Xalqımıza Zəfər duyğusu yaşadanlar unudulmayacaq

 

Mədəniyyət Nazirliyinin nümayəndələri şəhidlərimizin xatirəsini yad ediblər

 

Müasir tariximizə qızıl hərflərlə yazılan və şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin ikinci ildönümü tamam oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq əks-hücumla əzəli torpaqlarımızı azad etmək üçün haqq mübarizəsinə başladı. 44 gün ərzində Vətən oğullarının misli görünməmiş şücaəti ilə otuzillik işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Ordumuz düşmən üzərində parlaq Qələbə çalıb xalqımıza əbədi Zəfər ruhu bəxş etdi...

Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

Bu il də xalqımız Anım Günündə şəhidlərinə sonsuz ehtiramını bildirmək üçün qəhrəmanların uyuduğu məzarlıqları ziyarət edib, Vətən torpağını canı-qanı bahasına azad edən, qoruyan oğulların xatirəsini minnətdarlıq duyğusu ilə anıb.

Sentyabrın 27-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək Vətən övladlarının ruhları qarışısında ehtiramlarını bildirdilər.

Daha sonra İkinci Fəxri xiyaban ziyarət olundu. Şəhidlərimizin əziz xatirəsi yad edildi, məzarları önünə tər qərənfillər düzüldü.

Şəhidlər xiyabanında jurnalistlərə açıqlama verən Elnur Əliyev qeyd etdi ki, millət olaraq həmişə şəhidlərimizin xatirəsini uca tutmalıyıq. Onların bu yolu seçib şəhid olmaq kimi ali məramlarını dərk etməliyik: “Bu gün xalq olaraq hamımız eyni hissləri keçiririk. Öz mədəniyyətimizə, tariximizə sahib çıxırıq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir!”.

***

Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda üç minə yaxın şəhid vermişik. Onların sırasında peşəkar hərbçilərlə yanaşı müxtəlif sahələrdə çalışan, o cümlədən vaxtilə mədəniyyət sektorunda fəaliyyət göstərmiş insanlar da var.

Döyüşlərdə iştirak etmiş qəhrəman mədəniyyət işçilərindən 7 nəfər – Füzuli rayon 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimi Toğrul Rüfət oğlu Hacıyev, Qobustan şəhər Rəşid Behbudov adına Uşaq incəsənət məktəbinin müəllimi Rauf İlyas oğlu Əliyev, Gəncə şəhər Nizami məqbərəsinin bələdçisi Hikmət Lətif oğlu Məmmədov, Göyçay şəhər Uşaq musiqi məktəbinin müəllimi Alim Səhrab oğlu İbrahimov, Cəbrayıl rayon Mahmudlu kənd Uşaq musiqi məktəbinin müəllimi Zamin Vahid oğlu Rəhimov, Lənkəran şəhər Mədəniyyət Mərkəzinin kurs rəhbəri Tural Rövşən oğlu Hümmətov, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının işıq operatoru Əliağa Eldəniz oğlu Məmmədov şəhidlik zirvəsinə ucalıb. Tərtər şəhər Uşaq musiqi məktəbinin müəllimi Mehman Sovet oğlu Əliyev 28 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində şəhid olub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xalqımıza əbədi Zəfər duyğusu yaşadanlar heç vaxt unudulmayacaq.

 

Mədəniyyət.- 2022.- 28 sentyabr.- S.1;2.