Varşavada VI Beynəlxalq Türkologiya Konqresi

 

19-21 sentyabr tarixində Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi keçirilib. Varşava Universitetində keçirilən konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan, Türkiyə, Qazaxıstan və Özbəkistanın Polşadakı səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu tərəfdaş qismində çıxış ediblər.

Türk dünyası araşdırmaları – multidisiplinar perspektivlər” adlı konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fəxri qonaq qismində iştirak edib.

Fonddan bildirilib ki, Varşava Universitetinin prorektoru Zigmunt Lalak giriş sözündə Polşada 6-cı dəfə təşkil olunan konqresin əhəmiyyətindən danışaraq tədbirin türk xalqlarının zəngin keçmişinin, tarixinin, dilinin, mədəniyyətinin Avropadadünyada təbliği istiqamətində böyük rol oynadığını bildirib.

Türkiyənin Polşadakı səfiri Cengiz Kamil Fırat hər bir türkün keçmişlə gələcək arasında körpü qurmasında türkologiya elminin önəminə toxunaraq ölkəsinin Türk dünyasının qədim irsinin təbliği ilə bağlı layihələrə hər zaman dəstək verdiyini bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva müasir dövrdə türk mədəni irsinin elmi-konseptual səviyyədə araşdırılmasının və bu işə dünya türkoloqlarının cəlb edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib:Türk dünyası dedikdə, əlbəttə, yalnız türk xalqlarının yaşadığı geniş coğrafiya nəzərdə tutulmur. Türk dünyası türk xalqlarının sahib olduğu ortaq tarix, mədəniyyət, ədəbiyyat, dil, adət-ənənələri ehtiva edir. Bunların hər biri türk kimliyini formalaşdıran və onun sütununu təşkil edən amillərdir”.

Türk dünyası ilə Polşa arasında münasibətlərin dərin köklərə söykəndiyini deyən G.Əfəndiyeva bu ölkədə türk əsilli milli azlıqlar olan tatarların və karaimlərin yaşadığını, onların irsinin qorunmasının təşkilatın maraq dairəsində olduğunu bildirib.

Günay Əfəndiyeva türkologiya elminin inkişafından da söz açıb: “Avropanın 30-a qədər ölkəsində türkologiya müstəqil elm kimi öyrənilir. Bu elm, sadəcə, şərqşünaslığın bir bölməsi kimi deyil, ayrıca elm olaraq qəbul edilir”.

Eyni soydan gələn türk xalqlarının zaman-zaman çətin günlərin sınağından keçdiyini qeyd edən Fondun prezidenti, buna baxmayaraq, xalqlar arasında birliyin indiyədək davam etdiyini və getdikcə gücləndiyini vurğulayıb: “Biz iki il öncə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək tarixi Qarabağ torpaqlarını qaytardığı zaman Türkiyənin göstərdiyi mənəvi dəstəyin nümunəsində bunun bir daha şahidi olduq”.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan xalqının Türk dünyasına qazandırdığı böyük elmi nailiyyətlərdən bəhs edərək 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay haqqında məlumat verib.

Səfir hər bir xalqın dilinin onun milli varlığını təsdiq etdiyini söyləyib: “Tarix boyu türk dilləri içərisində Azərbaycan dilinin özünəməxsus yeri olub. XVI əsrdə Azərbaycan dili Səfəvilər dövlətinin rəsmi dövlət dili səviyyəsinə yüksəlib. Türk dünyası və müsəlman Şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Azərbaycan dilini dövlət dili elan edib...”.

Qazaxıstanın Polşadakı səfiri Alim Kirabayev türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının, siyasətinin Avropada araşdırılmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib. Səfir Qazaxıstanın və bütün türk dövlətlərinin çoxəsrlik dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasının önəmindən söz açıb, konqresin türk xalqları ilə Avropa xalqları arasında qarşılıqlı əlaqələrə töhfə verdiyini qeyd edib. Səfir bu il UNESCO səviyyəsində 150 illik yubileyi qeyd olunan qazax türkoloqu, şair Ahmet Baytursınulının Qazaxıstanın elmi və mədəni irsinin inkişafında xidmətlərindən danışıb.

Konqresin açılış mərasimində Varşava Universitetinin professoru Tadeusz Majda türkologiya elmi üzrə xidmətlərinə görə fəxri fərmanla təltif olunub.

Konqres çərçivəsində keçirilən panellərdə türkologiyaya dair müxtəlif mövzular müzakirə edilib.

 

***

 

Konqres çərçivəsində Azərbaycan musiqisi axşamı keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Azərbaycanın Polşadakı Səfirliyinin birgə əməkdaşlığı ilə təşkil olunan tədbirdə diplomatlar, türkoloq alimlər, Varşavanın ictimaiyyət və mədəniyyət nümayəndələri iştirak ediblər.

Varşava Universiteti Şərqşünaslıq fakültəsinin TürkologiyaOrta Asiya xalqları kafedrasının müdiri, professor Aqata Bareya-Stajinska konqres çərçivəsində keçirilən musiqi gecələrinin müxtəlif mədəniyyətlərin bir araya gəlməsində mühüm rolunu bildirərək tədbirin təşkilinə görə təşəkkür edib.

Fondun prezidenti Günay Əfəndiyeva Azərbaycanın muğam sənəti haqqında danışaraq Türk dünyasının zəngin mədəni irsindən bəhs edib.

Musiqi axşamında 2018-ci il Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva, Rüstəm Müslümov (tar) və Elnur Salahovdan (kamança) ibarət muğam triosu qonaqlara unudulmaz anlar yaşadıb. Azərbaycan muğamxalq mahnıları ilə yanaşı, qazax, qırğız, özbək və türk xalq mahnıları da səsləndirilib.

Tədbirdə Qarabağın tarixinin, zəngin mədəniyyətinin əks olunduğu sərgi nümayiş etdirilib. Qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.

 

Mədəniyyət.- 2022.- 23 sentyabr.- S.1;3.