İstedadlı teatr rejissoru və təşkilatçısı

 

 

Bu il tanınmış teatr təşkilatçısı və rejissor, sənətə ülvi tellərlə bağlanan Əməkdar incəsənət xadimi Məbud İsmayılzadənin anadan olmasının 95 illiyidir.

Məbud İbrahim oğlu İsmayılzadə 24 mart 1927-ci ildə Zərdab rayonunda dünyaya göz açıb. Erkən çağlardan teatra maraq göstərir. Əmək fəaliyyətinə 1942-ci ildə, on beş yaşında ikən Zərdab teatrında başlayır. Məbud İsmayılzadə 1946-cı ildə Azərbaycan Dövlət Teatr İnstitutunun Rejissorluq fakültəsinə qəbul olunur. 1951-ci ildə institutu başa vurur və elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunur. 24 yaşlı gənc mədəniyyətin aparıcı sahələrindən biri olan bu təşkilata 20 il rəhbərlik edir. O, bu müddət ərzində “Çinar”, “Şurkimi məşhur kollektivlərin, 30-dan çox xalq teatrının yaranması, respublika miqyaslı bayram, şənlik, festival və müsabiqələrin keçirilməsinin əsas təşkilatçılarından olur.

Araşdırmalarda Məbud İsmayılzadənin təşkilatçılıq sahəsində xüsusi istedad sahibi olduğu bildirilir. 1954-cü ildə minlərlə həvəskar ifaçının iştirak etdiyi ilk teatrlaşdırılmış xalq yaradıcılığı bayramının, 1955-ci ildə Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən “Azərbaycan mədəniyyəti ongünlüyü” çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru olub. Bu tədbirlər o zaman özünün rəngarəngliyinə və rejissor yozumuna görə tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Amma bədxahlar ona işini davam etdirməyə imkan vermirlər. O öz ərizəsi ilə işdən çıxır. 1972-ci ildə Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini təyin edilir. Bir il sonra Lənkəran Dövlət Dram Teatrı açılır. M.İsmayılzadə teatra rəhbər göndərilir.

Bununla da onun həyatının ikincidaha maraqlı dövrü başlayır. Yeni yaradılan teatrın qayğıları həddindən artıq olur. İlk olaraq teatr üçün ayrılan mədəniyyət evinin binasını peşəkar teatr məkanına uyğunlaşdırmaq lazım gəlir. Ali məktəbi bitirən bir qrup gənc mütəxəssisin Lənkəran teatrına işləməyə gəlməsi sevindirici, həm də böyük məsuliyyət yaradırdı. Onların mənzillə təmin olunması, sosial problemlərinin həlli onun diqqət mərkəzində olur. Bütün bu çətinliklər o zaman M.İsmayılzadənin və o dövrdə mədəniyyət naziri olan Zakir Bağırovun köməkliyi sayəsində öz həllini tapır.

M.İsmayılzadənin Lənkəran Dövlət Dram Teatrına rəhbərliyi dövründə kollektiv bir çox uğurlara imza atır, respublikanın qabaqcıl teatrlarından birinə çevrilir.

Əməyi yüksək qiymətləndirilən M.İsmayılzadə 1979-cu ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülür. Daha sonra sənətkar bir neçə çağırış Lənkəran Şəhər Xalq Deputatları Sovetinin deputatı seçilir. Mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanları ilə təltif edilir.

Uğurlu fəaliyyət yolu keçən sənətkar bir müddət sonra Bakıya dönür. Azərbaycan Konsert Birliyinin bədii rəhbəri təyin olunur. Bir-birindən maraqlı teatrlaşdırılmış konsert-tamaşalar hazırlayır. Bu konsertlər haqqında dövri mətbuat səhifələrində maraqlı informasiyalar dərc edilir. Azərbaycan Televiziyasında rəngarəng verilişlər hazırlanaraq ictimaiyyətə təqdim olunur. O, eyni zamanda gənc istedadların üzə çıxarılmasına və tanınmasına böyük əmək sərf edir.

M.İsmayılzadə ömrünün ahıl çağında da rejissor fəaliyyətini davam etdirib. Böyük türk ədibi Nazim Hikmətin 100 illik yubileyi (2002) ərəfəsində Şuşa Dövlət Musiqili Dram Teatrında dramaturqun “Bayramın birinci günü” tamaşasına quruluş verib.

Sənətlə nəfəs alan Məbud İsmayılzadə 17 sentyabr 2004-cü ildə vəfat edib.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2022.- 23 sentyabr.- S.6.