Paytaxtımız növbəti kitab bayramına hazırlaşır

 

VIII Beynəlxalq Kitab Sərgisində 16 ölkə təmsil olunacaq

 

Xəbər verdiyimiz kimi, paytaxtımız yenidən beynəlxalq kitab bayramına ev sahibliyi edəcək. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr tarixində VIII Bakı Beynəlxalq Kitab Sərgisi (“Baku International Book Fair – 2022”) keçiriləcək.

Bakı Ekspo Mərkəzində açılacaq sərgidə yerlixarici nəşriyyatlar və mətbəələr, eləcə də kitab mağazaları, universitetlər, mədəniyyət mərkəzləri, muzeylər və s. iştirak edəcək.

Sərginin məqsədi rəqəmsal əsrdə kitabın, mütaliənin təbliği və populyarlaşdırılması, Azərbaycan və xarici nəşriyyatların poliqrafiya məhsulları ilə tanışlıq, nəşriyyat sənayesinə dəstək, potensial əməkdaşlıq üçün nəşriyyatları kitab mağazaları ilə tanış etmək, ölkəmizdə kitab biznesinin inkişafı ilə bağlı təcrübə və fikir mübadiləsi aparmaqdır.

Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçiriləcək sərgidə 16 ölkədən 60-dan çox aidiyyəti qurum, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunacaq. Qeyd edək ki, ötən il sərgiyə 13 ölkədən iştirakçı təşkilatlar qatılmışdısa, bu dəfə ölkə sayı 16-ya çatıb.

Sərgi şirkətlərin çap məhsullarını nümayiş etdirmək və satmaq, habelə yerlixarici nəşriyyatlar, müəlliflər, eləcə də milli nəşriyyat və poliqrafiya şirkətləri ilə əlaqələr qurmaq və müqavilələr imzalamaq üçün unikal fürsətdir.

Kitab bayramında Azərbaycanın tanınmış yazıçı və şairləri, gənc yazarlar, eləcə də  xarici müəlliflər, sənətçilər iştirak edəcəklər. Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun subyektləri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbirin təşkili nəzərdə tutulur.

Xalq şairi Ramiz Rövşən və tanınmış şair Aqşin Yenisey VIII Bakı Beynəlxalq Kitab Sərgisinin “fəxri yazarlar”ı olacaqlar. Hər iki müəllifin iştirakı ilə müxtəlif formatda tədbirlər keçiriləcək.

Builki sərginin “fəxri qonaq ölkə”si isə Türkiyədir.

Sərgi ziyarətçilərinin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Saat 10:00-dan 20:00-dək açıq olacaq sərgiyə giriş ödənişsizdir.

Sərginin https://bakubookfair.az rəsmi saytında qeydiyyatdan keçib dəvətnamə əldə etmək olar. Dəvətnamə tədbirin bütün günlərində pulsuz ziyarət, qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq, tədbirlə bağlı məlumatlar paketini əldə etmək, sərgi çərçivəsində işgüzar proqramda iştirak etmək imkanı verir. Seminar, konfrans və təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur.

 

Lalə

 

Mədəniyyət.- 2022.- 30 sentyabr.- S.1;2.