Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır

 

Sentyabrın 15-də Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində  Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.

Rəcəb Tayyib Ərdoğan Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Prezident İlham Əliyevə, Azərbaycan xalqına və həlak olanların yaxınlarına başsağlığı verib. Dövlətimizin başçısı başsağlığına görə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edilib. Ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

Dövlət başçıları müxtəlif sahələrdə əməkdaşlığa dair birgə layihələri müzakirə ediblər və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

 

Mədəniyyət.- 2022.- 16 sentyabr.- S.1.