Pandemiyadan çıxan teatrlar
2022-ci ilin yaradıcılıq planlarında nələr var?
2022-ci ilin ilk ayını
başa vurmaq üzrəyik. Ötən ili yarımçıq
plan-proqramlar, pandemiya məhdudiyyətləri çərçivəsində
premyera və cari repertuardan tamaşaların bərpası
ilə yola salan (bəlkə də yola verən)
teatrlarımızın bu
il üzrə tamaşaçılar üçün
vədləri hamımız
üçün maraqlıdır.
Çünki həm uzun fasilədən sonra tamaşaçının teatrdan
uzaq düşəcəyi
ilə bağlı
pessimist proqnozlar özünü
doğrultmadı, həm
də tamaşaçının
teatrdan gözləntiləri
çoxaldı. Paradoksal
görünsə də,
pandemiya tamaşaçı
ilə teatr arasındakı nisbətən
aşınmış əlaqəni
bərpa etdi, bir az da irəli getsək,
möhkəmləndirdi deyə
bilərik. Tamaşaçı
“Azərbaycan insanı
teatral deyil” deyənlərə rəğmən
teatrın ona lazım olduğunu teatra getməsi ilə təsdiqlədi...
Hal belədirsə, demək, teatrların üzərinə
düşən vəzifə
də aydındır:
canlı, maraqlı və rəngarəng repertuar təqdim etmək. Yaxşı, görəsən, daim pusquda və enerjidə olan “Pələng ili”nin
teatrları da o ovqatda olacaq? Bu sual ilə
bütün teatrlara müraciət etsək də, yalnız bir qismindən cavab aldıq. Susqunluğu qoruyanların
“qızıl prinsipi”nə
əməl etdiyini, yoxsa “sürpriz”lər hazırladığını söyləyə
bilməsək də,
“Kor nə istər, iki göz ...” deyib keçirik rüblər üzrə plan-proqramlarını
bizə ünvanlayanlara.
Başlayaq ilin ilk ayını premyera ilə başa vuracaq Akademik Opera və Balet Teatrından. Hazırda
müəyyən hissələri təmir-bərpa edilən teatr binasında ikipərdəli “Bir Xəzər əfsanəsi”
baletinin son məşqləri
gedir. Lalə Cəfərovanın müəllif
(musiqi və libretto) işi yanvarın 30-da nümayiş (quruluşçu
baletmeyster – Xalq artisti Kamilla Hüseynova) olunacaq.
Teatrın repertuarındakı ən
baxımlı nümunələrdən
olan “Toska” operası (Cakomo Puççini) da yeni quruluşda hazırlanır və martda operasevərlərlə
görüşəcək.
May ayında isə
Opera və Balet Teatrı növbəti nümunənin premyerasını
edəcək. Adolf Adanın
“Korsar” baleti bu dəfə (ikipərdəli) Əməkdar
artist Samir Səmədovun
quruluşunda hazırlanır.
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Maqsud İbrahimbəyovun “Qara paltarlı qadın gəlirdi” romanı əsasında səhnələşdirilən tamaşa tamamlanmaq üzrədir. Xalq artisti Aleksandr
Şarovskinin quruluş
verdiyi tamaşanın
premyerası mart ayına
nəzərdə tutulub.
Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrında
isə Əməkdar
artist Nicat Kazımovun
quruluşunda A.P.Çexovun “Qağayı”sının
son məşqləri gedir
və səhnə işi yaxın günlərdə təqdim
olunacaq.
Dövlət Yuğ Teatrına
gəlincə, bu il Günay Səttarın
quruluşunda C.Məmmədquluzadənin
“Çay dəsgahı”,
Gümrah Ömərin
quruluşunda
M.F.Axundzadənin “Mürafiə
vəkillərinin hekayəti”,
Əməkdar incəsənət
xadimi Mehriban Ələkbərzadənin rejissor
yozumunda J.P.Sartrın
“Dəfn edilməmiş
ölülər” və
Mikayıl Mikayılovun
quruluşunda İ.Vırıpayevin
“İllüziya”sını izləmək imkanımız
olacaq.
Şuşa Dövlət Musiqili Dram Teatrı isə tamaşaçılarını yanvarın 29-da premyeraya dəvət edir. H.Cavidin “Ana” əsəri
əsasında səhnələşdirilən
eyniadlı tamaşanın
quruluşçu rejissoru
Əməkdar artist Loğman
Kərimovdur. Ümumən
isə il
ərzində daha üç əsərin səhnələşdirilməsi nəzərdə tutulub.
Abdulla Şaiq adına
Azərbaycan Dövlət
Kukla Teatrının da bu il
üçün repertuar
planı rəngarəngdir.
Rüblər üzrə dörd
yeni tamaşanın hazırlanması nəzərdə
tutulur. Bunlar H.X.Andersenin “Düyməcik”
(quruluşçu rejissor
– Qurban Məsimov) və “Qar kraliçası” (quruluş – Anar Məmmədov), Azərbaycan
xalq nağılı
“Məlikməmməd” (Qurban
Məsimov) və alman xalq nağılı
“Üç donuz balası” (rejissor – Səidə Haqverdiyeva) əsərləridir.
