Tanınmış musiqi təşkilatçısı İldırım Kasimov dünyasını dəyişib

 

 

Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış musiqi təşkilatçısı, Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İldırım Kasimov sentyabrın 15-də, ömrünün 89-cu ilində vəfat edib.

İldırım Əli-Nazir oğlu Kasimov 7 dekabr 1933-cü ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə Bakı Hərbi Məktəbini, 1969-cu ildə isə İncəsənət İnstitutunun (indiki ADMİU) Mədəni-maarif fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1956-cı ildən başlayan İ.Kasimov Azərbaycan Dövlət Filarmoniyasında inzibatçı, konsert şöbəsinin müdiri, Mahnı və Rəqs Ansamblının direktoru vəzifələrində çalışıb. O, uzun illər görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevin ansamblına rəhbərlik edib. 60-cı illərdə əfsanəvi müğənninin SSRİ respublikalarına qastrol səfərlərinin təşkilatçısı olub. Onlar birlikdə Kremlin Qurultaylar Sarayında “Qəhrəmanlara əbədi xatirə” adlı konsert təşkil ediblər. M.Maqomayev öz kitabında İ.Kasimovuqastrol ustası” adlandırıb.

İ.Kasimov 1978-2004-cü illərdə “Azərkonsert” Dövlət Qastrol-Konsert Birliyinin baş direktoru kimi bir çox dövlət səviyyəli, beynəlxalq əhəmiyyətli tədbirlərin, yubiley gecələrinin keçirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq qabiliyyəti göstərib. O, Rəşid Behbudov, maestro Niyazi, Tofiq Quliyev, Zeynəb Xanlarova, Çingiz Sadıqov, Alla Puqaçova, Vaxtanq Kikabidze, Gennadi Xazanov, Oleq Tabakov və digər tanınmış sənətkarlarla əməkdaşlıq edib.

İ.Kasimov 2009-2012-ci illərdə Beynəlxalq Muğam Mərkəzinin direktor müavini vəzifəsində işləyib. O, 2006-cı ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına, 2007-ci ildə Prezident təqaüdünə layiq görülüb.

Tanınmış musiqi təşkilatçısı İldırım Kasimovun əziz xatirəsi musiqisevərlərin və həmkarlarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2022.- 16 sentyabr.- S.6.