Şuşada keçirilən beynəlxalq
konfransın iştirakçıları Qobustanda
və Füzulidə olublar
Xəbər verdiyimiz kimi, 19-20 sentyabr tarixlərində Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransın birinci iş günü mədəniyyət paytaxtımız Şuşada gerçəkləşib, tədbir ertəsi gün işini Bakıda davam etdirib.
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları sentyabrın 18-də Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib, sonra Bakıdan Şuşaya gedərkən Füzuli rayonu ərazisində otuz ilə yaxın davam etmiş erməni işğalının fəsadları ilə tanış olublar.
Qobustan Milli Tarix-Bədii Qoruğuna gələn qonaqlara buradakı qayaüstü rəsmlər və yazılar barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, açıq səma altında qoruq-muzey kimi dünyada tanınan bu məkanda Son Daş dövründən Orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri var. Qeyd edilib ki, Qobustan qayaüstü rəsmləri dünyada belə abidələrdən ən zənginidir. Qoruq ərazisində alimlər tərəfindən 7 minə yaxın qayaüstü təsvir, 40-a yaxın kurqan, 20 mağara və s. aşkar edilib və öyrənilib.
Qonaqlara məşhur qavaldaş barədə məlumat verilib. Bildirilib ki, oxun icad olunması qəbilə adamlarının maddi güzəranı üçün nə qədər lazım idisə, qavaldaş da ibtidai insanların rəqs və mahnı mərasimləri təşkil etmək üçün olduqca əhəmiyyətli idi.
Konfrans iştirakçıları
üzərində latın qrafikası ilə qədim Roma yazısı olan daş kitabə ilə də maraqla
tanış olublar. Bildirilib
ki, 1948-ci ildə aşkar
olunmuş kitabə eramızın
84-96-cı illərində imperator
Domisianın dövründə Roma legionunun senturiyasının Qobustan
ərazisində olduğunu göstərir.
Daş kitabədə “İmperator Domisian Sezar Avqust Germanik. Lutsius Yulius Maksimus. XII İldırımsürətli
Legion” sözləri qeyd
edilib.
Konfrans iştirakçıları
qoruğun ərazisində
yaradılmış muzeydə
də olublar. Onlara müxtəlif
dövrlərə aid artefaktlar
barədə məlumat
verilib.
***
Beynəlxalq elmi-praktik konfransın iştirakçıları Şuşaya
gedərkən yolüstü
Füzuli rayonu ərazisində dayanıblar. Prezidentin
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdəki Xüsusi
Nümayəndəliyinin əməkdaşı
Araz İmanov məlumat verib ki, ermənilər işğal dövründə
Füzulidə yaşayış
məntəqələrini, qəbiristanlıqları, tarixi,
mədəni, dini abidələri vəhşicəsinə
dağıdıblar. İşğalçılar Füzuli şəhərində
bir dənə də olsun salamat
bina qoymayıb, hər şeyi talan ediblər.
Diqqətə çatdırılıb ki,
Qarabağda erməni vandalizminə məruz qalan yaşayış məntəqələrindən biri də Füzuli
rayonunun Merdinli kəndidir. Burada bütün evlər
dağıdılıb, ermənilər
tərəfindən kənd
ərazisindəki məsciddə
heyvan saxlanılıb.
Kənd qəbiristanlığı da
erməni vandalizminə
məruz qalıb – məzarlar dağıdılıb,
cəsədlər qazılaraq
çıxarılıb.
Sonra konfrans iştirakçıları
Füzuli Beynəlxalq
Hava Limanı ilə tanış
olublar. Məlumat verilib ki, Qarabağın hava qapısı adlandırılan
Füzuli Beynəlxalq
Hava Limanı 2021-ci ildə – cəmi 9 ay ərzində ən müasir səviyyədə
inşa olunub və istənilən tip hava gəmisini qəbul etmək imkanları var.
Qonaqlar Füzuli şəhərinin
27 illik işğaldan
qalan xarabalıqları
ilə tanış
olublar. Eyni zamanda Füzulidə
görülən bərpa
və yenidənqurma işlərindən bəhs
edilib.
***
Konfrans iştirakçıları sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya yola düşüblər. Yolboyu qonaqlara Azərbaycanın mədəniyyəti, eləcə də mədəniyyət iqtisadiyyatının inkişaf perspektivləri barədə məlumat verilib. Şuşaya gələn qonaqlar şəhərin görməli yerləri ilə tanış olublar.
Tanışlıq Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal zamanı güllələnmiş heykəllərinin yerləşdiyi şəhər meydanından başlayıb. Bu abidələr barədə məlumat verilib. Qonaqlar güllələnmiş heykəllərin qarşısına güllər düzüblər.
Qonaqlara həmçinin Qarabağın xanı – Şuşa şəhərinin qurucusu Pənahəli xanın sarayı, Natəvanın evi, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi barədə məlumat verilib.
Qonaqlar Şuşa qalasının divarları önündə xatirə şəkli çəkdiriblər, şəhərin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.
Sonda konfrans iştirakçıları Cıdır düzündə olub, oradan açılan gözəl mənzərəni seyr ediblər. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi zamanı qəhrəman əsgərlərimiz misilsiz şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları, qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü, işğaldan əvvəl olduğu kimi, yenə də möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.
Mədəniyyət.- 2022.- 21 sentyabr.- S.4.