Müasir tariximizin şanlı qəhrəmanları

 

Sumqayıt RMİ, şəhər İcra Hakimiyyəti və “Leyla Babazadeh Fashion Schoolun birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində şəhid və qazi övladları ilə görüş təşkil olunub.

Görüşdə idarə rəisi Rəşad Əliyev, şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tərlan Hacızadə çıxış edərək şəhid övladlarını yeni dərs ili münasibətilə təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıblar.

Sumqayıt şəhər Mədəniyyət evinin kollektivi tərəfindən Vətən müharibəsi şəhidi Elmar Nəsibovun doğum gününə həsr olunmuş “Şanlı tariximizin qəhrəmanı” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə şəhidin həyat və döyüş yolu haqqında məlumat verilib. Bədii hissədə vətənpərvərlik ruhunda mahnılar ifa olunub.

***

Masallı RMİ Masallı rayon Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi Nurlan Malikovun doğum günü münasibətilə “Vətəni ucaldan şəhidlər” mövzusunda tədbir keçirilib.

Nurlan Dünyamalı oğlu Malikov 1996-cı il sentyabrın 19-da Masallı rayonunun Öncəqala kəndində anadan olub. Vətən müharibəsində onun da üzvü olduğu döyüşçü dəstəsi Zəngilandan Qubadlıya hərəkət edərkən düşmənin hücumuna məruz qalıb. Şəxsi heyətin bir hissəsi şəhid olub, Nurlan isə itkin düşüb. Şəhidin nəşi ölümündən təxminən 70 gün sonra tapılıb. Nurlan Malikov 2020-ci il dekabrın 31-də doğulduğu Öncəqala kənd qəbiristanlığında torpağa tapşırılıb. Ölümündən sonra “Qubadlının azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.

***

Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 27 sentyabr – Anım Günü ilə əlaqədar “Qələbəmizin ruhu naminə” adlı sərgi təşkil edilib. 8 noyabr – Zəfər Gününədək davam edəcək sərgidə şəhidlərimizin şəkillərinin dərc olunduğu jurnallar, vətənpərvərlik, müstəqillik haqqında kitablar, eləcə də mərkəzdə fəaliyyət göstərən kurs üzvlərinin əl işləri nümayiş olunur.

 

Mədəniyyət.- 2022.- 23 sentyabr.- S.4.