Sumqayıt Dövlət Dram Teatrı
da yeni təqvim
ilinə yeni planlarla başlayıb. Nizami Gəncəvinin
880 illiyi çərçivəsində
Mədəniyyət Nazirliyinin
sifarişi ilə mütəfəkkir şairin
əsərlərinin motivləri
əsasında Hafiz Ataxanlının
yazdığı “Xəzinə”
pyesinin məşqlərinə
başlanılıb. Didaktik nəsihət
tamaşasına teatrın
baş rejissoru, Xalq artisti Firudin
Məhərrəmov quruluş
verir. Səhnə əsərinin fevral
ayında təhvil verilməsi nəzərdə
tutulur.
Əməkdar artist Namis Şirməmmədovun
pandemiyadan öncə
quruluş verdiyi Üzeyir Hacıbəylinin
“O olmasın, bu olsun” komediyasının məşqləri bitmək
üzrədir. R.Ağayevin “Bir gecənin
nağılı” lirik-psixoloji
dramına (rejissor – Gülnar Hacıyeva) da səhnə həyatının verilməsi
gözlənilir.
Çoxsaylı tamaşaçı arzularını
nəzərə alaraq,
teatr vaxtilə repertuarda yer almış səhnə əsərlərindən birini
– H.X.Andersenin “Şahzadənin
ulduzu” uşaq nağılını yenidən
bərpa edib. Tamaşanın rejissoru Əməkdar mədəniyyət işçisi
Vasif Məmmədovdur.
Bədii
tərtibat Nizami Dadaşova, rəqslərin
quruluşu isə Vüsal Mehrəliyevə məxsusdur.
Bölgə teatrlarının da
bir qismi il üzrə
repertuar planlarına uyğun məşqlərə
başlayıblar.
Lənkəran Dövlət Dram Teatrında
dörd yeni tamaşanın hazırlanması
nəzərdə tutulub. Onlardan birinin
– rejissor Elşən Feyzullayevin R.Səfərovun
“Ləğv olunmuş
tapşırıq” povestinin
motivləri əsasında
səhnələşdirdiyi “Kod adı – Vətən” tamaşasının
məşqlərinə start verilib. Tamaşa Qarabağ uğrunda
gedən döyüşlərdə
vuruşan lənkəranlıların
igidliyini vəsf edir. Tamaşanın mart ayında təqdim
olunması nəzərdə
tutulub.
Teatrın repertuar planına əsasən, həmçinin
İlqar Fəhminin “Şahnamə” (quruluşçu
rejissor – Tərlan Abdullayev), Məmmədhüseyn
Əliyevin “Prokuror” (quruluş – Oruc Qurbanov), Tərlan Abdullayevin “Cırtdan və yarasa qız” (Tərlan Abdullayev) əsərlərinin
də səhnələşdirilməsi
gözlənilir.
Qax Dövlət
Kukla Teatrının da repertuar planı
maraqlıdır. Buraya R.Əlizadənin “Tülkünün
uçuşu” (rejissor
– Araz Mehrabov), H.X.Andersenin “Çirkin ördək balası” (Yusif Abdurahmanov), O.Proyslerin “Balaca cadugər” (Araz Mehrabov) və Ü.Hacıbəylinin “O olmasın,
bu olsun” (Yusif Abdurahmanov) əsərləri
daxildir.
Gəncə Dövlət Kukla
Teatrı 2022-ci ilin repertuar planında R.Rzanın “Ana qaz” (rejissor – Şamil Məmmədli), Xalq əfsanəsi əsasında
“Qız qalası” (Fərmail Paşayev), R.Kiplinqin “Mauqli” (Fərmail Paşayev) və Orta Asiya nağıllarından
“Güllü və Güloğlan” (quruluş
– Şamil Məmmədli)
kimi nümunələr
yer alır.
Qazax Dövlət Dram Teatrı yaradıcılıq planlarını daha çox müasir nümunələr üzərində qurub. N.Vəzirovun “Dələduz”u (quruluşçu rejissor – Musa Eyyubov) ilə yanaşı Ə.Orucoğlunun “Qulluqçu axtarıram” (quruluş – Allahverdi Musayev), A.Məmmədovun “Yadındamı?” (Musa Eyyubov) və J.İsmayılın “Min bir gecəlik kitabxana” (Allahverdi Musayev) əsərləri özünün yeni quruluş həllini tapacaq.
Qusar Dövlət Ləzgi Dram Teatrına gəlincə, hazırda sənət ocağında birinci rüb üçün hazırlanan “Tıq-tıq xanım” (müəllif – Kəmalə Ağayeva) tamaşasının son məşqləri gedir.
Salyan Dövlət Kukla Teatrında isə A.Şaiqin “İntiqamçı xoruz” (rejissor – Təzahür Mehdiyev), R.Kiplinqin “Mauqli” (Rafiq Mirzə) və X.Əlibəylinin “Dovşanın ad günü” (Laləzər Hüseynova) tamaşaları hazırlanacaq.
Onu da qeyd edək ki, teatrların böyük əksəriyyətinin təmsilçiləri plandankənar tamaşalar hazırlayacaqlarını da bildirdilər.
Həmidə Nizamiqızı
Mədəniyyət.- 2022.- 26 yanvar.- S.5.