədəniyyət.- 2022.- 14 sentyabr.- S.5.